Xarakterli olmaq

Xarakterli olmaq

02-05-2024 13:08 / Bu xəbər 1217 dəfə oxundu

Əsəd Qaraqaplan

(Yaradıcı şəxsiyyətin manifesti)

Sənət adamlarının şəxsiyyəti – xarakteri ilə yaradıcılığını eyniləşdirmək lazımdırmı? Məncə, lazımdır. O yerdə ki, orada şəxsiyyət – xarakter yaradıcılığa təsir edir.

Heç birimiz uşaq deyilik və bilirik, kim necə düşünürsə, hansı psixoloji haldadırsa, o cür də yazır. Yəni o hala uyğun davranır. Əgər bir yaradıcı özünü müti (təslim olmuş, öz təslimiyyətini, cəsarətsizliyini elan etmiş) hiss edirsə, nə qədər istedadı və potensialı olsa belə, bunu üzə çıxarmaqda istər-istəməz kompleks yaşayır. Çünki "mən bunu hansı üzlə yaza bilərəm” düşüncəsi araya girirsə, o, daxilən çox şeyi qurban verdiyini anlayır. O an söz onu vurub kənara atır.  

Bu mənada şəxsiyyət sənətə bərabər olur. Yəni nələrdən imtina edə bilirsənsə, o qədər yaza bilirsən. Yoxsa hər şeyə göz yummaqla, heç nəyi "daxildən keçirmədən” davam etməklə olmaz. 

"Fərqində olmaq” hər zaman çətin yoldur. Bəzən bu yolda daha az yaradıcılar – daha az istedadlı və savadlılar da qazana bilir. Fərqində olub, onu eləməmək, ya da eləyə bilməmək daha faciəvi deyilmi?! Yaxşı istedadın və savadın var, amma yazacaq şəxsiyyətin – cəsarətin yoxdursa, bu nəyə yaraya bilər?! Elə bil varidatın yüksəkdir, ancaq acından ölürsən.

Bəlkə, keçmiş zamanlarda buna haqq qazandıracaq "həyati durumlar” var idi, bilmirəm. Ancaq biz indi "hər şeyin ifşa olunduğu”, "ortada fırlandığı” bir dövrdə yaşayırıq. İndi kimisə aldatmaq "saraylarda yaşayıb yaratmaq” qədər asan deyil. 

Bu düşüncəylə yaşamaq da irəli gedə bilməmək – orta əsr düşüncəsiylə yaşamaqdır. Şəxsiyyətsiz yaşamaq indiki dövrdə, bəlkə, "hər şeyi olmaq” deməkdir, ancaq dərin mənada həm də heç nəyi olmamaq demək deyilmi?! Çünki yazılacaq hər şey xarakterlə – imtina elədiyin şeylərlə bağlıdır. Ki, bu da, bəlkə, indi çox bilinməsə və oxunmasa da, nə vaxtsa sənət kimi ortaya çıxa bilər. Bundan narahat olmağa dəyməz. 

(Hə, bu da var: yanlış düşüncə yoxdur, inanmadığın düşüncə var. Kim şəxsiyyətsizliyə – xaraktersizliyə könüldən inanar ki?!)

Ən qəribəsi, sənət adına şəxsiyyətsizcə edilib, üzdə olmağın sonrakı fəsadlarıdır. Xaraktersiz yaradıcılıq ucuz populyarlıqdır. Ya da özü ilə bərabər, hər kəsi aldatmağa çalışmaq. Duruş gətirmək hər kəsə görə deyil. Kimi dövrün totalitar ruhuna uymağı rahatlıq sanır, kimi də öz içinin narahatlığı ilə yola davam etməyi. 

Və sözlə – yazı halıyla – dəftər-qələmlə üz-üzə qalanda özünü nə qədər aldatmadan yaza bilirsənsə, ya da yazmaqdan nə qədər əl çəkib kim olduğunu etiraf edirsənsə, o qədər sənətkar və o qədər insansan. 

Gözümüzün qabağında o qədər ədəbi nəsillər məhv oldu ki. Və onda anladıq, geriyə yalnız ustadlar qalır.

Həqiqətən, kimlərinsə qarşısında əyilə-əyilə həm də dik dayanaraq yazmaq necə mümkün ola bilər?! Bu ən azı adi insan şəxsiyyətinə demirəm, adi insan halına ziddir. 

Bu ölümlü dünyanı "komfort zonası” sayanlar, sizcə, həqiqətən, yanılmırlar? Məncə, "komfort zonası” axtarmaq ölümlülüyün ən gerçək göstəricisidir. 

