"Şərurlu İsfəndiyar" aprel şəhidinin evini əlindən alıb
29-03-2019 17:24 / Bu xəbər 1859 dəfə oxundu
Aprel şəhidi Sənan Axundovun ailəsinə məxsus ev əlindən alınıb.
Bu barədə jurnalist Aida Eyvazlı sosial şəbəkədə məlumat yayıb.
O bildirib ki, ötən gün Ali Məhkəməyə Kassasiya şikayəti verən, aprel şəhidimiz polkovnik-leytenant Sənan Axundovun ailəsinə qarşı qanunsuz qərar çıxarılıb: "Qanunsuz qərarın çıxarılmasına isə "Şərurlu İsfəndiyar" sifariş verib. Sənan Axundov sağ olanda öz hüququnu qoruyub və məhkəmələrin birində qanuni qərar çıxarılıb ki, binadakı 50 kvadratmetirlik yerin sahibi onun özüdür. Şərurlu İsfəndiyar isə dayanmayıb. Sənan şəhid olandan sonra ailəni məhkəməyə verib və məhkəmə prosesini qazanıb".
Aida Eyvazlının sözlərinə görə, Əsəd Mirzəliyevin sədrliyi ilə məhkəmə prosesinin yeni tərkibli hakimləri belə qərar çıxarıblar ki, iddiaçı ailənin əlindəki sənədlər saxta sayılsın: "Hətta prosesdə iddiaçının vəkili Ramiq Axundov adlı şəxs bu işə şəhidin və şəhidliyin heç bir aidyyatı olmadığını iddi edib. Görəsən, gözlərini var-dövlət, pul, hərislik örtmüş bu şəxslər nəyə görə şəhidlik zirvəsinə ucalanların əzəmətini ya görmür, ya da görmək istəmirlər. Bu harınların sərvətin kor etdiyi gözlərini açıb onların şəhid ruhu qarşısında olan borclarını əməlli başlı başa salmaq lazımdır..."
"Məhkəmənin "saxta” hesab etdiyi eyni sənədlərlə həmin binada öz haqqını tələb edib, mənzilinə sahib olanlar da yaşayır. Həm də ki, bina sakinlərinin hamısı əlində olan bu sənədləri, Şərurlu İsfəndiyarın şirkətinin verdiyi sənədlərlə əvəzləyiblər. Şəhid Sənan Axundovun ailəsi bir neçə dəfə binadakı özlərinə aid olan yerdə təmir-bərpa işləri aparıblar. İsfəndiyarın adamları isə bu otaqları vurub -uçurublar. Hətta əri şəhid olan qadının düşdüyü hal da onları pis niyyətlərindən, bəd əməllərindən çəkindirməyib. Bu günə qədər aparılan müxtəlif məhkəmə çəkişmələrinin sonunda, Ali Məhkəmə yenidən "Şərurlu İsfəndiyar"ın xeyrinə qərar çıxararaq, şəhid ailəsinin adına olan 50 kvadratmetrlik yeri əllərindən alıb”, - o bildirib.
A.Eyvazlı həmçinin Ali Məhkəmə sədri Ramiz Rzayevə də müraciət edib: "Cənab Ali Məhkəmə sədri Ramiz Rzayev, axı, siz o şəhidin xanımını dinləmişdiniz, bilirdiniz ki, 50 kvadratmetrlik sahə bütün qanun-qaydayla şəhid ailəsinindir. Budurmu, sizin ədalətiniz?”.