Türkiyə seçkiləri: “O əjdahadan bizdə niyə yoxdur?“

Türkiyə seçkiləri: “O əjdahadan bizdə niyə yoxdur?“

06-04-2024 23:24 / Bu xəbər 1485 dəfə oxundu

Səməd Şıxı

Son 2 ildə Türkiyədəki referendum xaric, bütün seçkiləri görmək fürsətim olduğu üçün özümü xoşbəxt hiss edirəm. Ona görə ki Azərbaycandan fərqli olaraq seçkinin hələ də mövcud olduğu, insanların hələ də ümidlə yaşadığı bir ölkədə seçki prosesini izləmək şəraitim oldu, bu mənim üçün dəyərli və vacib nəticələr çıxara biləcəyim bir mühit idi. 

2023-cü ilin mayında olacaq Türkiyədə prezident və parlament seçkisi üçün aylar əvvəldən biletimi almış, qalacağım evi tutmuşdum. Həm seçkini yaxından izləyə bilmək, həm də aksiya baş tutarsa, ya bir görüş olarsa qatıla bilmək üçün xərci çox olsa da mərkəzi yerdən ev tutmuşdum. 

Azərbaycandakı seçki macəraları, həyəcanı axtarışım məni, əsasən, şərq bölgələrinə getməyə təkid etsə də mən böyük şəhərlərdəki seçki prosesini görmək istəyirdim. Seçki saxtakarlıqları, seçki mübarizəsini xeyli görmüşdüm, normal seçki necə olur onu görmək istəyirdim. İstanbul və İzmir bu baxımdan müxalifətin həm güclü olduğu şəhərlər, həm də Türkiyənin önəmli nöqtəri idi deyə seçimimi buradan etdim. 

İzmirə seçkidən 2 gün əvvəl getmişdim. CHP-nin aksiyası, insanların küçələrdə "haqq, hüquq, ədalət” deyə qışqırıqları, insanların aktiv halda mitinqə qatılması və polisin müdaxilə etməməsi mənim öyrəşdiyim bir şey olmasa da, bunun dadını çıxarır, küçədə dolaşaraq özümçün şəki, video çəkirdim. Onlardan daha çox həyəcanlanırdım.

Səhər saat 08:00-dən məntəqələri gəzməyə başlasam da, gözümə dəyən bir-iki şəxsdən kənar heç kəs səsverməyə gəlməmişdi. Yarım saat sonra aktivlik artmağa başladı. Həm İzmirdə, həm də İstanbuldakı seçkidə diqqətimi çəkən və paradoks yaradan bir səhnə AKP ilə bağlı oldu. İzmirdə səsvermədən çıxan ilk şəxsin sözü "inşallah AKP qazanar” olmuşdu. İzmirdə AKP-li görmək qəribə gəlirdi mənə...

Qarşılaşdığım bəzi insanlarsa, Ərdoğan qazansın istəyirdi. Səbəbini soruşanda fərqli olaraq: "Kamal qazansın istəyərik, amma sonrasında pis vəziyyətə düşəcəyik, buna öyrəşmişik, bu xaosu idarə edə bilir, az-az olur nə olur və nəzarət edir, amma dəyişsə ciddi bir böhran yaşansa, Türkiyə çıxılmaz bir yola girər”, - deyirdilər. 

Bu sözlər mənim üçün heç yad deyildi deyə rahat həzm edirdim. Təəssüfləndiyim buranın da Azərbaycanlaşdığını görmək idi. Gənclərdən daha çox orta  nəsil dərd edirdi ki, nəticələr nə olacaq, bundan sonra nə kimi dəyişiklik baş verəcək. 

Səsvermə prosesindən danışım biraz. Məntəqə sədri və komissiyası Azərbaycandakı kimi təyinetmə ilə sadəcə hakimiyyət mövqeli deyildi, bəzi yerlərdə müxalif də olurdu ki, bu da müşahidəçilər üçün problemsiz bir gün demək idi. İş bölgüsü partiya müşahidəçiləri arasında bölünür, onların da iştirakçılığı təmin olunurdu. 

