Tarix oxunmayanda yox, yaşanmayanda unudulur
16-07-2024 01:20 / Bu xəbər 1117 dəfə oxundu
Miri Rəsulzadə
Dünən musiqiçi dostumla görüşdüm. Peşəkar qarmon ifaçısıdı. Əsərləri ölkənin sərhədlərini aşıb, çox ciddi işlərə imza atıb. Sonra gördüm sevgisi də, imanı da elədir. Dedi ki, Aşuradır, gəl gedək şəhərdəki məscidlərin birində imam Hüseyni yad edək. Yollandıq şəhərin mərkəzinə.
Məscidə girmək üçün lap tez getmişdik, axşam azanından 2-3 saat qabaq ordaydıq. Məhəllənin bütün küçələri sevgiyə, fədakarlığa qərq olmuşdu. Tanıya bilmədim şəhərimi. İnsanlar xidmət etmək üçün yarışırdı. Hər tində Hüseyn rənginin, sevgisinin ətri duyulurdu. Uşaqdan-böyüyə - hamı ehsan paylayırdı. Həmin gün ordan keçənlər evinə "İmam Hüseyn çörəyi" aparırdı. Həmin ehsana mən də qonaq oldum. Ordakı suyun da, konfetin də dadı başqaydı. Qəribə sevgidi. İnsanların bir gözündə kədər, bir gözündə sevinc. Hisləri, baxışları eyni. Xüsusi geyimdə məscid xidmətçilərinin nizam-intizamı diqqətimi cəlb etdi.
Hava qaralmışdı. Şəhidlərimizin adına qoyulan abidənin yan-yörəsində sıra ilə düzülmüş şamları yandırmağa başladılar. Şamlar yandıqca görürsən Kərbəla haqq axtarmağın, azadlığın dastanıdır.
Məscidin içində xətibin söylədikləri kişilərin gözünü doldurmuşdu. Bu adi cinayət əhvalatı deyildi. Orada ana südü qədər pak olan bir səhifə var idi. Dostumun əvvəl eynəyi tərlədi, sonra gözlərindən axan yaş məni kövrəltdi. Onun gözlərində təslimiyyətin, vəfanın və sədaqətin zirvəsi apaydın görünürdü.
Həmin an öz mənfəətimi güdən, həvəslərimi haqlı göstərmək üçün müxtəlif bəhanələr uyduran ağlım Hüseyni tərk edənlərə oxşayırdı. Mən içimdəki Yezidə- nəfsimə meydan oxumalıydım, onu lənətləməliyidim.
Həmin an Kərbəla tarixi xronologiya ilə bitmədi, qurtuluşun yolunu da göstərdi:
"Hüseyni Allah qatından sənə üfürülən ruh bil! Əgər paklanıb durulursansa, deməli, sən də Rəbbindən bir dəlilsən".
Düzdü, İmam Hüseynə axıtdığımız göz yaşı torpağa düşüb oranı diriltmirsə, deməli, biz o hadisələri başa düşməmişik. Bunu başa düşənlər ikinci Qarabağ savaşında o karvana qoşuldular.
Sağ qalanlar da bu qələbəni Həzrət Zeynəb kimi dünyaya çatdırmaqla mükəlləf oldu. İmam Sadiqin "Hər gün Aşura, hər yer Kərbəla" sözünün bədii çalarları bunları izah edirdi: Kərbəla təkcə Hüseyn və dostlarının qurbangahı deyil...
Düşündüm ki, görəsən bu dəyərlər başqa dinlərdə olsaydı necə olardı? Necə təbliğ edərdilər? Məsələn, müasir ədəbiyyat "İsanın son yeməyi"ndən çox danışdı, amma dünyanın ən bahalı əsəri olan Əlinin yeməyindən heç danışmadı...
Məscidin küncünə sıxılıb bir anlıq İmam Hüseyni onların qəhrəmanı təsəvvür elədim. İndiyə Hollivudda çəkilməyən film qalmamışdı. Rejissorları çoxdan Oskar almışdı, qrantların ardı-arası kəsilmirdi. "The New York Times", "Washington Post" qəzetləri, "Time" jurnalı onlardan yazırdı.
Şübhə etmirəm ki, bütün festivalların qalibi Kərbəla idi. Ordakı qəhrəmanların oyuncaqları uşaqlarımızın oyuncağına çevrilmiş, nağılları kitab rəflərimizi bəzəmişdi. Onlardan yazan yazıçılar çoxdan Nobel, Buker almışdı.
Sənədli filmlərlərdə, teatrlarda, kanallarda, qabaqcıl radiolarda, çizgi filmlərində hər gün bizə o dəyərləri xatırladıb bizi tərbiyə edirdilər. BMT öz ədalət tərəzisində, NATO öz döyüş qəhrəmanlığında onları nümunə götürürdü. Təəssüf ki, bizdə əqidə güclü insanlar zəif, onlarda isə əksinədir. Şərqin vitrini bərbad, tribunası düz-əməlli işləmir. Təqdimatı çox səliqəsiz, ictimai immuniteti çox zəifdir...
Bu düşüncələrdən ayrılıb, çölə çıxdım.
Dostlarımdan biri orda olacağımı bilirdi. Çıxanda gördüm ki, mənim üçün ehsan payı gətirib. Savadı, işi-gücü olan bu adam niyə bütün günü şəhərin canına düşüb tanıdığı, tanımadığı hər kəsə ehsan paylasın ki.
Əvvəldən hazırlaşmışdı - hər il olduğu kimi. Ondakı həvəs, gözlərindəki eşq məni çox duyğulandırdı. Bir daha əmin oldum ki, tarix oxunmayanda yox, yaşanmayanda unudulur.
Bütün varlığı ilə məni özünə aşiq etdi. Bu bəşərin fövqündə dayanan sevgidir. Hüseynin sevgisi insanları düşünməyə, sevməyə, təmkinə, sanbala dəvət edir.
Xanım Zeynəb demişkən, mən orada gözəllikdən başqa bir şey görmədim.
19.08.2021