Silah öldürür, incəsənət yaşadır...
24-04-2024 00:33 / Bu xəbər 1695 dəfə oxundu
Səməd Şıxı
İncəsənət insanların fikirlərini çatdıra bilməsi üçün bir vasitə olub həmişə. İstər teatrın yaranışı, istərsə şairlərin şeirlərindəki söz oyunları, bəstəkarların nəğmələri, rəssamların rənglərlə nəyisə izah etmələri səbəbsiz deyil. Gördüklərini, hiss etdiklərini həmin şəxslər sadəcə fərqli formada ifadə etmək istəyib, hadisəni ölümsüzləşdirəcək bir üsul seçiblər. Bu əsərlər həmçinin bir tarixi faktdır.
Yarandığı dövrün aynası olmaqla yanaşı, insanların düşüncəsini, fikirlərini göstərən, onları təsvir edən sübutdur. Oxuyaraq, izləyərək, dinləyərək səyahət edə bilərsiniz. Zaman keçdikcə, texnologiya inkişaf etdikcə yaradıcılıq anlayışı da genişlənməyə başladı, amma mahiyyət dəyişmədi.
Yaradıcı şəxs yalnız öz təxəyyülünü əks etdirmir, bununla bərabər fikrini başqa insanlara yeridir. İncəsənət həmçinin təbliğat alətidir. Təsvir etdiyin dünya ilə yanaşı, görmək istədiyin bir dünyanı da izah etmiş olursan. Buna görə tarix boyu hökmdarlar və ya güclü şəxslər həmin yaradıcı şəxslərə qarşı olmağı seçmək yerinə, onları öz tərəflərinə çəkməyə çalışıb. Şairin onun haqqında yazacağı bir şeir onun oxucusu üçün bir mövqe olacaq və ya gələcəkdə bu şeiri oxuyan şəxs hökmdar haqqında mənfi düşüncədə olacaq.
"Bəs incəsənətdən istifadə edərək nələrəsə təsir edə bilərik? Sülhyönümlü incəsənət işlərinin artması ilə nəsə əldə etmək olar?" – suallarına cavab axtaraq.
"Sənətçi müharibəyə qarşı olmalıdır” deyə yaradılmış mif əslində bunu etməyə şərait yaradır.
Müharibəni romantikləşdirən, gözəlləşdirən müəlliflər olsa da, bunun qarşısında daha güclü olan "müharibəyə qarşı olan cəbhə”dir. Müharibə propaqandası əsərlər dövlətin gücünü, müharibədə etdiyi qəhrəmanlığı göstərmək üçün hazırlanır, amma onlar bunu edərkən özünümüdafiə məqsədli əməl kimi göstərirlər, yəni müharibə pisdir, amma biz özümüzü müdafiə etmişik kimi. Burada isə sual doğur, "özünümüdafiəni necə dəyərləndirəcəyik?”
Müharibədən sonra dövlət qurumlarından, hətta cəmiyyətdən "Hanı bizim zəfər ədəbiyyatımız, kinomuz? söhblətləri eşitməyə başladıq. Hətta belə bir məqalə də mövcuddur, bu məqalə mənə maraqlı olan bir çox sualı özündə cəmləyir, suallarımı cavablandırırdı. Yazı çox aqressiv bir tonda film istehsalçılarını və müəllifləri qınayır, onları zəfərə töhvə verməməkdə günahlandırır.
Mediaların zəfərə verdiyi töhvəsindən danışaraq ədəbiyyatda, kinoda qələbəmizdən, zəfərdən, şəhid və qazilərin şücaətindən geniş bəhs edilmədiyindən narazılıqlarını dilə gətirir: "44 günlük misli görünməmiş müharibənin topunun, gülləsinin, mərmisinin, tankının, təyyarəsinin, Bayrakdarının səsi tanınmış bir bəstəkarımızın simfoniyasında, yaxud oratoriyasındamı pianonun, skripkanın, kontrabasın, fleytanın, qaboyun səsinə çevrilib Filarmoniyanın, Opera və Balet Teatrının səhnəsini lərzəyə gətiribmi? Rəssamlarımız kətanlarını kiçik müharibə meydanına çevirə biliblərmi, heykəltəraşlarımız qələbənin ehtişamını, gücünü mərmərin, qranitin gücü ilə birləşdirə biliblərmi?”.