Mübahisələr olsa da, bu ciddi bir toqquşmaya gətirmirdi. Bir müşahidəçi çölə çıxarkən isə rahat olurdu, çünki içərdə nəzarət edəcək digər yaxın partiyalardan müşahidəçilərin olduğunu bilirdi. Gələn şəxslərin sayının dəqiqliyinə də çox diqqət edirdilər, tez-tez rəqəmləri aralarında bölüşürək hər kəsin eyni rəqəm saydığını yoxlayırdılar. Müşahidəçilər, həmçinin səsvermə başlamazdan əvvəl and içir, seçkidə şəffaf və təmiz olacaqlarına söz verirdilər. 

Müşahidəçilərin aktiv olmağı, fəal formada iştirak etməyi seçki prosesinə xüsusi diqqət tələb etdirirdi ki, bir məntəqə rəhbərlərinin edəcəyi səhvlə qiyamət qopa bilərdi. 

Müşahidəçilər hesabatlarını tez-tez qeyd edir, mərkəzə ötürürdülər ki, statistika çıxara bilsinlər, anket müəyyən etsinlər. Bəzi partiya nümayəndələrinə bu baxımdan kömək etməyə çalışırdım ki, işləri sürətlənsin. 

İzmirdə 3 sandıqdan nəticə götürdüyümü öyrəndiklərində təəccüblənmişdilər ki, onları necə çatdırdım. İzah etməyi çətin idi ki, Azərbaycanda birini almaq necə bir çətin prosesdir, burada almağa nə var. Müşahidəçilərin heç bir narazıçılıqları olmasın deyə biri təkrar bülletenlər yoxlansın dediyi üçün bülletenləri təkrar saymaqlarına şərait yaradılırdı. Gözünə hər hansısa nüans sataşsa, yaxınlaşaraq bülletenə, ya həmin yerə baxa bilirdi.

Mənim ən xoşuma gələn və önəmli hesab etdiyim isə səslərin artıq hesablanmağı mərhələsi idi. Qutular tərsinə çevrilib, aşırılmır, bülletenlər yerə dağıdılmır, mədəni bir formada sandıqların qapaqları açılaraq içərisindən bülletenlər çıxarılır, müşahidəçilərin köməyi isə hissələrə bölünür, kateqoriyaşdırılıb, sayılmağı üçün hazır vəziyyətə gətirilir. 

Səslər hesablanarkən də hər bülleten müşahidəçilərə göstərilir, kimə səs verildiyi təqdim edilir, səslənirdi. Onlar da özlərində qeyd edirdilər. Axırda hər bir müşahidəçinin razılığı ilə hesabat tutulur, protokollaşdırılırdı. 

Azərbaycanda bunu etmələrini hər dəfə istəsəm də mənimlə dalaşaraq etməyəcəklərini deyirdilər. "Bülletenləri göstərin, biz nə bilək orada kimin adı yazılıb” sözümüzün heç bir əhəmiyyəti olmurdu. Özləri üçün sayır, yaxınlaşıb baxmağa da qoymurdular. Hələ qutuların açıldığı vaxt tərs çevrilib, yerə tökərək, masanın arasındakı hazır bülletenləri araya qatmalarına söz demirəm.
 
Səslərin hesablandığı vaxt isə müşahidəçi olmayan şəxslər də məntəqələrə gələrək müşahidə edə bilərdilər. Çəkiliş etmək istəsəm də mənə icazə vermədilər, amma heç kəs belə bir şey etmirdi deyə mən də səsimi çıxarmadan sadəcə not almağa davam etdim. 

İzmirdə insanlar prezident seçkilərində Ərdoğanın çox səs aldığından, İstanbuldakı Bələdiyyə seçkilərində isə insanların səsverməyə az gəlməsindən şikayətlənirdilər. Məntəqədən 285 səs Qılıçdaroğluna, 22 səs Ərdoğana çıxdığı halda Ərdoğanın çox səs topladığını deyirdilər. 

Mən gülürdüm ki, biz bunu da görmürük. Evdə bişməyib, qonşudan gəlməyim misalı, görməmişəm. Onların təəccübləri mənə sadəcə kədər dolu gülüş bəxş edirdi.

