Xalqın cibinə girmək...

Xalqın cibinə girmək...

01-07-2024 01:40 / Bu xəbər 1281 dəfə oxundu

Azərbaycanda növbəti dəfə Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti bahalaşıb. 

Bu barədə Tarif Şurasından məlumat verib. 

Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 29 iyun 2024-cü il tarixində keçirilən növbəti iclasında qərar verilib. 

Qərara görə, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik bahalaşaraq, 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik qalxaraq 1 manat müəyyən edilib.

Bütün bunların fonunda hökümətyönümlü televiziya və xəbər portalları Tarif Şurasının qərarını müdafiə edir, bunun gələcək inkişafa hesablanan addımlar olduğunu əsaslandırmalağa çalışır.

Nə deyirlər?

Dövlətin təbliğat maşını olan AzTV-də Tarif Şurasının bu qərarından sonra sərnişindaşımada və benzinin keyfiyyətində ciddi dəyişiliklər olacağı qeyd olunur. Yəni belə başa düşülür ki, benzin ona görə, bahalaşıb ki, dövlət pul qazansın və bu pulla yeni "Avro-5" standarlarına uyğun zavodlar tiksin, həmçinin vətəndaşdan qazanılan pullarla yeni avtobuslar alınsın, içtimai nəqliyyatdakı biabırçı vəziyyət düzəlsin və s. Bunu həm də dövlətin təbliğat maşını olan AzTV-dəki ekspertlər deyir. 

Daha bir maraqlı nüans odur ki, guya qiymətin qaldırılması dövlətin istəyi və sifarişi deyil, qiymət qaldırılmasını dövlət deyil, Dövlət Neft Şirkəti (SOCAR) və ya ayrı-ayrı qurumlar tələb edib. Hətta onlar gediş haqlarını 60 qəpik etmək üçün çalışıblar, dövlət qoymayıb və 50 qəpik edib. Yəni dövlət xalqı düşünüb...

Tək-tək araşdıraq...

Birinci ondan başlayaq ki, qiymət qaldırılması zamanı əsaslandırılan faktorlar nədən ibarətdir...

2021-ci ilin yanvar ayı...

2021-ci il 4 yanvar tarixində Tarif Şurasının gözlənilmədən keçirdiyi iclas və 1 gün sonra yanvarın 5-dən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik olmaqla bahalaşdı.

O zaman da Tarif Şurasının bu qərarında göstərilirdi ki, qiymət artımı barədə təklifi Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) verib. Benzinin "Avro” standartlarına uyğunlaşdırılması, yanacağın keyfiyyəti, Neft Emalı Zavodunda (NEZ) aparılan müasirləşdirmə işləri və sair hallar qiymətin qaldırılmasını vacib edib. 

3 il 7 ay sonra - 30 iyun tarixində daha bir artlm - Tarif Şurası  Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik bahalaşdıraraq 1,10,, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik qalxaraq 1 manat edir.

Elə isə əvvəlki 3 il 7 ay ərzində -  2021-ci il yanvarın 5-dən, 2024-cü il iyunun 5-dək olan müddətdə nə dəyşdi? 

Benzinin "Avro” standartlarına uyğunlaşdırıldımı? Yanacağın keyfiyyəti yüksəldimi? Bu sualların cavabını daha yaxşı xalq cavablandıra bilər. Mənə gəldikdə isə birmənalı olaraq "yox" cavabını verirəm. Azərbaycanda yanacaqdoldurma məntəqələrində alıcılar hələ də aldadılır, benzinin keyfiyyəti yetərli deyil, xidmət sıfır səviyyədədir...

Bu qədər qiymət niyə qaldırılır və bu artım nəyə hesablanıb?

Belə düşünənlər də var ki, qiymət artımı xalqı hökumətin üzərinə qaldırmağa, narazılıq hallarının artmasınsa, insanlara qarşı olan saymaqlığı açıq şəkildə deməyə hesablanıb...

Açığı, xalq qiymət artımına razılaşmasa da, səsini çıxartmır. Səbəblər bəllidir, qorxur və qorxur... Niyə qorxur, o da bəllidir, göz gördüyündən qorxar.

Bəs dövlətin "ekspertləri" bu artımı necə əsaslandırır?