Hazırlanmış yaradıcılıq nümunələrində yalnız öz etdiklərini bəzəmək deyil, qarşı tərəfi aciz və təhqiramiz formada göstərilməsi də önəmli bir məqamdır. Bəzən onların xəyanətkar olmasını, bəzən yalançılığını vurğulayaraq özünümüdafiəni haqlı çıxarmağa çalışırlar.
Misalçün, yeniyetmələr üçün hazırlanmış ədəbiyyatı nümunələrindən biri olan Mürşüd İsmayılzadənin "Zəfəri yaşayanlar və yaşadanlar” kitabında "Yalançı çoban” adlı bir hekayə mövcuddur. Bu hekayədə azərbaycanlı əsgərlərin tapdığı bir erməni çobandan bəhs edilir. Çoban mal-qarasını itirdiyini və onları axtardığını deyir. Üstündən çıxan vərəqdə ermənicə 5 inək, 12 qoyun yazısından başqa heç nə çıxmadıdığı üçün azərbaycanlı hərbiçilər ona inanaraq, buraxmaq istəyərkən komandir başa düşür ki, o əslində tələ qurub, bu yazı da bir şifrədir və nəticədə yalançı çobanın tələsini ifşa edib, onun əsl üzünü göstərirlər.
Hekayədə və digər nümunələrdə bu formada ermənilərin necə yalançı olduğu və hiyləgər əməllərlə məşğul olduğu göstərilir, azərbaycanlılar onlara qarşı humanist olmağa çalışsa da, ermənilər bunu fürsət bilib, istifadə ediblər.
Dövlətin müdaxiləsi olduqca, mədəniyyətdə iştirakı davam etdikcə bu kimi əsərlər davam edəcək, nifrət nitqi bitməyəcək. Buna görə əgər sülhyönümlü işlərin olmasını istəyiriksə, birinci dövlətin mədəniyyətə müdaxiləsinin qarşısını almalıyıq. Fərqi yoxdur hakimiyyətdəki şəxsin və partiyanın düşüncəsi, ideologiyası. İstənilən halda öz məqsədini və görmək istədiyini dəstəkləyəcəklər. Bu səbəbdən əgər yaradıcı şəxslər əsərlərinin dövlət propaqandası aləti olmasını istəmirlərsə, buna qarşı olmalıdılar.
Əsərlərinin bu gün üçün deyil, gələcək üçün olduğunu da nəzərə almalıdılar. Yaşadığı cəmiyyətin formalaşmasında, mədəniyyətinin yaranmasında nifrət nitqi yerinə, müharibənin fəlakətli üzünü göstərməyə, bunun da tərkibində müharibə əvəzinə sülhlə iş görməyə yönəltməyə çalışmalıdır. Müharibə edərək sülh əldə edilə bilinməyəcəyi göstərilməlidir. Ən azı bu göstərilməlidir ki, cəmiyyət seçimini özü etsin.
Dünyaya gözünü açan bir şəxsin məktəbdə aldığı dövlətin militarist propaqandasının, medialardakı nifrət nitqinin, oxuduğu dərsliklərdəki Qanlı Bənövşənin yanında bir dənə də sülhdən danışan əsər olsun. Yoxsa o necə tanış olacaq sülhlə. Müharibəsiz də sülhün ola biləcəyindən necə xəbərdar olacaq. Əgər bu kimi işlər hazırlanmazsa, o sadəcə dövlətin ona təqdim etdiyi sülhlə kifayətlənəcək və bunu doğru biləcək. Bir müddət sonra isə artıq ona əksini desən də, stereotipini qırmağı çətin olacaq.