Preziden/parlament seçkisindən sonra ikinci turun olacağını öyrənəndə təəssüflənmiş, biraz da əsəbləşmişdim ki, ilk turda həll edilə bilərdi bu məsələ. Şərq bölgəsinin gözdən uzaq yerlərində seçki saxtakarlıqları edərək səslərini artırmışdı bir xeyli. İkinci turu da Ərdoğan özü təklif etdi ki, seçki 2 həftə sonrasına qalsın. Müxalifət də razı qaldı. 

Razı qalmalı idi əks halda insanları küçəyə yığmalı idi ki, bu da qiyam, vətəndaş müharibəsi demək idi. Bunu istəmədilər, bir də nəticəsindən qorxdular. İkinci turda da Ərdoğanın qalib olacağı məlum idi, amma bir ümidlə fərqli nəticə gözləyirdi hər kəs. Bu məğlubiyyət camaatda xeyli mənfi təsir buraxdı. Bələdiyyə seçkilərində insanların fəal olmamağının əsas səbəblərindən biri bu idi. 

İnamları qalmamışdı, qazanacaqlarına inanmırdılar. Düşünürdülər ki, yenə saxtakarlıqla nəsə edəcək. Amma müxalifətin əsas şəhərlərlə yanaşı bir çox şəhəri və "ilçe”ləri götürməyi insanlara yeni ümid bəxş etdi. 

Səsvermənin əvvəlində olan inamsızlıq, seçkinin axırına gəldikdə hər kəsi TV-nin qarşısına yığmışdı. Hətta hakimiyyətyönümlü anketlərdə də CHP-nin irəlidə olduğunu görəndə insanlar bu dəfə əmin oldular ki, hələ ümid ölməyib. 

Maydakı seçkidə yaranmış inamsızlıq, ümidsizlik hələ getməmişdi. Hələ də özünü qoruyurdu. Buna görə insanlar son dəqiqəyə qədər sükutunu qorumağa çalışırdı. Müxalifət də nəticə çıxarmış, əvvəlki seçkilərdə "öndeyiz” kimi söhbətləri də etmirdilər. 

Bələdiyyə seçkisində əsas diqqət İstanbula idi. Tək Türkiyə cəmiyyəti yox, dünya ictimaiyyətinin də gözü İstanbuldakı nəticədə idi. İmamoğluya növbəti prezident kimi baxırdılar. Buna görə onlar üçün bu seçkini qazanmağı mütləq şərt idi. 

AKP bu seçkidə itirdiyi bölgələrin heyfini kürdlərin kütləvi yaşadığı, DEM partiyasının hakim olduğu ərazilərdən çıxmaq, itirdiyi gücü bura ilə əvəz etmək istədi. Bunu etməkdə bir məqsəd də yeni xaos görüntüsü formalaşdırmaq idi. Bu hakimiyyətə tək bələdiyyə qazandırmayacaq, həm də oradakı insanları acıqlandıraraq dövlətə qarşı çıxmaqlarına məcbur edəcəkdi. 

Şırnak bölgəsində polis və əsgərlərin kütləvi səsvermədə iştirakı, insanların onlara qarşı etiraz etməyi və medialarda paylaşaraq "kürdlər polisə qarşıdır, əsgərə qarşıdır” görüntüsü yaratmaqları bu istəyin bir parçası idi. Həmin polislərin başqa-başqa bölgələrdən gətirilərək seçkidə istifadə edilməsi halı əvvəlki seçkilərdə də olmuşdu deyə bunu bilirdilər. Nəticədə AKP oradan qalib ayrıldı. Həm də orada heç zaman yaşamamış, xidmətdə olmamış şəxslərin hesabına. 

"Bələdiyyə həmin bölgədə yaşayan insanlar üçündür, oranın insanı qərar verməlidir” söhbəti isə heç bir əhəmiyyət daşımadı. Çünki türkiyəlilər nə qədər etiraf etməsələr də millətçilikləri mövcuddur və kürdlərin söz sahibi olmağına maraqlı deyillər.

