Səməd Seyidov: "Azərbaycan nümayəndə heyəti AŞPA-ya müraciət etməyib"

Səməd Seyidov:

28-01-2025 16:18 / Bu xəbər 188 dəfə oxundu

"AŞPA qəbul edilmiş qeyri-obyektiv sənədlərlə bağlı mövqeyini dəyişməli, etiraf bəyanatı yaymalıdır"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün Strasburqda açılan qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səs hüququnun bərpa olunması məsələsinə baxılmayacaq. 

Bu, Azərbaycan parlamenti nümayəndə heyətinin səlahiyyətlərinin bərpa olunması üçün AŞPA-ya müraciət etmədikdən sonra məlum olub.

Azərbaycan ötən ilin yanvar ayında AŞPA-da səs hüququndan məhrum edilib.

Azərbaycanın Avropa Şurasında səs hüququndan məhrum edilməsinin təşəbbüskarı, almaniyalı deputat Frank Şvabe "X" sosial şəbəkəsində belə yazıb.

"Azərbaycan Avropa Şurasının dəyərlərinə və qaydalarına prinsipial hörmətsizlik nümayiş etdirdiyinə görə Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinə malik ola bilməyəcəyini etiraf edir və Strasburqa akkreditasiya üçün nümayəndə heyəti göndərmir", - deyə o bildirib. 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov məlumatı "Arqument.az"a təsdiqləyib. 

Səməd Seyidov

O deyib ki, Azərbaycan nümayəndə heyəti səsvermə hüququnun bərpa olunması ilə bağlı AŞPA-ya müraciət etməyib: "Biz konkret olaraq AŞPA-ya müraciət etmədik. Düşünürük ki, AŞPA qəbul edilmiş qeyri-obyektiv sənədlərlə bağlı mövqeyini dəyişməlidir. Onlar konkret olaraq Azərbaycana qarşı yanlış qərarları etiraf edən bəyanat yaymalıdırlar. Bundan sonra biz onlarla konstruktiv danışıqlara başlaya bilərik. Yoxsa onların kəskin, qeyri-obyektiv, ikili standartlı bəyanatları qalacaqsa, bizim, sadəcə, gedib orada iştirak etməyimiz reallığı əks etdirən bir məsələ deyil". 

Deputat bildirib ki, AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səs hüququnu dayandırması ilə bağlı qərarı qərəzli olub.