Şərqin "məsləhət" problemi

Şərqin

07-08-2024 16:24 / Bu xəbər 1532 dəfə oxundu

 
İlham Əziz 
Yazıçı

Xeyli vaxt idi "məsləhət” sözü haqqında düşünürdüm. Hətta düşünməklə yetinməyib araşdırmağa başladım. 

Məsləhət sözü ərəb sözüdür, "islahat" sözü ilə qohum sayılır. Mənası birinə "fayda vermək" deməkdir. 

Bizim də islahat eləməyə canımız çıxır, elə yapışmışıq məsləhətdən.

Açığı, bizi zəlil edən anlayışlardan biri də "məsləhət" terminidir. Bir iş görəndə başqalarından aldığımız fikirdi, rəydi məsləhət. Sağ olsun atalarımız da bu haqda xeyli zərb-məsəl guppuldadıblar:"Məsləhətli don gen olar” filan...

Öz işimdən bilirəm ki, paltar gen oldusa, deməli, düzgün biçilməyib, yəni "məsləhətli don" deyil. Alıcı da ya bunu düzəltdirməlidir, ya da qaytarıb təpənə çırpmalıdır. Belə məsəllər çoxdur, üyüdüb-töküblər. 

Məncə, elmin, texnologiyanın bu səviyyəsində 10 əsr bundan qabaq yaşayan adamların fikrini özünə meyar götürmək, yüngül desək, axmaqlıqdır. Adamlar sadə şeyləri düzəldə bilməyiblər, bir-birinə mızraq atıblar, mağarada antisanitariya içində uzağı 40-50 il yaşayıblar, amma özlərində cürət tapıb insan-dünya münasibətlərinə dair kəskin hökmlər veriblər. Nə isə ucun alıb, ucuzluğa getməyək, baxaq görək bu bizə niyə lazımdı? Məsləhət haralarda dəbdir? 

İkincidən başlayaq. Adında "məsləhət” sözü olan dövlət orqanları əsasən üçüncü sinif dövlətlərdədir. Hətta yekə-yekə "Məsləhət Şuralar”ı var. İnanmıram ki, o məsləhət orqanı kiməsə faydalı bir məsləhət versin. 

Adamlar mübarizə aparıb hakimiyyətə gəlir, dövlət qurur, qanunlar qəbul və icra edir. Kimsə də durub onlara məsləhət verir ki, yox e, bunu belə eləməlisən. Yəni  məsləhət verənlər çox ağıllı olsaydılar, elə özləri edərdilər də bütün bunları. Düzdür, bəzən adını dəyişib "Ağsaqqalar Şurası” da qoyurlar. Vallah, bu da elə onun tayıdır. 

Ömrünün son akkordlarını yaşayan adamlardan nə maraqlı fikir alacaqsan, yenilik gözləyərsən? Adamlar dünya ilə hesab-kitab edib, əbədi yolçuluğa hazırlaşırlar. Amma "məsləhət" verməkdən də əl çəkmirlər.

Yeri gəlmişkən, qocalıq çətin şeydir. Bəzən adam o qədər qocalır ki, nəvəsinin yeməyin oğurlayır, onunla rəqabətə girişir. İndi duraq bu adamdan məsləhət alaq? 

Bu yerdə Şərif Ağayarın " Estafet” hekayəsi yadıma düşdü. Şedevr hekayədi, tapıb oxuyun. 

Mövzudan iraq düşməyək. O tip "şuralar”, " məsləhət” orqanları, sovetdənqalma, arxaik, mənasız iş yerləridir. Qocanı işə düzəltməzlər, ona şərait yaradarlar, tibbi-sosial məsələlərini həll edərlər. Bizim qocalar da ölənə kimi şan-şöhrət hayındadırlar deyə uça-uça o şuralara üzv olurlar...