Təəssüf ki, cəmiyyət bu kimi əsərlərlə çox tanış deyil, çox az sayda filmlər, kitablar mövcuddur, bunların da bir qismi təziqlərə məruz qalaraq yığışdırılıb, ya sadəcə müəyyən auditoriyanın əlçatan hissəsinə çevrilib, amma sənət hər kəs üçündür və bu əsərlərin sayını artıraraq cəmiyyətin fikrini sülhə hazırlamaq mümkündür.
Birgə işlərin olması, əməkdaşlıqların edilməsi ilə bu proses daha sürətli aparıla bilər. Fərdi olaraq görülə biləcək işlər daha çoxdur, amma bunun qarşısında isə sənətçi mübarizəsinə ehtiyac görülə bilər. Azərbaycan hələ post-qəhrəman dövrünə keçid edə bilmədiyindən bu iştirakçılar yaşayacaqları təziqləri də nəzərə almalıdır. Amma dövlət də bu prosesdə iştirak etmək istəyirsə, müdaxilə etmək əvəzinə, maneə yaratmamalıdır. Əgər maneə olmasa, bir şəxs də olsa, kiçik təşəbbüs göstərərək nə üçünsə, başlanğıc verə bilər. Ən azı görəcəyi işə görə ona qarşı təziqin olmayacağından əmin olar. Əkrəm Əylislinin "Daş yuxular" əsəri məşhur əsərdir, amma onu məşhur edən daha çox gördüyü təziqlər, haqqında aparılan kampaniyalardır.
Müharibə əleyhinə əsərlər incəsənətin həm də azadlığıdır. İncəsənət adamı ona senzura tətbiq edən tərəfdə olmağı deyil, azadlığını sonsuza qədər yaşaya biləcək bir tərəfdə mübarizə aparmalıdır. Ola bilər ki, bu şəxs yenə müharibəni haqlı görsün, amma bunu edərkən də öz hissləri ilə yanaşmalıdır.
Bu gün Hitlerin çəkdirdiyi filmlərin tanınmadığını, göstərilmədiyini başa düşməlidir. İncəsənət dünyəvi olmalıdır deyə yanaşdığı zaman bunu dərk edəcək. Yaradıcı şəxsin xəyalı əsərlərinin daimi yaşamağını istəməkdirsə, hər zaman yaşaya biləcək işlər görməlidir. Dünyanı özü dəyərləndirməlidir. Bu dünya müharibəyə layiq bir yerdirmi, yoxsa sülhün yaraşdığı bir yerdirmi?
Azərbaycan xeyli yol qət etməlidir, amma bunu etməsi üçün iştirakçılıq lazımdır. Əsərlər yaradılmalı, bu əsərləri yaratmağa cəsarətli sənətkarlar yetişdirilməlidir, onları üzə çıxarmalı, əsərləri tanıdılmalıdır. Azərbaycanda yaşayıb, həmçinin yaradıcı işlə məşğul olmaq məncə çox gözəl hissdir. Yaradıcı şəxs üçün özünü göstərməyə, daha geniş əsərlər yaratmağa şərait mövcuddur. Yaradıcı şəxs üçün lazım olan: problem və sualdır. Əgər bu ikisini bir araya gətirə bilirsə, onun işləməyi üçün başqa şeyə ehtiyac yoxdur.
İncəsənət ilə dünyanın yalnız ağ və qaradan ibarət olmadığını göstərə bilərsiniz, fərqli rəngləri qarışdıraraq yeni rənglər yarada bilərsiniz, müxtəlif tonlarını hazırlara bilərsiniz. Bunun üçün bir sərhəd yoxdur. Əsas unutmamalıyıq ki, yaxşı nəticə verən bir müharibə yoxdur, sülhdən isə heç kəs zərər görməyib. Düşünəcəksiniz ki, dövlət müharibə edibsə, hələ də zəfərlə bitiribsə, niyə bunun kampaniyasını aparmasın?
