Xədicə İsmayıl polisə çağırılıb
14-03-2024 13:17 / Bu xəbər 967 dəfə oxundu
Bu iş üzrə ümumilikdə 10-a yaxın şəxsə cinayət işi açılıb, 7 nəfər həbs edilib
Martın 14-də "Toplum TV”nin baş redaktoru, jurnalist Xədicə İsmayıl Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.
Bu barədə məlumatı jurnalist özü "Facebook" hesabında yayıb.
O, "Toplum TV işi” üzrə başladılmış cinayət araşdırması çərçivəsində dindiriləcək.
X.İsmayıl deyib ki, saat 3-də idarədə olacaq: "Müstəntiq Eldar Qədimov "Toplum Tv” işi üzrə dindirməyə dəvət edib”.
Jurnalist dindirməyə çağırılıb həbs olunmasına da ehtimal verir: "Hamı həbs oluna bilər. Mən hökumətdən hər şey gözləyirəm. Amma qorxmaq lazım deyil” - o, bildirib.
Bundan əvvəl martın 10-da BŞBPİ-dən jurnalistlə əlaqə saxlayıb, ifadə vermək üçün çağırılacağı ilə bağlı xəbərdarlıq edilmişdi.
Martın 6-da Bakıda müstəqil fəaliyyət göstərən "Toplum TV” onlayn televiziyası ilə bağlı polis əməliyyat keçirib.
Elə həmin gün Daxili İşlər Nazirliyi açıqlama yayıb ki, daxil olmuş məlumat əsasında "Toplum TV” redaksiyasında və başqa ünvanlarda axtarış keçirilir.
İş üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxslə əvvəlcədən əlbir olaraq törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Əməliyyatlar çərçivəsində 10-dan çox şəxs saxlanılıb.
Əksəriyyəti buraxılsa da, Akif Qurbanov, Müşviq Cabbarov, Əli Zeynalov, İlkin Əmrahov, Ramil Babayev cinayət məsuliyyətinə cəlb olunaraq həbs ediliblər.
Fərid İsmayılov və Elmir Abbasov da cinayət məsuliyyətinə cəlb olunsalar da polis nəzarətinə buraxılıblar.
Martın 8-də "Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli və 3-cü Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli eyni iş üzrə saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
Sonradan onlar barəsində həbs qətimkan tədbiri seçilib.
"Toplum TV” bəyanat yayaraq baş verənlərin onların peşə fəaliyyətlərilə əlaqəli olduğunu bildirib və bunu müstəqil mediaya basqı kimi qiymətləndirib.
Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və hakimiyyəti onları dərhal azad etməyə çağırıblar.