Separatçı Dağlıq Qarabağ Respublikası buraxıldı
28-09-2023 11:43 / Bu xəbər 1127 dəfə oxundu
"Separatçı Dağlıq Qarabağ"ın (Artsak) Prezidenti Samvel Şahramanyan respublikanın buraxılması barədə fərman imzalayıb.
Şahramanyan fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
"Mövcud ağır hərbi-siyasi vəziyyətlə əlaqədar olaraq, Rusiya sülhməramlı qüvvələri komandanlığının vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı nəzərə alaraq, Artsax xalqının fiziki təhlükəsizliyinin və həyati maraqlarının təmin edilməsi prioritetinə əsaslanaraq Azərbaycan Respublikasının nümayəndələri ilə şərtlənir ki, Dağlıq Qarabağ sakinlərinin, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçuların əmlakı öz nəqliyyat vasitələri ilə Laçın dəhlizi ilə sərbəst, könüllü və maneəsiz gediş-gəlişi Azərbaycan Respublikasının Qanununun 93-cü maddəsini rəhbər tutmaqla təmin edilir”, - deyə sənəddə bildirilir.
Fərmanda tanınmamış "Dağlıq Qarabağ"ın Konstitusiyasına istinadən qərara alınıb ki, 2024-cü il yanvarın 1-dək hökumətin tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və "Dağlıq Qarabağ (Artsax) Respublikası" öz fəaliyyətini dayandırsın.
Sənəddə həmçinin qeyd olunur ki, "Dağlıq Qarabağ"ın əhalisi, o cümlədən respublikadan kənarda yerləşənlər bu fərman qüvvəyə mindikdən sonra müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycanın təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar.
Separatçı respublika nə vaxt yaranıb?
1991-ci il dekabrın 10-da azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum keçirilib.
Referendumun nəticəsinə görə, 6 yanvar 1992-ci ildə "Dağlıq Qarabağ Respublikası" rəsmən elan olunub. Lakin Ermənistan da daxil olmaqla, heç bir ölkə və ya beynəlxalq qurum rejimin müstəqilliyini tanımayıb.
Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilər BMT-də daxil olmaqla, bütün dünya dövlətləri tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınıb.
Qarabağda son hərbi əməliyyatlar
Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.
Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.
Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu "Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.
II Qarabağ münaqişənin qısa xronikası
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.
Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.
Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edir.