Ukrayna Suriya ilə diplomatik əlaqələrini kəsib

Ukrayna Suriya ilə diplomatik əlaqələrini kəsib

01-07-2022 21:24 / Bu xəbər 950 dəfə oxundu

Səbəb "Əsəd rejimi”nin separatçı respublikaları tanımasıdır

Ukrayna Xarici İşlər Nazirliyi Suriya ilə diplomatik əlaqələrin kəsilməsi ilə bağlı bəyanat yayıb.

Səbəb Suriyanın Ukraynanın işğalda olan ərazilərində yaradılmış qondarma Donetsk və Luqansk vilayətlərinin "müstəqilliyini” tanımasıdır.

Ukrayna Xarici İşlər Nazirliyi bildirir ki, Suriyanın bu qərarı ölkələrinə qarşı qeyri-dost hərəkətdir.

Eyni zamanda, bu addım Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd, qanunvericiliyinin, BMT Nizamnaməsinin, beynəlxalq hüququn fundamental norma və prinsiplərinin pozulmasıdır:

"Suriya rejiminin Kreml kuratorlarının göstərişi ilə Donetsk və Luqanskdakı Rusiya işğalçı administrasiyalarına psevdosubyektivlik verməyə cəhd etdiyi şübhəsizdir”.

Ukrayna hökuməti bu qeyri-dost hərəkətə cavab olaraq, 24 aprel 1963-cü ildə Vyanada imzalanmış Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyasının 2-ci maddəsinə uyğun olaraq, konsulluq əlaqələrini kəsmədən Suriya ilə diplomatik münasibətləri kəsdiyini bəyan edib:

"Suriyaya ticarət embarqosu, habelə Suriyanın hüquqi və fiziki şəxslərinə qarşı digər sanksiyaların tətbiqi proseduru həyata keçirəcəyik. Bizim mövqeyimiz aydındır – biz Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək cəhdlərinə mümkün qədər sərt cavab veririk və bütün mövcud vasitələrlə, o cümlədən, diplomatik cəbhədə milli maraqlarımızı qoruyuruq”, – XİN rəhbəri Dmitri Kuleba vurğulayıb.

Luqansk və Donesk vilayətlərinin bir hissəsi, Moskva 2014-cü ildə Krımı qanunsuz ilhaq etdikdən sonra Rusiya tərəfindən dəstəklənən separatçıların nəzarətinə keçib.

Suriya və Ukrayna arasındakı diplomatik münasibətlərə gəlincə, daha əvvəllər də yaxşı olmayıb.

"Bəşər əl -Əsəd rejimi”nin Suriya xalqına qarşı cinayətləri ilə əlaqədar Ukrayna 2016-cı ildən Dəməşqdəki səfirliyini bağlayıb.

2018-ci ildə Suriyanın Ukraynadakı səfirliyinin bağlanması barədə göstəriş verib.

Suriyadakı ukraynalılar Ukraynanın Livandakı səfirliyinə müraciət edir.

Suriya hökuməti Rusiyanın ən yaxın müttəfiqlərindən hesab edilir.

Rusiyanın 2015-ci ildə Suriyaya hərbi müdaxiləsi Əsədə hakimiyyətini qoruyub saxlamaq imkanı verib.

Suriya Rusiyadan sonra qondarma Donetsk və Luqansk respublikalarını tanıyan ilk ölkədir.