Süni qiymət artımı: xaricdən 9,5 manata gətirilən kərə yağı marketlərdə 20,9 manata satılır

Süni qiymət artımı: xaricdən 9,5 manata gətirilən kərə yağı marketlərdə 20,9 manata satılır

20-10-2024 01:47 / Bu xəbər 167 dəfə oxundu

Bu ilin ilk 9 ayı ərzində Azərbaycana xarici ölkələrdən 22 min 204,7 ton kərə yağı idxal olunub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,6 dollar (9,5 manat) olub.

Bu ilin sentyabr ayında idxal olunan kərə yağlarının 1 kiloqramının orta qiyməti ölkənin pərakəndə ticarət şəbəkələrində 20,9 manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə xaricdən gətirilən kərə yağının gömrük dəyərində ciddi dəyişiklik olmayıb.

Ötən ilin ilk 9 ayında idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,5 dollar (9,4 manat) olub.

Məlumatlardan da göründüyü kimi, son bir ildə idxal olunan kərə yaxının gömrük dəyərində cəmi 1% artım olub. Lakin son bir ildə idxal olunan kərə yağlarının pərakəndə ticarət şəbəkələrindəki orta satış qiyməti 6,2% artıb. Belə ki, ötən ilin sentyabr ayında idxal olunan kərə yağlarının 1 kiloqramının orta qiyməti ölkənin pərakəndə ticarət şəbəkələrində 19,7 manat olub.