Vətəndaşın başağrısına çevrilən müvəqqəti qeydiyyat problemi: onu necə həll etməli?

Vətəndaşın başağrısına çevrilən müvəqqəti qeydiyyat problemi: onu necə həll etməli?

13-12-2021 10:18 / Bu xəbər 2246 dəfə oxundu

Vahid Xəlil

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanuna (maddə 10) görə isə yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməli, həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. 

Qanunun bu normsından xəbərsiz olanlar "qanunu bilməmək məsuliyyətdən azad etmir” prinsipini bayraq edən dövlət qurumları ilə qarşı-qarşıya durmalı olurlar.

Statistika göstərir ki, qeydiyyat qaydalarını pozduğuna görə məsuliyyətə cəlb edilən insanların sayı yetərincə çoxdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 563.1-ci maddəsinə əsasən, vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya 30 manat məbləğində cərimə edilir.

Bu sahədə həm qanunvericiliyin qeyri-təkmilliyi, həm də qüsurlu praktika vətəndaşın öz ölkəsində özünə sərbəst yaşayış yeri seçmək hüququnu reallaşdırmasında ciddi problemlər yaradır. 
 
Nümunə gətirim: Birisi iş dalınca rayondan Bakıya gəlir, burada mənzil kirayələyir, ya da qohumlarıgildə qeydiyyatsız yaşayır. Bir müddət sonra həmin mənzilə təşrif buyuran polis əməkdaşı qeydiyyatı olmadığına görə onu inzibati qaydada cərimələyir. Nə adam qeydiyyata düşməli olduğundan məlumatlıdır, nə də bunu necə etməyin yolunu bilir. Ev sahibləri həmin şəxsin onların mənzilində və ya onlarla birgə yaşamasına etiraz etməslər də, "ağrımayan başına dəsmal bağlamamaq üçün” qeydiyyata düşməsinə razı olmurlar. Həmin mənzildə kimsənin (məsələn, qohumun) qeydiyyatsız yaşama faktı ev sahibi üçün məsuliyyət yaratmasa da, həmin şəxs üçün başağrısına çevrilə bilər. 

Bəzən də ev sahibi şəxsin qeydiyyata salınmasına etiraz etməsə də, mülkün qeydiyyat şəhadətnəməsi olmadığına görə, bunu edə bilmir. Bakıda (elə digər şəhər və rayonlarda da) on minlərlə sənədsiz evlərin olduğu heç kimə sirr deyil. Onların sənədləşdirilməsinin vacibliyi barədə uzun müddətdir söhbət gedir, amma proses hələ də yerində saymaqdadır. 

Mülkün dövlət qeydiyyatı barədə sənəd (çıxarış) yoxdursa, bu o anlama gəlir ki, dövlət onun qanuniliyini tanımır (bu cür məhkəmə mübahisləri yetərincədir). 

Dövlətin zəlzələdən ya vəlvələdən qanuniliyini tanımaqdan imtina etdiyi mənzildə qeydiyyatsız yaşayan vətəndaşı cərimə etməsi nə qədər qanuni sayıla bilər?

Bu cür cəza tədbirləri qanuni və legitim sayıla bilərmi? 

Avropa İnsan Hüquqları Məhkəməsi çoxsaylı qərarlarında (o sıradan Azərbaycanla bağlı) bəyan edib ki, dövlət vətəndaşın hətta icazəsiz olaraq tikdirdiyi mülkünün mövcudluğuna uzun müddət göz yumubsa, onunla bağlı kommunal xidmətləri, rüsumları qəbul edirsə, bu o anlama gəlir ki, həmin mülkün qanuniliyini tanıyır. Tanıyırsa, normal yanaşma həmin mülkə mülkiyyəti təsdiqləyən sənədi verməkdir. Dövlət bunu etmir, həmin mənzildə yaşayan vətəndaşı isə qanuniliyini tanımadığı mənzildə yaşadığına görə cərimələyir. 

Bu cür yanaşmanı legitim saymaq olarmı? Olmaz!

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunda qeyd olunan "müvafiq dövlət orqanı” dedikdə (sadə vətəndaş müvafiq icra hakimiyyətini necə müəyyən etməlidir, bu da ayrı bir mövzudur), Daxili İşlər Nazirliyinin ərazi üzrə polis idarələrinin pasport qeydiyyat şöbələri nəzərdə tutulur. Məsələn, Nəsimi rayonu ərazisində müvvəqəti yaşamaq istəyən vətəndaş ev sahibi ilə birlikdə Nəsimi rayonu Pasport Qeydiyyat Şöbəsinə yaxınlaşaraq qeydiyyata düşə bilər. 

Onu da qeyd edək ki, şəxs olduğu yer üzrə qeydiyyata düşərkən yaşayış yeri üzrə qeydiyyatı saxlanılır. Harasa müvəqqəti qeydiyyata düşmək üçün daimi qeydiyyatda olduğu yerin dəyişilməsinə gərək yox. 

Müvvəqqəti qeydiyyat həmin şəxslərə mülkiyyətlə bağlı hər hansı hüquq vermədiyi üçün mülkiyyət sahibləri də kirayə verdikləri mənzillərdə insanları müvvəqqəti qeydiyyata almaqdan çəkinməməlidirlər. Müvəqqəti qeydiyyat yalnız onun üçündür  ki, dövlət vətəndaşını axtaranda yerini rahat tapa bilsin.

Sənədi olmayan mənzillərdə qeydiyyat probleminin həlli yolunu isə dövlət özü tapmalıdır. Sənədi olmayan mülkün mövcudluğunu (qanuniliyini) de-fakto tanıyırsa, ora müvəqqəti qeydiyyata da razı olmalıdır. Ya da şəxsi həmin ərazinin polis şöbəsində qeydiyyata salmaq olar. Bu təcrübə başqa ölkələrdə də var. 

Dövlət hər kəsə öz ölkəsinin istənilən yerində sərbəst yaşaya bilmək haqqını təmin etməlidir. Bu vətəndaşın fundamental hüquqlarından biridir.