Mən isə düşünürəm ki, müharibəni yaxşı bir şey kimi göstərmək deyil, onun pis tərəfini göstərib, bir daha müharibə olmaması üçün cəmiyyəti buna yetişdirmək lazımdır. Nə müharibə istənilsin, nə müharibə romantikləşdirilsin. Onu sevməsinlər, onu bir nümunə kimi görüb, yeni həyatlarını yeni müharibə olmayacaq kimi formalaşdırsınlar. Bunun üçün ilk növbədə nifrət nitqi aradan qalxmalı, qarşı tərəf artıq düşmən obrazından çıxarılmalıdır. Bu obraz tək incəsənətdə deyil, təhsildə də, mediada da, təəssüf ki, davam edir.
Bunun üçünsə dövlət incəsənətdə və digər sahələrdə zəfər təbliğatını dayandırmalıdır. Qarşı tərəfi alçaltmamalı, onu düşmən kimi göstərməməlidir. Media və təhsil qurumlarında sülhyönümlü proqramlar hazırlamağına şərait yaratmalıdır.
Müharibə haqqında bəhs edərkən isə onun fəlakətli tərəflərini və yenidən bunları yaşamaq istəmiriksə, sülhü bərpa etməli olduğumuzu göstərməliyik. Bunu yalnız cəmiyyəti formalaşdırmaq üçün deyil, qarşı tərəfə də "biz sülhə hazırıq” mesajı vermək üçün etməliyik. Yox, müharibədən bəhs edən filmlərini göstərməkdə israrlıdırsa, iştirakçısı olmaq istəyirsə, bununla yanaşı sülh filmlərinin çəkilməsini də dəstəkləməlidir.
Dövlətin iştirakçılığı bir sahədə varsa, cəmiyyət buna nəzarət etməlidir. Cəmiyyət öz gələcəyi üçün nifrət nitqli əsərlərə birmənalı qarşı durmalıdır, çünki münaqişələr yalnız dövlətlərin bir-birilərinə olan münasibətləri ilə irəliləmir, ya bir sülh bəyanatı ilə bitmir, xalqları hazırlamaq, onlar arasında düşmənçiliyi yox etmək lazımdır. Bunun üçünsə heç bir halda nifrəti artıra və ya yeni nəsilə ötürə biləcək işlər görməməliyik.
Fikrimi tamamlayıb, demək istəyirəm ki, bəlkə dövlət bu əsərlərlə cəmiyyəti öz istədiyi kimi formalaşdırmağa çalışır, amma biz özümüz buna qarşı mübarizə aparmalı, bu günümüz və gələcək nəsillər üçün buna qarşı mövqe qoymalı, həm də sülhyönümlü işlər yaratmalıyıq. Müdaxilə edə bilməsək də, alternativlər yaratmalıyıq. Qarabağ mövzusunda erməni tərəfi ilə birlikdə işlər görməliyik.
Müharibənin nəticəsindən asılı olmayaraq biz bir coğrafiyanın insanı olduğumuzu unutmamalı, hətta istəməsək də birlikdə yaşayacağımızı başa düşməliyik. Münaqişəni bəlkə sülh ilə bitirə bilmədik, amma növbəti nəsillərə təmiz ötürməyə çalışmalıyıq.
Müharibə əleyhinə əsərlər incəsənətin həm də azadlığıdır. İncəsənət adamı ona senzura tətbiq edən tərəfdə olmağı deyil, azadlığını sonsuza qədər yaşaya biləcək bir tərəfdə mübarizə aparmalıdır. Ola bilər ki, bu şəxs yenə müharibəni haqlı görsün, amma bunu edərkən də öz hissləri ilə yanaşmalıdır.
Əsas unutmamalıyıq ki, yaxşı nəticə verən bir müharibə yoxdur, sülhdən isə heç kəs zərər görməyib.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.