Şvabe COP29-a buraxılmadı: “Azərbaycan demokratiyanın karikaturasıdır”
15-11-2024 17:26 / Bu xəbər 138 dəfə oxundu
Ötən gün Almaniya Bundestaqında Azərbaycanda insan hüquqları ilə bağlı "dəhşətli" vəziyyət və COP29 müzakirə olunub.
Müzakirələrdən sonra deputatlar hakimiyyəti Qubad İbadoğlu, Anar Məmmədli, Samir Aşurov və digər siyasi məhbusları azad etməyə çağırıblar.
Debatlar deputat Frank Şvabenin təşəbbüsü ilə keçirilib.
O, çıxışında bildirib ki, Bakıda COP29 insan hüquqları ilə bağlı "dəhşətli" vəziyyət fonunda keçirilir: "Məni bu tədbirə buraxmadılar. Tədbirin Bakıda keçirilməsi onun məqsədlərinə xidmət etmir. Məndən başqa, Bundestaqın bir sıra digər deputatları da Azərbaycana buraxılmayıb. Çünki biz insan hüquqlarını müdafiə edirik. Odur ki, belə konfransın Azərbaycanda keçirilməsinin özü problemdir, çünki Azərbaycan müsbət enerjiyə keçidə sıfır istək nümayiş etdirir. Biz dövlət səviyyəsində korrupsiyanı görürük, SOCAR dövlət şirkəti vasitəsilə Avropaya yayılır ki, bu da absurddur, çünki bu, enerji şirkətidir.
"Biz bütün bunları "demokratiya" adlı fasadın arxasında görürük, lakin bu, əsl demokratiyanın karikaturasından başqa bir şey deyil. Biz yüzlərlə siyasi məhbusdan, bəlkə də ölkədən çıxarılmış minlərlə adamdan danışırıq və onlar transmilli repressiyalara məruz qalmağa davam edirlər. Drezden Universitetinin professoru Qubad İbadoğlunun işini yada salmaq kifayətdir. Onun yeganə cinayəti hakimiyyətin iqtisadi sxemlərini ortaya qoymasıdır. Hazırda onun vəziyyəti ağırdır və təcili tibbi yardıma ehtiyacı var", - Şvabe deyib.
O həmçinin hüquq müdafiəçisi, Vatslav Havel mükafatı laureatı Anar Məmmədlinin, Tbilisi həbsxanasında aclıq edən Əfqan Sadıqovun və digərlərinin işlərini yada salıb.
"Bütün bu siyasi məhbuslar azad edilməlidir. Bundan əlavə, mən diqqəti Almaniyada olan müxalifətçilərin müdafiəsinə yönəltmək istəyirəm. Əvvəllər onlardan altısı Azərbaycana deportasiya olunaraq Samir Aşurov kimi həbsə məruz qalıb. Biz onları azad etmək üçün hər şeyi etməliyik", - Şvabe deyib.