Xankəndidə Qarabağ Universiteti yaradılır
28-11-2023 17:09 / Bu xəbər 1558 dəfə oxundu
Prezident 2 ay müddətində universitetin nizamnaməsini təsdiq etməyi tapşırıb
Prezident İlham Əliyev Qarabağda universitet yaradılması ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Xankəndidə Elm və Təhsil Nazirliyinin nəzdində Qarabağ Universiteti yaradılacaq.
"Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib. Ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb”, – sərəncamda qeyd edilib.
Əlavə olunub ki, yenidən Azərbaycanın nəzarətinə keçmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarıb.
Prezident Nazirlər Kabinetinə iki ay müddətində universitetin nizamnaməsini təsdiq etməyi tapşırıb.
Həmçinin ali təhsil müəssisəsinin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görülməsinə – universitetin Xankəndidə torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll edilməsinə göstəriş verib.