Biabırçı açıqlamalar, əsası olmayan arqumentlər, gülünc və biabırçı fikirlər. Təsəvvür edin, dövlətin əsas təbliğat maşını olan AzTV-də millət vəkili çıxıb deyir ki, dizelin qiyməti ona görə artıb ki, qara tüstünü çox verir, benzin ona görə az bahalaşıb ki, qara tüstünü az verir...

Bu qədər gülünc, düşük açıqlamalarla xalqı narahat edən məsələni necə gündəmdən çıxartmaq olar? Yaxud eyni kanalda danışan "ekspert" deyir ki, qitmətlər ona görə artıb ki, "Avro” standartlarına uyğunlaşdırılması, yanacağın keyfiyyəti, Neft Emalı Zavodunda (NEZ) aparılan müasirləşdirmə işləri aparılır.

Yəni ekspert demək istəyir ki, dövlət vətəndaşın cibinə girməklə, vətəndaşdan qazanmaqla bu işləri görmək istəyir. Bu heç bir normal hökümətin prioriteti ola bilməz. Dövlətin bu işləri görməsi üçün başqa alternativləri olmalıdır, gəlirləri düzgün tənzimləməli və əksinə vətəndaşı düşünən addımlar atmalıdır. Dövlət vətəndaşdan qazanmaz, vətəndaşa verər... 

Əslində, ekspertlər doğrunu deyir, bu gün baş verənlər onu göstərir ki, bu qərar işsiz, 400 manat əmək haqqı alan, 2000-ci ilin maşınlarını sürən vətəndaşın cibinə girib. Bir yandan məlumat yayılır ki, Aİ-95 markalı benzin də ucuzlaşacaq - 2 manatdan 1.50 qəpik olacaq. Gəlin bir qədər real olaq. Bu gün Azərbaycanda kimlər Aİ-95 benzinindən istifadə edir - məmurlar, biznesmenlər, havayı pul yeyənlər.

Ümumiyyətlə, kasıb təbəqənin idarə etdiyi avtomobillər Aİ-95 benzini işlətmir. O zaman yenə kimlər qazanır, məmurlar, biznesmenlər, biz zözlə imkanlı təbəqə. Faiz etibarıilə götürsək əksəriyyət kasıb təbəqədəndir və Aİ-92 benzinin istifadəçisidir.

Eyni zamanda içtimai nəqliyyatda və şəhərdaxili avtobuslarda da qiymətlər bahalaşıb - 40 qəpikdən 50 qəpiyə... Yəni ayın 22 günü avtobus və metrodan istifadə edən vətəndaş gün ərzində 40 qəpik əlavə xərcləyəcək. 20 qəpik metroda, 20 qəpik içtimai nəqliyyatda...

Ən əsası doğrudanmı 10 qəpiklərlə Azərbaycanın içtimai nəqliyyat problemini həll etmək olar və ya Neft Emalı Zavodunda (NEZ) aparılan müasirləşdirmə işlərini tamamlamaq olar?

Buna inanaqmı?

3 il əvvəl də eyni sözlər deyilmişdir və vətəndaş bunların heç birini görmədi.

Elə isə son qiymət artımı nəyə hesablanıb? Azərbaycanın gəlirləri azalıb, yoxsa gələcəkdə bizi hansısa başqa iqtisadi təhlükələr və ya sanksiyalar gözləyir ki, hökümət önləyici tədbirlərə əl atır. Hər şey ola bilər.

Son aylar dünyada baş verən prosseslər, Avropa və Qərbin əsasən Azərbaycanla bağlı fəqrli bəyanatları və dirənişi hansısa təhlükələrin olacağı ehtimalını daha çox ortaya qoyur. Ukraynanı işğalında Rusiyanın dalana dirənməsi, Kremli dəstəkləyən dövlətlərə qarşı barışmaz mövqe və sairə problemləri qaşılmaz edir.

Daha bir maraqlı nüans isə Azərbaycan hökümətinin ölkədə Parlament Seçkiləri ərəfəsində belə bir artıma getməsidir. Adətən, seçkilər öncəsi qiymət artımına getməyən, nüsbətən loyallıq nümayiş etdirən hökumət bu dəfə qiymət artımına gedir. Görünən odur ki, son qiymət artımı avtobuslar almaq, benzinin keyfiyyətini artırmaqdan daha çox daha qlobal siyasi gələcəyə hesablanır. Yəni bizə pul lazım olacaq... 

Ədil Hüseynov
Bizimxeber.az portalının baş redaktoru