Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə yoxlama başlanıldı

Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə yoxlama başlanıldı

10-01-2025 12:45 / Bu xəbər 54 dəfə oxundu

Burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurovanın komaya düşməsi barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində (AEM) yoxlama başlanılıb.

"Report"a istinadən xəbər verir ki, bu barədə AEM-dən bildirilib.

"Baş vermiş faktın araşdırılması ilə bağlı yoxlamanın başlanılması barədə göstəriş verilib. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən keçirilən yoxlama başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Sosial şəbəkədə burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən N.Mansurova sonradan komaya düşüb. 

İddia olunur ki, onun beyninə çirk yayılıb.

Zərərçəkənin atası Aydın Abışzadə: "Həkim Sənan Mehdiyev qızımın əməliyyatını edib. Yanvarın 3-ü əməliyyat oldu, 1 gün sonra halı pisləşdi. Koma vəziyyətində xəstəxanaya gətirdik. Qızımın vəziyyəti pisləşən kimi həkimə zəng etdik, dedi ki, bu hal normaldır, düzələcək. Ancaq burun əməliyyatı çox pis fəsadlara səbəb olub. Qızım 3 gündür komadadır, ayılmır. Beyni artıq fəaliyyətini dayandırıb. Həkimlərin verdiyi rəyə görə, əməliyyat zamanı beyni zədələnib”. 

Həkim Sənan Mehdiyev: "Xəstə kafi vəziyyətdə palataya yerləşdirilib. Ertəsi gün isə evə yola salınıb. Qeyd edim ki, xəstənin tomoqrafiya nəticələrinə görə, kəllə sümüklərində baş vermiş heç bir travmadan söhbət gedə bilməz”.