Şirvanın ciddi problemləri: narkomaniya, işsizlik, səhiyyə...

Şirvanın ciddi problemləri: narkomaniya, işsizlik, səhiyyə...

16-08-2024 02:07 / Bu xəbər 528 dəfə oxundu

Jurnalist, 51 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizəd Peyman Sadıqov Şirvan şəhərinin və seçicilərinin problemlərini araşdırıb.

Bu barədə Peyman Sadıqov "Arqument.az"a müraciət göndərib. 

Onun sözlərinə görə, Şirvanda ciddi iqtisadi problemlər mövcuddur: "Yeni iş yerlərinin açılmasına ehtiyac var. İnsanlar kütləvi şəkildə işsizlikdən, dolanışığı olmadığından, ailədə ciddi problemləri olduğundan şəhərə üz tuturlar. Bu insanlar yalnız Bakıya deyil, Rusiyaya, Türkiyəyə, Orta Asiya ölkələrinə gedirlər. Müharibədən əvvəl Ukraynaya da gedirdilər. Bu insanların taleyindən, həyat tərzlərindən narahat oluram. İnsanları qaçqın kimi yaşamağa məcbur edən səbəb nədir? Təcili olaraq sosial problemlər dövlət səviyyəsində həll olunmalıdır ki, insanlar doğulduqları mühitdə rahat yaşaya, uşaq böyüdə, işləyə bilsinlər. Nəhəng şəhərdə evləri, işləri, təhsilləri yox, qalırlar küçələrdə... Hamı özünə şərait yaratmalı və taleyini normal, səlahiyətli bir insan kimi yaşamalıdır. Sosial problemləri yaradan səbəblər aradan qaldırılmalıdır. Şirvanda ciddi şəkildə kadr islahatları aparılmalıdır. Milli ruhlu, vətənpərvər insanlar şəhərdə rəhbərliyə gətirilməlidir".
 
"Şəhər sakinlərinin taleyi, həyat tərzi, dəyərləri ilə oynamaq olmaz. İnsanları mənən sınmağa, pis yola düşməyə, ehtiyaca görə qəddarlaşmağa, pis-pis işlərlə məşğul olmağa məcbur etməsinlər. Hər kəs bu sınaqlardan üzüağ çıxa bilmir. Əgər problem baş verirsə deməli orada pis təşkilat, pis rəhbərlik var ki, şəhərdə belə sosial problemlər yaranır", - deyə o qeyd edib. 

Onun fikrincə, şəhərdə indi ciddi problemlərdən biri də narkomniya ilə bağlıdır: "Bu gün Şirvanda ən ciddi problem narkomaniya ilə bağlıdır. Son zamanlar bu çox aktivləşib. Problemin bir sıra səbəbləri var: birinci, İranla yaxın olmağımız, oradan narkotranzitin keçməsi. İkincisi, gənclər arasında işsizliyin olmasıdır ki, bu da narkomaniyanın artmasına səbəb olur. İşsiz gənclər vaxtlarını öldürmək üçün bu yola can atırlar. Nəticədə gənclər arasında narkomaniyaya meyl artıb. Bu sahədə ciddi işlər görülməlidir".