Xətaidə 5 ağacı gecə ilə kökündən çıxarıblar - Ərazinin sahibi isə tapılmır
30-10-2023 16:11 / Bu xəbər 1109 dəfə oxundu
Nazirlikdən onu da bildiriblər ki, ağacların çıxardılması faktı üzrə araşdırmalar davam etdirilir.
Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 70 ünvanında tikinti məqsədilə hasarlanmış ərazidə ağacların çıxardıldığı faktı öz təsdiqini tapıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, hadisə yerində ilkin araşdırma aparılıb.
"Aparılan araşdırma zamanı beş ağacın kökündən çıxardıldığı faktı müəyyənləşib. Ağaclar kökündən çıxardıldığı üçün onların növünü müəyyən etmək mümkün olmayıb. Nazirlikdən onu da bildiriblər ki, ağacların çıxardılması faktı üzrə araşdırmalar davam edir. Ağacları çıxardan şəxslərin kimliyinin müəyyənləşdirilməsi, ərazinin kimə məxsus olduğu araşdırılır", - deyə cavabda bildirilir.
Xətai Rayon İcra Hakimiyyətindən isə Sputnik Azərbaycan-a ağacların kəsilməsi faktının qeydiyyata alınaraq araşdırılacağını bildiriblər.
Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 70 ünvanında ağacların gecə vaxtı kəsilib və yük maşınına yüklənilərək ərazidən daşındığı barədə oktyabrın 27-i Sputnik Azərbaycan-a ərazidə yaşayan sakinlər məlumat verib.
Sakinlər bildirib ki, gecə saat 02:45 radələrində Məhəmməd Hadi 70 ünvanında yaşıllıq ərazisi hasarlanıb, orada olan bir neçə ağac kəsilib.
Daha sonra ərazi hasara alınaraq tikinti işləri aparmaq üçün oraya tikinti materialları daşınıb.
Bundan sonra "Sputnik Azərbaycan"ın sorğusuna əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri sözügedən ünvana baxış keçiriblər.
Nazirlikdən bildirilib ki, fakt hazırda araşdırılır.
Qeyd olunan ərazi Bakı Metropoliteninin Həzi Aslanov stansiyasının iki çıxışının arasında yerləşir.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Sputnik Azərbaycan"a ərazinin kim tərəfindən hasarlandığının, metro ərazisinə aid olub-olmadığının araşdırılacağını söyləyib.
Prezident İlham Əliyev ağacların qanunsuz kəsilməsinin yolverilməz olduğunu öz çıxışlarında dəfələrlə bildirib.
Dövlət başçısı bu cür hallara qarşı daim ciddi tədbirlərin görülməsini, buna yol verən şəxslərin məsuliyyətə cəlb edilməsini tapşırıb: "Ağacəkmə kampaniyası çərçivəsində on milyondan çox ağac əkilib və bu proses davam etdirilir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir".
Ətraf mühitin qorunmasından danışan Prezident bir neçə il bundan əvvəl Azərbaycanda "Ekologiya ili"nin elan edildiyini yada salıb: "Xatırlayıram, o vaxt biz "Ekologiya ili"ndə görülən işləri müzakirə edərkən mən demişdim ki, "Ekologiya ili" hər il olmalıdır. Çünki ətraf mühit, xüsusilə Bakı və Abşeron yarımadası üçün əsas məsələlərdən biridir". Ölkə başçısı ağacları kəsənlərə qarşı daha ciddi tədbir görülməsindən ötrü aidiyyəti qurumlara səslənərək son xəbərdarlığını edib: "Aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz".