Siyavuş Novruzov keçmiş nazirlərdən birinin mühacirləri maliyyələşdirdiyini deyir

Siyavuş Novruzov keçmiş nazirlərdən birinin mühacirləri maliyyələşdirdiyini deyir

08-09-2019 00:26 / Bu xəbər 2040 dəfə oxundu

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri  Siyavuş Novruzov uzun illər nazir vəzifəsində işləmiş və artıq "sabiqlər kateqoriyası”na aid şəxslərin ünvanına sərt ittihamlar səsləndirib. 

YAP-çı deputat onları mövqesizlik nümayiş etdirməkdən tutmuş, xaricdəki mühacirləri maliyyələşdirməyə qədər ən müxtəlif  məsələlərdə ittiham edib. 

"Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il, biri 15 il, digəri 10 il. Bunlar hamısı çəkilib qırağa, mövqeyini bildirmir. Soruşan gərək, atan, baban sənə vəzifə vermişdi?! 

Hələ bəzi problemləri də elə siz, keçmişdə nazir vəzifələrində çalışanlar yaradırsınız, bunu unutmayın! Ya çıxın, ortaya mövqeyinizi qoyun, ya da sizinlə bizim davamız daha gərgin olacaq! Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər. Ona görə gəl ortaya, rəhmətlik ulu öndər demişkən, ”mövqeyini bildir!""

Xaricdə oturanları maliyyələşdirmə! Masamın üzərində hamınızın siyahısı var, kimə nə verirsiniz. 

Onlardan YAP Siyasi Şurasının, hətta İdarə Heyətinin üzvləri də var. Digərləri də, bitərəfi də...var. Mən ona görə də onları xəbərdar edirəm ki, ya çıxın meydana, mövqeyinizi ortaya qoyun, ya da mən mövqeyimi ortaya qoyacağam”, - deyə Siyavuş Novruzov bildirib.

Bəs konkret ad çəkməyən Siyavuş Novruzov kimləri nəzərdə tutur? Yenisabah.az 10 ilə qədər və ondan yuxarı müddətdə nazir işləmiş sabiqləri təqdim edir:

Keçmiş müdafiə naziri Səfər Əbiyev: 18 il (1995-2013)

Keçmiş vergilər naziri Fazil Məmmədov -17 il (2000-2017)

Keçmiş ekologiya naziri Hüseynqulu Bağırov 17 il (2001-2018) 

Keçmiş təhsil naziri Misir Mərdanov – 15 il (1998-2013)

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov -15 il (2002-2017)

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov -11 il (2004-2015)

Keçmiş rabitə naziri Əli Abbasov – 10 il (2004-2014)

Keçmiş sosial müdafiə naziri Əli Nağıyev - 10 il (1996-2006)

Gömrük komitəsinin keçmiş sədri Aydın Əliyev - 12 il (2006-2018)

Diasporla iş üzrə dövlət komitəsinin keçmiş sədri Nazim İbrahimov - 10 il (2008-2018)

Siyahıda olan sabiq nazirlərdən Misir Mərdanovla Əli Abbasov YAP Siyasi Şurasının üzvüdür. Eyni zamanda hər iki keçmiş nazir Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) vəzifə tutur. 

Siyavuş Novruzovun ittiham etdiyi sabiqlərdən bəzilərinin YAP-ın rəhbər strukturlarında təmsil olunduğunu dediyinə görə ehtimal etmək olar ki, onun hədəfə aldığı keçmiş nazirlər arasında Misir Mərdanovla Əli Abbasov da yer alır. Görünür, Misir Mərdanovla Əli Abbasov vəzifədən kənarlaşdırılıdıqdan sonra YAP-a o qədər maraq göstərmirlər. 

Əli Nağıyev də vaxtilə YAP-ın rərhbərliyində təmsil olunub. Lakin 2013-cü ildə hakim partiyanın sıralarından çıxarılıb.

Eldar Mahmudov, Ziya Məmmədov, Fazil Məmmədov və Hüseynqulu Bağırov nazir olduqları dönəmdə mediada ən çox tənqidə məruz qalan məmurlar olub. 

