Sevgidən hicrana açılan pəncərə...
09-04-2024 14:46 / Bu xəbər 1262 dəfə oxundu
Nigar Qardələn
Günlərdir ki, düşüncələrin ağuşunda hisslərim mənimlə bir qayadan digərinə çırpılan dalğalar kimi rəftar edirdi.
Özünü anlamaqdan aciz qalmış varlığım ibadət yeri, tanrı arayışına çıxmışdı.
O, məbədini bilinməzliyin yoxluğunda tapmışdı və eşq oduyla yandırdığı ocağın ətrafında dolanıb sevgiyə "rəbbim" deyə səcdə etməyə başlamışdı...
Mən bərzəxdəydim. Bu günlərdə tam bir ruhani aləmdə düşüncələrimlə çarpşırdım. Bədənim real dünyada idi, amma ruhum başqa diyarlarda; nə oyanlıq ola bilirdim, nə bu yanlıq...
Aldığım nəfəs belə mənimlə oyun oynar kimiydi. Nəfəs çəkməkdə belə tərəddüd edirdin; çəkməsəm, sanki bir anda amansızca ruhumu qəsb edəcək, alsam, edam kəndirinə çevrilib boğazımda düyünlənər, aram-aram boğacaqdı məni...
Vahiməli bir sükunət içində addımlayırdım. Özümə doğru adımladıqca düşünür, varlığımı sevdiyimin xəyallarında tapırdım. Sevgilim mənə doğru addımlaya, gələ bilmirdi.
O, ülviliyi göylərdə, mən isə onun gözlərində tapmışdım. O, günəşə, aya, başqa canlara mədhiyyələr düzəndə mən onun zərif əllərinə, ahəng dolu səsinə, uzandıqca-uzanan mənalı baxışlarına roman yazırdım. Bax beləcə mən ona toxunmadan o mənə aid olmuşdu...
Bu, dodaqların toxunuşu deyildi, iki qəlbin nəğməsiydi. Nəfəs-nəfəsə qarışdıqca qulağa gələn musiqiydi, günəşin doğuş səbəbi, bir-birinə qarışmış iki qəlbin ritmi, ahəngiydi bu. Məndən mənə nə qalmışdı o gündən bəri, bilmirəm...
Xəyallarım, arzularım, məndə yatan, amma mənə aid olmayan ruhum bu sükunətin içərində vurnuxurdu. Mənim kimi görünən, amma onun kimi qoxuyan bədənim, ağlım və qəlbim arasında var-gəl edən düşüncələrim, oyaq ikən belə gördüyüm röyalarım o gündən bəri dodaqlarım kimi ona möhürlənmişdi...
Bu ilk toxunuş, bu son baxış idi. Mən ilk və son, keçmiş və gələcək, onlu və onsuz dünya arasında ilişib qalmışdım. Mən qəlbimin hər çırpınışında ona addımlayırdım, amma o bacarmırdı...
Onun qismətində işıq olmaq vardı. O, rəbbimin bir parçası idi. Ona baxanda onu deyil, Yaradanı görürdüm. O, ayna idi, mən onda yalnız əksimi deyil, Allahın camalını görürdüm.
O, məndən ayrılan gün nura açılan pəncərəmin param-parça olduğunu gördüm. Başqa əllər sındırmışdı eşq pəncərəmi, qəlb evimi...
İndi mənə nə qalır?
Simurq olmaq, od-alovumdan cana gəlmək, qırılmış aynayı tək nəfəsdə kül edib, o küldən yenidən doğmaq, doğulmaq...