Şəkidə polisdən şikayət var

Şəkidə polisdən şikayət var

18-10-2024 18:16 / Bu xəbər 639 dəfə oxundu

Yaxınları Şəki rayonunda Məzahir Cəlilov adlı şəxsin polis şöbəsində təzyiqə məruz qaldığını və səbəbsiz həbs olunduğunu deyirlər.

M.Cəlilovun yaxınları "Azadlıq" radiosuna bildiriblər ki, o, oktyabrın 8-də saxlanıb: "Şəkinin Kiçik Dəhnə kəndində yol getdiyi yerdə saxlayıblar, gətiriblər şöbəyə. Guya şöbədə bərk səslə danışıb deyə, ona 15 sutka həbs veriblər. Şəki polis şöbəsində saxlanılır. Hazırda da yanına getməyə imkan vermirlər. İki dəfə Məzahirlə telefon danışığı olub. Birində ağlayıb deyib ki, məni döyürlər, bu gün, oktyabrın 18-də də danışmışıq, yenə şikayətləndi...".

Yaxınlarının sözlərinə görə, M.Cəlilov günahsız olduğunu vurğulayır: "Onu döyürlərsə, niyə döyürlər? Yüksək səslə danışdığına görə polis şöbəsində döymək olar? İki körpə balası, gözü görməyən anası var. Özü də kirayə qalır. Onun günahı nədir? Yanına vəkili də buraxmırlar, guya vəkildən imtina edib. Elə bir adam olarmı vəkillə danışmaq istəməsin?".

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan "Turan"ın sorğusuna cavab olaraq bildirilib ki, M.Cəlilov hüquqazidd hərəkətlərə yol verdiyindən barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.

Məhkəmənin də qərarı ilə o, 15 sutka inzibati qaydada həbs edilib: "M.Cəlilova qarşı fiziki güc tətbiq edilməsi və hüquqlarının müdafiəsi üçün vəkillə təmin olunmasına əngəl yaradılması barədə iddialar əsassızdır, şəxsi mülahizələrdir".

Bütün bu deyilənlərlə bağlı Şəki Rayon Məhkəməsi ilə danışmaq mümkün olmayıb.