Ziya Məmmədovla, Fazil Məmmədovun korrupsiya və maliyyə maxinasiyaları barədə faktlara söykənən yazılar, Eldar Mahmudovun isə şərti olaraq "MTN işi” adı altında cəmlənən qanunsuz əməlləri hakimiyyəti çətin vəziyyətdə qoyub. Maraqlıdır ki, Siyavuş Novruzov keçmiş nazirlərdən bəzilərinin qanunsuz əməllərinə görə hakimiyyətin hədəfə gəldiyini də xüsusi qeyd edib. 

Lakin xaricdəki mühacirlərin maliyyələşdirilməsi ilə bağlı ittihamın hansı sabiqlərə ünvanladığını söyləmək çətindir. Bu kifayət qədər ciddi ittihamdır və burada hansısa sabiq nazirin adını hətta ehtimalla çəkmək belə rezonansa səbəb ola bilər.

Siyavuş Novruzovun səsləndirdiyi iddialar sosial mediada elə bir ajiotaj yaradıb ki, hətta sabiq nazirlərdən bir neçəsinin reaksiyası da gecikməyib. 

Sabiq Təhsil naziri Misir Mərdanov Novruzovun uzun illər nazir vəzifəsində işləmiş şəxslərin ünvanına səsləndirdiyi ittihamlara münasibət bildirib. 

M.Mərdanov "Demokrat.az”-a deyib ki, Siyavuş Novruzovun səsləndirdiyi ittihamlar ona aid deyil: "Siyavuş Novruzovun dediyi o sözlər qətiyyən mənə aid deyil. Mənim hər zaman mövqeyim bir olub, sözümü demişəm və heç nədən qaçmamışam. Bu gün də eyni mövqeydəyəm və lazım gələndə sözümü deyirəm". 

M.Mərdanov keşmiş nazirlər arasında mühacirlərə maliyyə dəstəyi verənlərin olmasını da istisna etməyib: "Ola bilər ki, bu cür adamlar olsun. Ancaq mən özümə cavabdehəm. Mən bu məsələlərlə bağlı mövqeyimi hər yerdə açıq şəkildə bildirmişəm. Lazım olsa yenə bildirməyə hazıram. Düşünürəm ki, Siyavuş Novruzovun sözlərindən hər kəs özü üçün nəticə çıxaracaq".

Sabiq Nəqliyyat naziri Ziya Məmmədov isə sfera.az-a açıqlamasında ittihamlara belə cavab verib:  "Təxribatla məşğul olmayın. Siyavuş Novruzov mənim dostumdur”.

Sabiq Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun da məsələyə münasibəti gecikməyib. 

Belə ki, sözçüsü Vüsal Məmmədov eks-nazirin YAP-ın Siyasi Şurasında fəaliyyətini davam etdirdiyini deyərək, onun barəsindəki iddiaları təkzib edib: "Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun keçmiş nazirlərlə bağlı açıqlamasından sonra, bəzi saytlar təəssüflər olsun ki, keçmiş Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun adını da hallandırıb. Ancaq Hüseyn Bağırovun dövlətimizi, dövlətçiliyimizlə bağlı mövqeyi aydındır. O, bütün məsələlərdə dövlətimizin yanındadır, hazırda Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü kimi fəaliyyətini davam etdirir, partiyanın tədbirlərində iştirak edir, partiya üzvü kimi öhdəliklərini yerinə yetirir. Və Hüseyn Bağırov ölkə xaricində və ya ölkə daxilində heç kimi maliyyələşdirmir. Hazırda isə səhhəti ilə bağlı ölkə xaricində, müalicədədir”.

Məsələyə sabiq Milli təhlükəsizlik naziri Eldar Mahmudov, Müdafiə naziri Səfər Əbiyev, Vergilər naziri Fazil Məmmədov, Rabitə naziri Əli Abbasov, Sosial müdafiə naziri Əli Nağıyev, Gömrük komitəsinin keçmiş sədri Aydın Əliyev, Diasporla iş üzrə dövlət komitəsinin keçmiş sədri Nazim İbrahimov hələ də münasibət bildirməyib.