“Tiraj terminatoru”

“Tiraj terminatoru”

02-11-2023 00:46 / Bu xəbər 1227 dəfə oxundu

Və yaxud sınmayan diri imza, ləyaqətli həmkar

Aydın Can

Heç kim onu kimi olmaq istəmir!
Onun kimi olmaq məhrumiyyətdir! 
Xəstələnməkdir! 
İtirməkdir! 
Kirayələrdir! 
Həmişə olmasa da, müəyyən dönəmlərdə ailəni çətinliklə dolandırmaqdır!

Mübarizədir! Regional balansdan məhrum olmaqdır! 
Oyun qaydalarından imtinadır, qəlibə salınmağa razı olmamaqdır!
Onun kimi olmaq istəməmək verilən şansdan imtina etməməkdir!

Onun kimi olmaq ölkə boyda olub dünyada etiraf olunub, dünya miqyaslı oğul böyütməkdir!
Bu potensial olmadığına görə heç kim onun kimi olmaq istəmir, cəhd etmir!

Şahvələd Çobanoğlundan – Şahvələd Abutalıb oğlu Namazovdan danışıram: tələbə olanda komsomol biletindən qrup yoldaşı Rövşən Hacıyevlə-Hacıbəyliylə birlikdə imtina edən oğlandan-vətəndaşdan-şəxsiyyətdən!

Onun kimi olmaq imtina mədəniyyətinə malik olmaqdır!
Şahvələd Çobanoğlu mənim dost olmadığım, amma həmkar və iş yoldaşı olduğumdur!

Bir dəfə atamı Bakıya gətirmişdim həkimə. Dostum Aqil Alışov yaxınlaşanda atam talışca soruşdu ki, bunu da "söymüsən”? 

Qayıtdım ki, yox, Aqil Alışovu hətta içəndə söyməmişəm, rahat otur, çayını iç! Amma Şahvələdi ayıq başla "söydüyüm” qardaşdır – baş redaktor özünün qrup yoldaşı olduğu qəzetdə ("Azadlıq”, Rövşən Hacıbəyli) 

Polemika mədəniyyəti var Şahvələdin! 
İncimir, səbr edir, hövsələ və təmkinlə adama mövqeyini çatdırır!

Vəə... Şahvələd (2-ci kursda) mənim tələbə (3-cü kursda) olarkən bir redaksiyada bərabər hüquqlarda – ikimiz də möhtəşəm baş redaktor Mehman Cavadoğlunun dəyər verməsi sayəsində şöbə redaktoru – işlədiyim həmkarımdır!

Sonralar, hakimiyyət dəyişikliyi dönəmində yollarımız ayrıldı. Siyasi kurs, azadlıq, demokratiya əqidəsi dəyişməsə də, seçdiyimiz cərəyanlar bizi üz-üzə qoydu!
 Şahvələd Çobanoğlu mətbu olimpdə "tiraj terminatoru” adını qazanan ilk həmkarımız oldu!

Yüzəcən həmkarımız onunla işlədi, onunla təsəlli tapdı, onunla ucaldı, onunla vətəni sevdi, onunla birgə demokratiya uğrunda vuruşdu!

Həmkarlarımızın içində daha bir üstün keyfiyyətiylə seçilib Şahvələd: hər zaman adamın qoluna girib, hər zaman ayaqda saxlayıb, hər zaman uğurlara sevinib!
1998-ci ildə təsadüfən məni Bülbül prospekti, 28-də gördü: 

Frenk Elkaponinin sponsorluq etdiyi "Azərbaycan XXI əsr” qəzetinin baş redaktoruydum – rəhmətlik Zakir Sadatlı demiş, əynimdə şaxı adam kəsən 400 dollarlıq kostyum, 150 dollarlıq ayaqqabı, 100 dollarlıq köynək, 100 dollarlıq qastuk, əlimdə dəri keys (hamısı təptəzə, Frenk Elkaponu Moskvada MUM-da alıb, geyindirib, göndərib Bakıya, hamısı da brend italyan markası)!

Şəhərin mərkəzindəki ofisə işarə edib "bax, mən Aydını belə görmək istəyirəm!”, - söylədi!

Mən Şahvələdin üzündəki o işıqlı təbəssümü, İlahi səmimiyyəti bir daha heç kimdə özümə qarşı görmədim... uğurum olanda!
Və... günlərin bir günü yolumu bir daha və yenidən "Azadlıq”dan saldım! Ki... bəlkə qonorarla yazılarımı verələr!

Baş redaktor qrup yoldaşım, əməkdaşlar dostlarım idi – korrektorluğu belə çox gördülər. Məni yaxın buraxan olmadı. Pəjmürdə "28 may”-a qalxırdım. Yolda Zöhrab İsmayıl məni gördü. Vəziyyəti biləndən sonra tutdu qolumdan, apardı Şahvələdin yanına: "Aydın iş axtarır”.

Həmən Əvəz Zeynallını çağırdı:
- Əvəz, Aydın bu gündən şöbə müdiridir! Sən də onunla işləyəcəksən!

