“Övladım deyir ki, biz nə vaxt təzə paltar geyinəcəyik?”

“Övladım deyir ki, biz nə vaxt təzə paltar geyinəcəyik?”

11-04-2022 13:31 / Bu xəbər 1892 dəfə oxundu

Altı uşaq anası ailəsini dolandıra bilmədiyini deyir

"Elə gün olur ki, quru çörəyi isladıb yeyirik”.

Masallı rayonunun Qızılağac kəndində yaşayan 6 uşaq anası Əqidə Əsgərova belə deyir. 

Onun sözlərinə görə, övladlarını yedizdirmək üçün gündəlik çörək almağa imkanı yoxdur.

Meydan TV-yə müraciət edən Əqidə Əsgərova bildirib ki, sonuncu dəfə evə nə vaxt ət, meyvə alındığını xatırlamır.

"Böyük övladımın 12, kiçiyinin 2 yaşı var. Həyat yoldaşım xəstədir, günəmuzd çalışır, amma bəzən həftələrlə iş tapa bilmir”, - şikayətçi deyib.

Ailə hərbi şəhərciyin ərazisində, tavanı, döşəməsi sınıb-tökülən daxmada qalır. Buna baxmayaraq onlara sosial yardım verilmir. Halbuki dəfələrlə gəlib evinə baxış keçirərək acınacaqlı vəziyyətdə yaşadıqlarını təsdiqləyiblər: "Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qəbula gedib vəziyyətimi danışdım. Dedilər ki, maraqlanacaqlar. Amma yerli şöbədən bildirdilər ki, hara istəyirsən müraciət et, sənə yardım verməyəcəyik. Səbəb isə onu göstərirlər ki, mən guya uşaqlarımı yaşlı anamın yanında qoyub şəhərdə işləyirəm. Gəlib qonşulardan soruşa bilərlər. Mənim dolanmaq üçün şəraitim yoxdur, iş axtarmayım?”

Ana deyir ki, uşaqlarını məktəbə göndərə bilmir, çünki adi qələm almağa imkanı çatmır: "Böyük övladımın ayaqqabısı, qışda geyməyə isti paltarı olmadı ki, məktəbə getsin. Uşaqlar həmyaşıdlarına elə həsrətlə baxırlar ki, ürəyim dözmür. Deyirlər ki, biz nə vaxt digər uşaqlar kimi təzə paltar geyinəcəyik. Kənd yerində meyvəyə həsrət qalmışıq. Nazirliyin yerli şöbəsində özlərinə də təklif etdim ki, yoxlamaq üçün qəfildən gəlsinlər, vəziyyətimizlə maraqlansınlar”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayətlə bağlı sualı cavablandırmayıblar. 

Masallı Rayon İcra Hakimiyyətindən isə ailənin vəziyyəti ilə bağlı sualı cavablandırmaq üçün bir qədər sonra zəng vurmağımızı tövsiyə etsələr də, günün sonunadək telefonlara cavab verilməyib.

Kənd sakinlərindən bir neçəsi də Meydan TV əməkdaşına ailənin vəziyyətinin həqiqətən yaxşı olmadığını, qadının ağır işlərdə çalışıb evinə çörək aldığını təsdiqləyiblər.