Bu şura və məsləhət qrupları bəzən ölkənin çətin dövründə, müxtəlif ağır qərarların verilməsinə imza atır. Onu da özü etmir, çünki o qruplar bu qərarı vermək gücündə və ağlında deyil. Sadəcə, siyasi iradə diktə edir, bunlar da qol qoyur. Niyə? Çünki bu qrupların məsuliyyəti yoxdur, hətta böyük fəlakətə səbəb olacaq qərarlarda da yardımçı olsalar, cəza gözləmirlər. Kimə cəza verəcəksən? Adı üstündədir də: "Məsləhət” verib.

İndi gəlin görək, bizə məsləhət niyə lazımdır? Axı təkcə dövlət orqanlarında deyil bu haqq-hesab. Gündəlik həyatımıza da yayılıb. Hər şeyi məsləhətləşirik. Ev alanda, maşın alanda, evlənəndə, restoranda yemək seçəndə, paltar alanda və sair, və ilaxır. Bu qədər məsləhət alan adamlarıq, gördüyümüz işlərin də çoxu səhv. Bəs onda bu məsləhət nəyə lazımdı? Təlabat hardandır bu "məsləhət" andıra?

Məsləhət almaq birmənalı savadsızlıq, qərarsızlıq, zəiflik əlamətidir. Sən işi bilən, öz işinin-gücünün ustasına nə məsləhət verəcəksən? Düzdür, bəzən buna həvəslənən sarsaqlar da olur, o da başqa bəladır, sağalmaz xəstəlikdir.  Elə təsəvvür elə ki, Orxan Pamuka roman yazmaq barədə, Zukerberqə də "Feysbuk"la bağlı məsləhət verirsən. Görün necə əcaib durumdur. Amma biz buna da qadir adamlarıq...

Məsləhət almaqla fərdi inkişaf bir-birinin düşmənidir. İnsan bir şeyi əziyyət çəkib öyrənməyəndə tez qaçır məsləhət almağa. Qardaş, oxu öyrən də.
 
Kitab düşməni cəmiyyətlərdə məsləhət almaq hava-su kimi vacib olur. Özünü əziyyətə salmır, oxumur, öyrənmir, məsləhət alır. Sabah da işin sonunda hər şey fəlakətə dönəndə, əlində bəhanə olur: "Məsləhətləşdim, belə oldu".

Canına azar oldu. Axı evlənməyin nəyin məsləhət edirsən? Kimlə yaşayacağını, kimi sevəcəyini niyə kimsə sənə məsləhət etməlidir? Maşının rəngini niyə soruşub məsləhətləşirsən? Xoşun hansı rəngdın gəlir, al sür də...

Əslində, bunun səbəbləri də az-çox məlumdur e. Şərqin siyasi quruluşları, dini, adəti səni fərd olmağa qoymayıb, "sənin belə şeylərdən başın çıxmaz", - deyə kənar saxlayıb hər şeydən.

Onu da deyim ki, bu həm də ciddi bir sosioloji problemdir. Qələt edib bir səhv edə bilmirsən, düşürlər üstünə ki, bir məsləhət edəydin də... 

Amma Avropaya baxın, görün əlinizdəki telefonun, mindiyiniz avtomobillərin, uçduğunuz təyyarələrin, saymaqla bitməyən mal və xidmətlərin yaradıcıları bu işi görəndə kimsənsə məsləhət alırlar?
Yox!

Demək, bu "məsləhət kişi" bizi həm də texnoloji inkişafdan geri salıb... 

Sən gedib bir Avropa vətəndaşına deyə bilərsən ki, bala, gəl sənə məsləhət verim, get Conun qızını al, başıaşağı qızdır, varlı-hallı nəsildəndir. Və yaxud da filan paltarı geyin, mən belə məsləhət bilirəm. Filan maşını sür, əmin gör sənə nə deyir...

Allaha and olsun, şikayət edib səni Avropanın ən hörmətli dəlixanasına saldırarlar. 

Fərqimiz bu qədər açıq-aydındır.

Çox deyindim, durum məsləhətləşim görüm bu yazını hansı sayta verə bilərəm…