Taleh Xasməmmədova 3 ay həbs qətimkan tədbiri seçildi

Taleh Xasməmmədova 3 ay həbs qətimkan tədbiri seçildi

19-09-2023 18:51 / Bu xəbər 705 dəfə oxundu

Bu gün Göyçay Rayon Məhkəməsi yerli fəal Taleh Xasməmmədov barəsində 3 ay həbs qətimkan tədbiri seçib. 

Ona qarşı CM-in 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalardan istifadə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu barədə "Turan"a fəalın anası Gülbuta Xasməmmədova bildirib.

O hesab edir ki, oğlu uydurma ittihamla həbs olunub.

"Məhkəmə binasında oğlumun işi üzrə qərarı gözləyərkən mülki geyimli bir əməkdaş mənə dedi ki, "nə fikirləşirdin, oğlunun polisi tənqid etməsi cəzasız qalacaq?". Bu, onun yalan ittihamla həbs edildiyini təsdiq edir. Əslində oğlum vətəndaşların hüquqlarını müdafiə edirdi", - deyə G.Xasməmmədova bildirib.

Onun sözlərinə görə, fəal sentyabrın 17-də iki şəxsin "böhtan xarakterli şikayəti" əsasında saxlanılıb.

Taleh Xasməmmədov əvvəllər iki dəfə - xuliqanlığa və adam döyməyə görə həbs olunub. 

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. 

Hər iki həbsdən sonra o, vaxtından əvvəl azad edilib (əfv olunub). 

2018-c ildə ona qarşı üçüncü dəfə rüşvət tələb etmə ittihamı ilə cinayət işi açılıb, lakin sonradan o, azad edilib.