Şoyqu: "98 mindən çox insan Qarabağdan təxliyə edilib"

Şoyqu:

03-10-2023 16:38 / Bu xəbər 1156 dəfə oxundu

Rəsmi Bakı hələ də susur

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qarabağdan Ermənistana 98 mindən çox insanın təxliyə edildiyini açıqlayıb.

Rusiyalı nazir onların 32 min nəfərinin uşaq olduğunu deyib.

Bu barədə Sergey Şoyqu oktyabrın 3-də nazirliyin rəhbər heyəti ilə konfransı zamanı danışıb.

Onun sözlərinə görə, təxliyə zamanı insan tələfatının qarşısını almaq üçün mülki şəxslərin müşahidə məntəqələrində və baza düşərgəsində yerləşdirilməsi qərara alınıb: "Münaqişənin gərginləşməsi fonunda Rusiya sülhməramlı kontingenti üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edib”.

Nazir əlavə edib ki, Rusiya sülhməramlılarının vasitəçiliyi ilə döyüşən tərəflər tam atəşkəs barədə razılığa gəliblər.

Sentyabrın 30-da Ermənistan hökumət başçısının mətbuat katibi Nazeli Baqdasaryan keçirdiyi brifinqdə Dağlıq Qarabağdan Ermənistana 100 417 məcburi köçkünün və 21 043 nəqliyyat vasitəsinin köçürüldüyünü açıqlamışdı.

Azərbaycan tərəfi nə qədər erməni əsilli şəxsin ölkəni tərk etdiyini açıqlamayıb.

Ancaq sosial şəbəkələrdə ictimai fəallar Ermənistanın göstərdiyi rəqəmlərin real olmadığını, günlük iş rejimi ilə bu qədər adamın yoxlanışdan keçməsinin mümkünsüzlüyünü iddia edirlər.

Oktyabrın 1-də BMT missiyası Qarabağa səfər edib.

Qurumun yaydığı məlumatda deyilir ki, Ağdamdan səfər edən missiya üzvləri Xankəndi şəhərində olub.

Burada onlar yerli əhali və digər şəxslərlə söhbət edib, eləcə də səhiyyə və təhsil müəssisələrindəki vəziyyətlə tanış olublar.

"Missiya üzvlərinin Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəyməyib. Missiya həmçinin Azərbaycan hökumətinin şəhərdə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşdığını müşahidə edib. BMT təmsilçiləri fəaliyyət göstərən heç bir mağaza görməyib”, – məlumatda deyilir.

Bildirilir ki, missiya Xankəndi şəhərində çox az sayda yerli əhalinin qaldığını müşahidə edib.

Qarabağda qalan ermənilərin sayına gəldikdə həmsöhbətlər 50-dən 1000-ə qədər müxtəlif rəqəmlər səsləndiriblər.

Oktyabrın 2-də  Azərbaycan hökuməti reinteqrasiyaya dair hazırladığı planı açıqlayıb.

Planda qeyd olunur ki, Qarabağda erməni sakinlərin yaşadıqları ərazilərdə fermerlərə subsidiyalar veriləcək, onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad ediləcəklər.

Planda həmçinin vurğulanır ki, etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verilir.

Sentyabrın 28-də separatçı "Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan "respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

"Mövcud ağır hərbi-siyasi vəziyyətlə əlaqədar olaraq, Rusiya sülhməramlı qüvvələri komandanlığının vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı nəzərə alaraq, Artsax xalqının fiziki təhlükəsizliyinin və həyati maraqlarının təmin edilməsi prioritetinə əsaslanaraq Azərbaycan Respublikasının nümayəndələri ilə şərtlənir ki, Dağlıq Qarabağ sakinlərinin, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçuların əmlakı öz nəqliyyat vasitələri ilə Laçın dəhlizi ilə sərbəst, könüllü və maneəsiz gediş-gəlişi Azərbaycan Respublikasının Qanununun 93-cü maddəsini rəhbər tutmaqla təmin edilir”, – deyə sənəddə bildirilir.

Separatçı respublika nə vaxt yaranıb?

1991-ci il dekabrın 10-da azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum keçirilib.

Referendumun nəticəsinə görə, 6 yanvar 1992-ci ildə "Dağlıq Qarabağ Respublikası” rəsmən elan olunub. Lakin Ermənistan da daxil olmaqla, heç bir ölkə və ya beynəlxalq qurum rejimin müstəqilliyini tanımayıb.

Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilər BMT-də daxil olmaqla, bütün dünya dövlətləri tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınıb.

Qarabağda son əməliyyatlar

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.

Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.

Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu "Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.

İkinci Qarabağ münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edirdi.