TƏBİB-in rəhbərinin karantin rejimini pozduğu deyilir - FOTO
20-12-2020 01:02 / Bu xəbər 374 dəfə oxundu
Karantin rejimini pozanlardan birinin Əli Əhmədovun oğlu olduğu bildirilir
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının sosial şəbəkələrdə yayılan fotosu müzakirələrə yol açıb.
Arqument.az xəbər verir ki, qonaqlıq masasında çəkilən fotoda 6 nəfər bir stolda əyləşib.
Məlumata görə, fotoda olan şəxslərdən biri Baş nazirin müavini, YAP-ın icraçı katibi Əli Əhmədovun oğlu Fikrət Əhmədovdur.
Fikrət Əhmədov Megapol Sağlamlıq Mərkəzinin sahibidir. Onun həmçinin Nazirlər Kabinetinin səhiyyə üzrə kuratoru olduğu deyilir.
Fotodakı digər şəxslərin kimliyi barədə hələ ki məlumat verilmir.
Ölkədə 2020-ci ilin dekabr ayının 14-dən 2021-ci ilin yanvar ayının 18-nə qədər sərt karantin rejimi tətbiq edilib.
Karantin qaydalarına görə Azərbaycanda ictimai yer, küçə və bulvarlarda 5 nəfərdən artıq toplaşmaq, bir stolda 5 nəfərdən artıq oturmaq qadağan edilib.
Milli Məclisin 19 dekabrda keçirilən plenar iclasında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırılıb.












