Tibb kollecinin "digər mallar" aldığı müəmmalı şirkət - Çarçarov dayanmır...

Tibb kollecinin

23-01-2025 02:17 / Bu xəbər 172 dəfə oxundu

2 nömrəli Bakı Baza Tibb Kolleci "Safmeren LN 2024” şirkəti ilə satınalma müqaviləsi imzalayıb. 

"Qaynarinfo"nun məlumatına görə, şirkət kollecin "digər malların alınması" ilə bağlı keçirdiyi kotirovka sorğusunun qalibi seçilib. 

Məlum olur ki, 2 nömrəli Bakı Baza Tibb Kolleci şirkətdən alacağı "digər mallar"a görə 19 050 manat ödəyəcək. 

Kollecin şirkətdən alacağı malların nədən ibarət olması bəlli deyil. 

"Safmeren LN" şirkəti 5 aprel 2024-cü ildə qeydiyyata alınıb. 

Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, İlham Məmmədov küçəsi, ev 10, mənzil 149-da yerləşir. MMC-nin qanuni təmsilçisi Çarçarov Elnur Rafiq oğludur. 

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. 

Araşdırmalarımız zamanı məlum olub ki, Elnur Çarçarovun adına daha 3 şirkət var. Həmin şirkətlər aşağıdakılardır:

* "Asrol LL 2024” MMC
* "Zanbar RR” MMC 
* "Samares LM” MMC 

Bundan başqa, Elnur Çarçarovun bacısı Aynur Çarçarovanın adına 5 şirkət qeydiyyata alınıb. Bunlar "Avsom 2024” MMC, "Ayazen 2024” MMC, "Azeforn RN” MMC, "Simoder LM” MMC və "Kanera AS” MMC-dir. 

Şirkətlər eyni tarixdə təsis olunsa da, fərqli hüquqi ünvanlarda qeydiyyatdadırlar. Adətən, bu tip şirkətlərdən tender oyunlarında istifadə edilir.