Yox, sözlərimdən elə başa düşülməsin, mən sənətkarın sürünməli olduğunun tərəfdarıyam. Yenə də yox. Mən də gözəl yaşamaq istəyirəm. İstəyirəm, hər şeyim olsun və ayaqlarımı rahatca uzadıb xoşbəxtlikdən yazım. Məncə, bu, bütün "dramatik” sənətkarların ən böyük arzusu olub – dünyanı gözəl görmək. Ancaq yenə də "dramatiklik” ondadır ki, sənin indiki halda – belə bir totalitar ortamda elə bir şeyi "xəyal etmək” lüksün yoxdur. Dünya o dünya deyil.

Sənətkarlığı bir kənara qoy, adi bir insan – azca duyumu olan bir kəs axı vəziyyəti başa düşəcək haldadır. Bəs necə olur, bu qədər şəxsiyyətsiz ola-ola sənətə iddialı ola bilirsən?! 

Gündə nə qədər insan ölür, lap belə demək mümkünsə, "siçan kimi qırılırıb” gedirik. Ən yaxın insanın ölümünə belə laqeyd qaldığımız, dərin sarsıntı duya bilmədiyimiz bu dövrdə hansı xaraktersizlikdən danışmaq olar?! Axı biz ölümsüz deyilik, hətta uzun ömürlü də. Bizi gündəlik həyat və ötəri qayğılarla bu qədər məhdudlaşdırıb sıradan bir insandan da adi edə bilirlərsə, demək, biz də, həqiqətən, ölümə məhkum və layiqik. 

Əmin olun, insanlar şəxsiyyətsizləri sevə-sevə oxumurlar. Hansı müddətsə kimlərinsə küyünə gedə, nəyəsə xatir onları epizodik vərəqləyə və haqlarında hətta gözəl sözlər də söyləyə bilərlər. Ya anlaqlı, ya da anlaqsız. Amma bu nə qədər gerçək, davamlı ola bilər ki?! 

Uzağa getmək lazım deyil, Əli Kərimi götürək. Onunla birgə ortaya çıxanların hamısı az qala mükafatlar aldı və ya Xalq şairi oldu. Az qala hamısı çox uzun yaşadı və min sifət dəyişdirdilər. İndi həqiqi oxucu, sizcə, onu daha çox oxuyur, yoxsa həmin digərlərini?! Əli Kərim o məhdudiyyətlərlə cəmi 38 il yaşadı və o xarakterlə ortaya ölməz ruhlu əsərlər qoydu. Buna mənəvi mənada "yaşlanmaq” yox, elə YAZMAQ demək olardı. 

Öz şeirlərini yüksək pafosla sırımağa çalışanlar belə bugünkü həqiqi oxucunun – fərqində olanın gözündən, həqiqətən, çox uzaqdadırlar. 

Sənət nədir ki, – dünyanın mizanını qoruyan gerçəklik. Onu pisliklərdən uzaq tutan həqiqi iç dünyası – həqiqi xarakterdir. 

Bu gün adi bir təqaüdə görə, ya da bir ev üçün "hər şeyini ortaya qoyan” biri nəinki sənətkar, adi bir insan belə ola bilərmi? Ən kədərlisi odur, bunu hər kəsdən yaxşı özləri bilirlər. Axı söz müqəddəsdir və o, çirkab götürmür. Üstəlik, sözə xəyanət sənət iddiası olanı çox pis vurur, onurğasını sındırır. 

Bu son dediklərimi illər qabaq ustad bildiyim biri mənə demişdi. Təəssüf ki, o, indi ev almaqla qalmayıb, onun təmiri üçün hətta dəxilsiz başçıları "Orxon Yenisey” abidələriylə eyniləşdirib, onlara mədhiyyə yazmaqla məşğuldur. Ona görə dedim, duruş gətirmək çətindir. 

Həqiqətən, mənim inandığım bir şey var; nəsə yaza bilən biri – ən azı indiki məqamda – şəxsiyyətsiz, xaraktersiz ola bilməz. İstəsə də, alınmaz. Kim ki məğlubiyyətini – yaza bilməyəcəyini öz içində elan edir, onda deqradasiya gedir və görürük, artıq oradadır – heç vaxt istəmədiyi yerdə.

Şəxsiyyəti – xarakteri xəfifə almaq lazım deyil. Yaxşı bilirik, şəxsiyyətləri gizli, ya aşkar hamımız çox sevirik. O qədər çox ki, hətta bu gün belə, lazım gəlsə, Nəsimini Nizamidən üstün tuturuq. Çünki sənət üçün həmişə zamanın ruhu deyil, şəxsiyyətin ruhu önəmli olub...