Teymur Kərimov 8 il azadlıqdan məhrum edilib
28-12-2024 16:43 / Bu xəbər 81 dəfə oxundu
Ona 2 il jurnalist fəaliyyətilə məşğul olmaq da qadağan olunub
"Kanal 11” internet televiziyasının rəhbəri, bir ildən çoxdur həbsdə olan Teymur Kərimovun məhkəməsi başa çatıb.
Dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Hakim Azad Məcidovun sədrliyilə çıxarılan hökmə əsasən, Teymur Kərimov 8 il azadlıqdan məhrum edilib. Həmçinin ona 2 il jurnalist fəaliyyətilə məşğul olmaq da qadağan olunub.
Teymur Kərimovla birlikdə məhkəmə qarşısına çıxarılan, lakin həbsdə olmayan reportyor İstək Totiyevaya isə iki il sınaq müddəti olmaqla, şərti cəza verilib.
Onların hər ikisi Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə təqsirli bilinib.
Bu iş üzrə Leyla Almaszadə və Fərrux Ələkbərov zərərçəkmiş qismində tanınıb.
İttihama əsasən, Teymur Kərimov və İstək Totiyeva video-materialın silinməsi internet kanalından silinməsi üçün Fərrux Ələkbərovdan 10 min manat pul istəyib, son nəticədə 1000 manat alıb.
Leyla Almaszadədən isə 300 manat pul alınıb.
Leyla Almaszadə isə məhkəmədə ifadəsində bildirib ki, o, problemi işıqlandırmaq üçün özü Teymur Kərimova müraciət edib və ona pul ödəməyib, ondan şikayəti də yoxdur.
Teymur Kərimov hökm oxunmamışdan əvvəl son sözündə də bildirib ki, ona qarşı ittihamlar saxtadır, sifarişlə həbs olunub, həbsinin səbəbi isə jurnalis fəaliyyəti idi.
Onun fikrincə, qanunsuzluqları ictimailəşdirdiyinə görə bu şəkildə cəzalandırılır.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən və daha sonra idarədə zorakılığa, pis rəftara məruz qalması barədə danışan Teymur Kərimovun sözlərinə görə, onu burada zorlamaqla hədələyiblər: "Dekabrın 11-də məni Zabratda saxlayıblar. Üç nəfər mülki geyimli avtomobilimə mindirib, şəhər tərəfə gətirdi. Maşında olanda istədim ki, evimə, vəkilə zəng eləyim, qoymadılar. Telefonu əlimdən alıb uçuş rejiminə qoydular. İdarədə rəis müavininin gözünün qabağında məni döyürdülər. Dəfələrlə vəkil istədim. Vəkil istəyəndə vəkili də söydülər. Dəfələrlə özüm də, vəkilim də söyülüb. Müstəntiq Akif Məcidov şəxsən özü məni aparıb rəis müavininin yanına, orada məni döydürüb. Məndən aldığı izahatdan da müdafiə hüququmun pozulduğu görünür. Axırda da məni zorlamaqla hədələdilər. Düzmüşdülər ora dubinka və butulkaları…”
Teymur Kərimov son sözündə məhkəmə araşdırmalarından da narazı qaldığını bildirib.
Onun sözlərinə görə, istintaqdakı qanunsuzluq, hüquq pozuntuları eyni formada məhkəmədə də davam etdirilib.
Azad Məcidovun sədrliyilə, Səbinə Məmmədzadə və Əli Məmmədovdan ibarət hakimlər kollegiyası qətiyyən həqiqətin üzə çıxmasında maraqlı olmayıb.
Teymur Kərimov deyir ki, işi Azad Kərimovun icraatına düşəndə artıq məhkəmədən ədalətli araşdırma gözləntisi yox idi: "Təxridxanadan məhkəməyə gətirilərkən zirzəmidə dustaqlarla ünsiyyətdə oluram. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Azad Məcidov və Novruz Kərimovdan hamı, yəni işi həmin hakimlərdə olan təqsirləndirilən şəxslər qan ağlayır. Nəticə olaraq, hakim Azad Məcidovun verəcəyi hökmün ədalətli olacağına inamım yoxdur. Prosesin gedişi də yanılmadığımı göstərdi. Həqiqətin üzə çıxması üçün qaldırdığım vəsatətlərin heç birini təmin eləmədi. Deyirəm ki, İstək Totiyeva ilə Fərrux Ələkbərovun görüşmədiyini sübut eləməyim üçün telefon anten məmulatları alınsın, almır. Hakimsən, niyə eləmirsən? Sübut olundu ki, bu adam iş materiallarını oxumadan işə çıxır. Yoxsa bilərdi ki, biz işgəncə məsələsilə bağlı prokurorluğa şikayət eləmişik, artıq prokurorluq qərar da verib”.
Teymur Kərimov ümumiyyətlə, korrupsioner, dövlətin və xalqın malını talayan şəxslər azadlıqda saxlandığı halda, günahsız adamların həbsə atıldığını da son sözündə vurğulayıb.
O qeyd edib ki, 4 azyaşlı övladı var, ailəsi maddi çətinlik içindədir: "Hazırda himayəmdə 4 azyaşlı uşağım var. Evin yeganə gəlir gətirən şəxsi mən olmuşam. Hazırda mənim ailəm və 4 uşağım dost-qohumlarımın verdikləri maliyyə ilə yaşayırlar. Bu nə zamana kimi davam edəcək? Ancaq dövlətin və vətəndaşların pullarını mənimsəyən şəxslər ev dustaqlığında, azadlıqdadır. Bu qədər insanlar arasındakı fərqlər hansı səbəbdən baş verir? Hakim Azad Məcidov və digər hakimlər bu vəziyyəti guya görmürlər, görməzlikdən gəlirlər. Buradan bir nəticə əldə olunur ki, mənə qarşı qərəz var. İstər istintaqda, istərsə də məhkəmədə. Buradan da bir nəticə də aydın olur ki, sifarişlə həbs olunmuşam. Yoldaş hakimlər, nə mən, nə də bu zalda oturanlar uşaqdır. Biz ətrafımızda baş verənləri yaxşı görürük. Səlim Müslümov 27 milyon mənimsəmə və rüşvət almada ittiham edilir, az sonra ev dustaqlığına buraxılır, sonra da ona şərti cəza verilir”.
Teymur Kərimovun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm oxunandan sonra onun yaxınlarının vəziyyəti məhkəmə zalında pisləşib.
Vəkili Nemət Kərimli Meydan TV-yə bildirib ki, hökmdən apelyasiya şikayəti verəcək.