Təhsil naziri müəllimlərin maaş artımlarından danışıb

Təhsil naziri müəllimlərin maaş artımlarından danışıb

23-08-2022 17:09 / Bu xəbər 1077 dəfə oxundu

Bu gün, avqustun 23-də elm və təhsil naziri Emin Əmrullayev brifinq keçirib. 

Nazir brifinqdə məktəb direktorları və direktor müavinlərinin maaş artımı, müəllimlərin işə qəbul imtahanları haqqında məlumat verib.

Nazir müəllimlərin yeni qərardan sonra əlavələrlə birgə alacağı əməkhaqqı haqqında da danışıb.

Onun sözlərinə görə, hazırda 6 saata yaxın dərs deyən 4 439 müəllim var: "Bu da ümumi müəllimlərin 4 faizini təşkil edir. Onlar 150 manat maaş alırlar. Yeni qərarla həmin müəllimlərin də maaşı artmış olacaq. Bu rəqəm 10 faiz artımla təxminən minimum 165 manat, 35 faizlə isə minimum 203 manat olacaq".

Nazir bildirib ki, 6 saatdan 12 saata qədər 18 530, 12 saatdan 18 saata qədər 31 116, 18 saatdan 24 saatadək 40 209, 24 saatdan 34 382 nəfərdir.

E.Əmrullayev vəzifə maaşlarına aylıq əlavələrin neçə direktor və müavininə şamil olunacağını da açıqlayıb: "Ölkədə bu gün üçün 129 min nəfər pedaqoji heyət var. Bundan əlavə, 11 mindən çox idarəetmə heyətində olanlar da dərs deyir".

Nazirin sözlərinə görə, yeni qərarın 865 nəfər direktor, 2 343 direktor müavininə şamil edilməsi nəzərdə tutulur. 

Brifinqdə Koronavirusla əlaqəli fövqəladə vəziyyət baş verməsə, yeni tədris ilinin sentyabrın 15-də başlanması söyləyib.

Avqustun 18-də Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələrin müəyyən edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, 1 sentyabr 2022-ci il tarixindən təhsilalanların sayına görə dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin, eləcə də sertifikatlaşma nəticəsinə görə müəllimlərin vəzifə maaşlarına aylıq əlavələrin edilməsi nəzərdə tutulur.