Vicdanın yaddaşı

Vicdanın yaddaşı

27-08-2021 17:15 / Bu xəbər 4522 dəfə oxundu

Ənnağı Hacıbəyli

"Feysbuk” rəsmən ömrümüzə çöküb. Az qala həyatımız da sosial şəbəkədən ibarətdir. Bunun yaxşı, ya pis olması ilə işim yox. Özəlliklə mənim kimi işsiz-gücsüz adamların, zatən, başqa məşğuliyyət tapması da çətindir. 

Dəfələrlə oradan getmək istəmişəm. Bəziləri deyir ki, ora ciddi adamların yeri deyil, bəziləri də deyir ki, yox, ən zəngin və çatımlı informasiya mənbəyidir "Feysbuk” və s. 

Əslində, sosial şəbəkələr bir qaçılmaz reallıqdır və işğal olunmuş teleməkanda alternativlər də çox deyil. Bir də ki bura Azərbaycan cəmiyyətinin güzgüsüdür: kimi, hansı təbəqəni, zümrəni, qrupu, cameəni axtarsan, burada tapa bilərsən...

"Feysbuk” həm də çox qiymətli xammal mənbəyidir. Araşdırma, tema, dartışma baxımından da defisit yoxdur – nə istəyirsən tap, oxu, dartış.

Özəlliklə siyasətçilər, az-çox tanınan siyasi xadimlərdən tutmuş sütül analitiklərədək - hamı burdadır və toplumun bugünkü durumunu da burdan yaxşı heç yer göstərə bilməz. 

Özünü istədiyin kimi göstərə bilərsən, onsuz da baxanda kim olduğun aydın görünür. Ancaq onlarla da işimiz yox. 

Kiməsə ağıl öyrətməkdən mənasız iş yoxdur. Üstəlik, özünü çox ağıllı sayan adamlar xeyirxah sözü də həzm eləmək istəmirlər. Sadə adamlarla və sadə adamlardan danışaq. Elə-belə, kimsənin özünə götürməməsi üçün...

Fikirlərimizi ifadə etməkdə azadıq. Kim necə istəyir, elə də yaza bilər, amma bəzən bu fikirlərin onu yazana aid olmadığı, "ustanovka"dan, buyruqdan gəldiyi aşkar görünür. Belə "fikirlər” fikir azadlığının gözdən salınmasıdır, insanların düşüncəsinin zorlanmasıdır. Belə halda bumeranq effekti qaçılmazdır. 
 
Nitsşe deyirdi: "Hər bir insanda tabe olmaq tələbatı var – buna formal vicdan deyirlər. Bu vicdan insana "nəyi etmək olar”, "nəyi qətiyyən etmək olmaz” əmri verir”. 

Burada kiməsə tabe olmaqdan yox, insanın öz daxili qanunlarına, prinsiplərinə, özü üçün qoyduğu əxlaq baryerlərinə tabeçilikdən gedir. Sən ancaq o zaman az-çox qəbul edilən, hörmət doğuran fikir yiyəsi ola bilərsən ki, o, kənar diqtədən, xarici tabeçilikdən deyil, özəl və özününkü olan tabeçilikdən irəli gəlsin.

Biz özgür şəxsiyyət cəmiyyəti, mərhəmətli insan toplumu yaratmağa çalışmalıyıq. Manqurtlar yetişdirməklə toplumu sabaha daşımaq olmaz. Özünü demokratiya padşahı elan etsən də, ətrafın sənə ağa, mütləq ruh(suz), son instansiya kimi baxacaq, çünki sən onları belə yetişdirmisən, onlardan bunu tələb etmisən, onları buna alışdırmısan.   

Hörmət, mərhəmət, ədalət, bir-birinə yardım hər bir halda mənəviyyat qanunlarına çevrilmir. Fərd və toplum onları mənəvi prinsiplər səviyyəsinə qaldıranadək onlar epizodik, fərdi, keçici hisslər olaraq qalır. Bir qrupun daxilinə hesablanmış mərhəmət xaricə nifrət saçmaya bilməz. Qrup ədaləti topluma ədalətsiz yanaşmanın mayasıdır, səbəbi-nəticəsidir... 

Hər birimizin yaddaşında günahlarımız yaşayır. Özümüzü unutmuş göstərməyimiz də əbəsdir. Hamı haqqını, haqsızlığını, yaxşı əməllərini və günahını yaxşı bilir. Günahlarımız bizə yaxşılıqlarımızdan daha yaxındır. Çünki vicdanı olanları yaxşılıqlar yox, günahları daha çox narahat edir, bəzən onlara əzab verir, onları yaxşılıqlarından daha çox yaxşılığı səsləyir, bəzən hətta məcbur edir.   

Stefan Sveyqin romanlarından biri bu sözlərlə bitir: "Vicdanın yaddaşındakı günah unudulmur”. 

Əlbəttə, vicdanlarını çeşidli texniki-kimyəvi vasitələrlə tez-tez günahlardan təmizləyənlər var, amma bu vasitələr ləkəsiz vicdan yarada bilmir. Özünüzü aldatmayın.   

İnsan vicdanının "hədləri” varmı? Məncə, yoxdur. Adətən, hədsiz vicdansızlıq halları ilə qarşılaşırıq, ancaq belə vicdanlar yaddaşlarındakı günahları unuda bilərlər.

Özümüzə günahsız vicdan arzulamayaq, bu, mümkün deyil. Sadəcə, günahlarını unutmayan vicdanımız olsa, yetər...