Siyasi müxalifətçiliklə mədəni müxalifətçiliyin fərqi
30-07-2021 20:35 / Bu xəbər 6712 dəfə oxundu
Anar Məmmədli
Siyasi müxalifətçiliklə mədəni müxalifətçiliyin fərqini vaxtaşırı izah etməliyik.
Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyov, Mirzə Cəlil və digər maarifçi ziyalılar mədəni müxalifətçiliyin əsasını qoyublar. Amma Hümmət, Difai, Müsavat kimi siyasi təşkilatları quran siyasi liderlər Çar Rusiyasında mövcud siyasi sistemə müxalif olmaqla yanaşı hakimiyyətə alternativliyi təbliğ edib, dolayısı və ya birbaşa şəkildə iqtidara iddialı olublar.
Bu müxalifətçilərin təxminən 50 illik mübarizəsi nəticəsində həm milli kimlik, həm mədəni kimlik, həm də siyasi kimliklə bağlı Avropada formalaşan anlayışlar ölkəmizə ayaq basıb, nəticədə birinci və ikinci respublikaların siyasi elitaları, mədəni mühiti və sosial spektri, ən əsası azərbaycanlı kimliyi formalaşıb.
Üçüncü respublika dönəmində Azərbaycan vətəndaşlarının tək dərdi Qarabağ problem olmayıb. Əgər olsaydı, 1994-cü ildə imzalanmış atəşkəsdən 27 il sonra ikinci Qarabağ müharibəsi başlamazdı. Demək ki, bu 27 illik müddətdə ölkəni məşğul edən başqa problemlər də olub.
Məsələn, korrupsiya, yoxsulluq, işsizlik, məmur özbaşınalığı, azad seçkilər, azad media ötən 27 ildə həll edilməyib. Bəs bu problemləri təkçə siyasi müxalifətçiliklə məşğul olan şəxslər dilə gətirməlidir? Bəs özünü intiligent, populyar, vətənpərvər və sair statusda hesab edən şəxslər bu problemləri nədən dilinə gətirməsin?
Siz təsvvür edirsinizmi, Zərdabiyə və ya Hacıbəyova mikrafon uzadıb, işsizlik, korrupsiya və məmur özbaşınalığı barədə münasibət soruşurlar, onlar da cavab verir ki, artıq müxalifətçilik bitib, çünki Şuşa işğaldan azad olunub.
Bu adamların yaradıcılığına az-çox bələd olan təsdiqləyər ki, belə reaksiya mümkünsüzdür. Çünki bütün həyatları boyu mədəni müxalifətçilik edib, rasional fikrin, tənqidi düşüncənin və aydınlanmanın tərəfdarı olan ziyalı üçün ədalət və azadlıq anlayışı hər şeydən müqəddəsdir.
Mədəni müxalifətçilik isə ədalət anlayışı, azadlıq ehtirası və rasional düşüncə sahibi olan hər bir ziyalının həyat tərzidir. Yəni "müxalifətçilik bitib” kimi mürtəce və əsassız fikri yaxına buraxmazlar.
Əslində məsələ burasındadır ki, bizim sovet dövründən qalma yarımçıq ziyalı problemimiz var. Bu adamlar informasiya əsrində yaşamalarına baxmayaraq, onunla eyni pasporta sahib vətəndaşların gündəlik qayğılarından, sosial problemlərindən, sabaha ümidsizliyindən ya xəbərsiz, ya da bunlara etinasızdırlar.
Milli əziklik kompleksi bu tiplərin canına o qədər hopub ki, utanmadan "öz millətimin diktatoru başqa ölkənin demokratından daha üstündür” deyə bilərlər. Çünki bu adamlar üçün şinelindən çıxdıqları totalitar düşüncə, sovetdən qalma elitar təbəqə, feodal-rəiyyət anlayışı var, insan və vətəndaş anlayışları bu adamların beyninə yeriməyib. Maariflənməyə ehtiyacları var.
Siyasi müxalifətçilik isə Azərbaycanda ötən 27 ildə bir ay belə dayanmayıb. İnanmayanalar, 27 il ərzində həbsə düşmüş siyasi məhbsuların siyahısını araşdıra, qətl edilmiş və döyülmüş jurnalistlərin adlarını xatırlaya bilər.