Yalçın Rzazadə Lənkəranda dəfn ediləcək
23-02-2021 11:47 / Bu xəbər 1337 dəfə oxundu
Fevralın 22-də vəfat edən Azərbaycanın Xalq artisti Yalçın Rzazadənin dəfn ediləcəyi yer məlum olub.
Mərhumun oğlu Orxan Rzazadə "Report"a açıqlamasında bildirib ki, Xalq artisti Lənkəran rayonu, Liman qəsəbəsində torpağa tapşırılacaq.
Mərhumun cənazəsi bu gün saat 12:00-da yaşadığı mənzildən götürüləcək və Lənkərana aparılacaq.
Y.Rzazadə fevralın 22-də uzun sürən xəstəlikdən 74 yaşında dünyasını dəyişib.
Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunun Boladı kəndində ziyalı ailəsində doğulub.
1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirib.
1968-ci ildə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş və 1973-cü ildə həmin təhsil ocağını bitirib.
1979-cu ildə əməkdar artist, 2000-ci ildə xalq artisti adına layiq görülüb. Bununla yanaşı 2 dəfə karate üzrə çempion olub.
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri olub.