İstanbulda DEM partiyasından şəxslərlə görüşdüyüm zaman onların İmamoğluya dəstək olduğunu öyrənəndə soruşmuşdum ki, axı siz özünüz də ayrı namizəd çıxarmısız. Mənə izah etmişdilər ki, bu sadəcə üzdə göstərilən bir təqdimatdır. Hakimiyyət "CHP DEM ilə ittifaq edib” deyə bilməsinlər deyə bunu ediblər. Nəticədə İstanbuldan DEM cüzi səs aldı, çoxluq isə İmamoğluya səs verdi.

Van şəhərində misalçün bütün "ilçe”ləri DEM partiyası qazandığı halda, məhkəmə qərarı çıxarılaraq DEM-in nəticəsini saymayaraq AKP-dən namizədi bələdiyyə sədri təyin etdilər. Xalq buna etiraz etsəməyə başlayanda bunun nəyisə dəyişəcəyinə inanmıram. Daha sonra bu etiraz digər bölgələrə də sıçramağa başladı və ard-arda bir çox bölgədə namizədlər ya həbs edilir, ya da nəticəsi sayılmayaraq AKP-ni qalib hesab edildi. 

Ərdoğan ümumi seçkidəki məğlubiyyətinin heyfini kürdlərdən çıxmaq istəyirdi, çünki xalqın buna ciddi səs çıxarmayacağını düşünürdü, hətta bəzi hallarda haqlı da görəcəklərini bilirdi. 

"Kayyum” sistemi ilə bələdiyyə sədrini həbs edib, yerinə öz adamını təyin etmək də artıq onlar üçün uzun proses kimi gəlir. Yerindəcə ləğv edərək bu əziyyətə girmək istəmirdi. Nəticəsi isə gözlədiyi kimi olmadı. Kürdlərin ciddi müqaviməti və etirazların böyüməsi hakimiyyəti geri addım atmağa məcbur buraxdı. 

Van şəhərindəki DEM-in qələbəsini tanıdı. Seçkidəki məğlubiyyətinin ardıyca növbəti məğlubiyyətini alan AKP-ə artıq hər kəs sonun başlanğıcı gözüylə baxır. AKP Ərdoğanla yaranmış, onunla özünü tapmış bir partiya olduğu üçün növbəti seçkidə yox olacağını düşünürlər. Bunu isə növbəti seçkidə bilə biləcəyik.

Bələdiyyə seçkisindən sonra insanların seçkini qeyd etmək üçün küçəyə çıxıb oxuyaraq, deyib gülərək meydanlara toplaşdığını görmək sevindirir, bir tərəfdən də kədərləndirirdi. Qalib olmağını istədiyim şəxslər, partiya idi, amma mənim deyildi. Buna görə sevinə bilmirdim. Azərbaycanda müşahidə etdiyim qədər hər kəs Türkiyə seçkisini yaxından izləyirdi. Fərqi yoxdur bu prezident, parlament, ya bələdiyyədir. Çünki insanlarımız seçkiyə acdır. 

Türkiyədə söhbət edərkən məndən Azərbaycandakı seçkinin vəziyyətini soruşanda mən gülmüşdüm ki, biz seçkidə qalib olmağı deyil, seçkiyə qatıla bilib, seçkidə məğlub olmağı istəyirik. Qatılaq, məğlub olsaq da olar, sonra həll edərik, ilk öncə seçkiyə qatıla bilək. Sonra uduzaq, uduzduq deyə dərdlənək. 

İnsanların Türkiyə seçkisi ilə maraqlanmağının ilk səbəbi seçki aclığı, digər səbəbi isə bunun təhlükəsizliyi idi. Heç kəs CHP-ə, DEM-ə, və ya digər partiyalara dəstək olduğu üçün polisə çağrılmayacaq, həbs edilməyəcəyini bilir. 

Türkiyə seçkisi nə qədər bir türkiyəli üçün kifayət qədər demokratik, ədalətli olmasa da, bizim üçün hazırki vəziyyətin özü bir nemətdir. Paxıllıq edirdim açığı. Bir gün biz də belə olacağıq deyirdim. Kim bilir, bəlkə də…

Bir gün, amma mütləq…