Şuşada çalışan fəhlələr pullarını ala bilmədiklərini deyirlər
14-05-2024 15:40 / Bu xəbər 785 dəfə oxundu
"Portaldan adımız silindiyi üçün Şuşaya dönüb pulumuzu tələb edə bilmirik”
Şuşada yaşayış binalarının tikintisində fəhlə kimi çalışmış şəxslər onlara vəd edilən haqqın ödənilməməsindən şikayətçidirlər.
Bu barədə Meydan TV-yə şikayətçi Məmmədəli Ağayev bildirib.
Onun sözlərinə görə, qohumu Əli Həsənzadə ilə birgə Şuşada yaşayış binalarının inşası ilə məşğul olan "ARCHİCO” MMC-nin podratçısı olan "Ümid” şirkətində müqavilə əsasında çalışıb.
"Hər ikimiz Astaradan Şuşaya işləməyə getdik. Bizə dedilər ki, gördüyünüz işin dəyərini hər metrəyə görə 6 manatdan ödəyəcəyik. On günə yaxın işlədik, günümüzə 30-50 manat arası avans alırdıq”, - M.Ağayev deyib.
Şikayətçinin sözlərinə görə, ailəsində problem yarandığına görə Astaraya geri dönmək məcburiyyətində qalıblar. Ödəniş zamanı görülən işin 6 manatdan deyil, 2,5 manatdan hesablandığı bəlli olub: "Olduqca çətin şəraitdə, soyuq havada işləmişik. Bizə dedilər ki, hesablayıb pulun qalanını göndərəcəyik. 20 gündən sonra təkrar müraciət etsək də, cavab ala bilmədik. Portaldan adımız silindiyi üçün Şuşaya dönüb pulumuzu tələb edə bilmirik”.
Digər şikayətçi Əli Həsənzadə də pulunu ala bilmədiyini deyir: "Biz fəhlə adamlarıq, öz zəhmətimizlə qazandığımız pulun ödənilməsini istəyirik”.
Şikayətçilər deyilər ki, 450 metrlik iş görüblər. Görülən işi 2,5 qəpikdən hesablayıblar, qalan məbləğ hələ də ödənilməyib: "Bir neçə gün yubatdılar ki, gözləyin, pulunuz tam ödəniləcək. Sonradan dedilər ki, sizə borcumuz yoxdur, hara istəyirsiniz şikayət edin”.
"Ümid” şirkətinin adını açıqlamayan əməkdaşı isə Meydan TV-yə bildirib ki, şikayətçilər 10 günə yaxın işləyiblər. Onlara əvvəlcədən razılaşdırılmış məbləğ ödənilib. Sonradan qalan məbləğ də köçürülüb: "Onlar işi təhvil vermədən ailə probleminə görə geri dönüblər. Buna görə də təklif olunub ki, gəlsinlər, hesablanma aparılsın, əgər borclu qalınıbsa, ödəniş olsun. Özlərinə də demişik ki, görülən hər bir işin dəyəri ödənilir”.
Şirkətdən onu da əlavə ediblər ki, hər bir işçi ilə müqavilə bağlanır və razılaşma müqavilədə əks olunur.