Siyasi məhbuslara azadlıq tələb edən fəal saxlanılıb

Siyasi məhbuslara azadlıq tələb edən fəal saxlanılıb

11-01-2025 01:48 / Bu xəbər 66 dəfə oxundu

Onun hara aparıldığı məlum deyil

Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəmə prosesində iştirak etməyə gələn ictimai fəal Cəmil Hacıyev saxlanılıb.

Buna səbəb isə onun Bakı Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında "Siyasi məhbuslara azadlıq!” yazılmış plakat qaldırması olub.

Bu şüarla aksiyaya cəhd edən Cəmil Hacıyevi dərhal əvvəlcədən məhkəmənin qarşısına toplaşmış çoxsaylı polislər tutub.

Daha sonra onu Post-Patrul Xidmətinin maşınına mindirərək naməlum istiqamətə aparıblar.

Onun yerini hələlik müəyyənləşdirmək mümkün olmayıb.

Milli Şuranın üzvü olan gənc fəal bundan əvvəl də etiraz aksiyalarında iştirakına görə bir neçə dəfə saxlanılıb, cərimələnib.

Meydan TV Daxili İşlər Nazirliyindən məsələyə münasibət öyrənə bilməyib.