Vilnüsdə İqbal Əbilovun müdafiəsi üçün aksiya
06-08-2024 18:35 / Bu xəbər 720 dəfə oxundu
Çərşənbə axşamı, avqustun 6-da Vilnüsdə Azərbaycanın Litvadakı səfirliyi qarşısında Bakıda həbs edilən talış tədqiqatçısı İqbal Əbilova dəstək olaraq piket keçirilib.
Əbilovun müdafiəsi üçün yaradılmış "igbal.info" saytında qeyd edildiyi kimi, aksiya Əbilovun dostları və həmkarları tərəfindən təşkil olunub.
Piket zamanı petisiya üçün imza toplanması davam edib, həmçinin Əbilovun azadlığa buraxılması ilə bağlı çağırışlar edilib.
Aksiya iştirakçıları ingilis dilində "İqbal Əbilova azadlıq!”, "Elm cinayət deyil!” və s. şüarları yazılmış plakatlar qaldırıblar.
İqbal Əbilov iyulun 22-də qohumlarını ziyarət etmək üçün Azərbaycana gələn zaman saxlanılıb.
Ona qarşı AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (xarici təşkilatların və ya onların nümayəndələrinin göstərişi ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb.
O cümlədən, bütün bu cinayətlərin Ermənistan xüsusi xidmət orqanlarının göstərişi ilə törədildiyi iddia edilir.
Əbilov ittihamları rədd edir və sırf elmi fəaliyyətlə məşğul olduğunu bildirir.
Dünyanın müxtəlif ölkələrindən böyük bir qrup alim Azərbaycan rəhbərliyinə müraciət edərək Əbilovun azadlığa buraxılmasına köməklik göstərilməsini xahiş edib.