Sən demə, Türkiyədən təhsildən təzəcə vətənə dönən Əvəz Zeynallı imiş şöbənin müdiri. İlk dəfə gördüyüm Əvəz bəy məni şöbənin işçilərinə təqdim etdi! Tez də mənə vəsiqə verdilər!

İki gün işə gəldim: gördüm Əvəz böyük şövqlə işləyir! Enerjili bu gənc oğlanın gələcəyin böyük imzası olmaq ehtimalı çox yüksəkdir – onda bilmirdim ki, Əvəz Zeynallı "Böyük Gələcək” adında jurnal da buraxıbmış. Fəhmlə hiss etdim ki, hər nədirsə doğru deyil: Şahvələd Çobanoğlu mənə dəyər verir, Əvəz Zeynallı güzəştə gedir, amma mənim faydam uzaqbaşı beş-üç yaxşı yazı olacaq! 

Mən həmin ərəfədə dost, qrup yoldaşı, həmkar xəyanətindən işsiz qalmışdım, indi bilə-bilə ki, indi olmasa da, gələcəkdə çox böyük imzaya maneəyəm, üçüncü gün gəlmədim "Günaydın”da "günaydın” deməyə!

Sağ olsun, Azər Hüseynbala, Sarvan Səmədoğlunun xahişi ilə Moskvaya bilet aldı, uçdum Moskvaya!

Və mən Şahvələdin heç vaxt heç kimdən görmədiyim mərdliyini gördüm: nazirlərdən biri qəzet buraxmaq istəyəndə ətrafındakılar mənim adımı da veriblər, bunu Şahvələd necəsə bilib, deyilənə görə! İşsiz olduğu vaxtda nazirlə görüşdə bilirsiniz nə deyib:
- Cəlal Əliyev səndən dəyərli adamdır, heç olmasa bilinir kimdir, mən onunla işləyərəm, səninlə yox!
Təklif olunan maaş 3 min dollar – 90-cı illərin axırında!

Eyni söhbəti mənə başqa mənbə başqa "formulirovka”da çatdırdı: qəzet rəhbərliyini ələ keçirmək üçün nazirin komandasındakı qruplaşmalar ""yeraz” olarsa, toxunmazlar qəzetə” arqumentiylə əleyhdarlarının qabağına "alkaşdır Aydın, üstəlik də deyərlər yerlibazlıq edirlər”i bəhanə gətiriblər!

İstənilən halda... Şahvələd Çobanoğlu nəfs, iddia baxımından bilmədən, xəbərsiz olduğu halda, daha bir gözəl həmkarımız, vaxtsız rəhmətə getmiş Məmməd Nazimoğlu kişiliyi sərgiləyən ikinci həmkarımdır: rəhmətlik Məmməd Nazimoğlu açıq bildirmişdi amma: "Aydın lazım olan qəzeti buraxır, mən də lap yaxşı buraxsam da, elə onun kimi buraxacam da”.

Şahvələd Çobanoğlu özünün haqq etdiyini həmkarına rəva görəndir – bu da Azərbaycanda olmayan bir presedentdir: adam yekəxana deyil o boyda möhtəşəmliyi ilə, adam onun kimi yazan və mübarizə aparan adamı ölkənin də, beynəlxalq təşkilatların da əvəzinə qiymətləndirir, onların nəzərinə çatdırır, təqdim edir böyük saydığı və böyük olan imzanı! Şans, imkan, səlahiyyət öz əlindədirsə!

Mən Şahvələd Çobanoğlunu sevindirəcək, dəyərləndirəcək, yüksəldə biləcək elə bir fakt görmürəm bu gün mətbuatda! Ancaq bu gün mən onun da əvəzinə sevinirəm!

Ona ən böyük dəyəri evində veriblər – apardığı mübarizə illərində, sağlamlığı təhlükədə olanda, işsiz qalanda... evi və evindəkilər yanında olub!

Bir mübarizə imzası üçün bu çox böyük motivasiyadır! Əvəz Zeynallı 2002-ci ildə qardaşımın toyunda dəpdəqiq ifadə etdiyi kimi: "Azərbaycan heç, Azərbaycan heç Əbülfəz Elçibəyi qiymətləndirə bilmədi, Aydını heç evində tanımırlar”.

Şahvələd Çobanoğlu Azərbaycan mətbuatında evinin içiylə-cölüylə, yazısının ərdəmi və əndazəsizliyiylə, peşəkarlığının sərtliyiylə sınmayan, alınmaz qaladır!

Şahvələd haqqında bu son abzasdakı ifadələri ona görə ürəklə və cəsarətlə yazıram ki, oğlu Abutalıb elmimizdə atasının jurnalistikadakı fövqəladəliyini və cahanşümullüyünü nümayiş etdirir!

Sənə "Şah” deyə müraciət edib təbrik edərdim, Şahvələd Çobanoğlu, bir dəfə birinə dəyər verib dedim, əlim yanıb ağzıma təpmişəm! 

Arzu edirəm ki, ömrünün sonunacan dostların "Şah” müraciətini qoruyasan!

Özün dediyin kimi, gör nə tez çatdıq 55-ə. 
Nə yaxşı ki, o illərin saflığını, təmizliyini, gülüşünü diri saxlaya bildik!
Həmişə diri qal, diri İmza, ləyaqətli həmkar!