"Yaxın zamanlarda dizel yanacağı ilə bağlı da qərar veriləcək" - MÜSAHİBƏ

17-07-2017 01:42 / Bu xəbər 2556 dəfə oxundu

14 iyulda Tarif Şurası "Aİ-92” markalı benzinin pərakəndə satış qiymətini 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq etdi. 

Qiymət artımınadək "Aİ-92" markalı benzin 70 qəpik idi. Benzin qiymətinin bir gecədə 30 faizədək bahalaşması Azərbaycanda daha hansı sahələrə öz təsirini göstərəcək?

İqtisadçı ekspert Natiq Cəfərli ToplumTv-nin suallarını cavablandırıb:

- "Aİ-92” markalı benzinin qiymət artımının iqtisadi səbəbləri varmı?

- Dünyada neft qiymətlərində heç bir artım müşahidə olunmayıb. Əksinə, son iki ayda neftin qiymətində təqribən 15 faiz enmələr müşahidə olunub. Qonşu ölkələrdə dövlət tərəfindən tənzimlənməyən, bazar iqtisadiyyatı qaydalarına uyğun qiymət siyasəti olduğundan qiymətlərin enməsini müşahidə etmişik. Gürcüstanda, Türkiyədə, hətta Rusiyanın müxtəlif bölgələrində benzinin qiymətinin enməsini gördük. Bu artımın heç bir iqtisadi əsas yoxdur. Maya dəyərində, xərcləmələrdə heç bir artım müşahidə olunmur. Yerli neftdən istehsal olunduğu üçün bu artımda valyuta amili də yoxdur. "Aİ-92” markalı benzin yerli neftdən istehsal olunur. Deməli, yeganə səbəb SOCAR-ın qeyri-şəffaf idarəçiliyindən irəli gələn daxili problemlərinə görədir. Şirkətin həm daxili, həm də xarici öhdəlikləri durmadan artır və bu borcları qaytarmaq üçün SOCAR-a əlavə gəlir lazımdır. Dövlət büdcəsinin yeni təsdiqlənmiş lahiyəsində şirkətə 250 milyon manat əlavə yardım da ayrıldı. Göründüyü kimi, bu da kifayət etmir. Benzinin qiymətinin artırılması ilə SOCAR ən azından daxili və xarici problemlərinin bir hissəsini vətəndaşın cibinin hesabına həll etməyi düşünür. Bir gecədə 29 faizə yaxın artımın olması çox ciddi artımdır. 

- Bu gözlənilməz qiymət artımı ərzaq qiymətlərinə necə təsir edəcək?

- Bəzi sahələr var ki, burada yanacağın qiymətinin maya dəyərinə təsiri çox güclüdür. Bəzən ərzaq və qeyri-ərzaq məhsullarının daşıma xərcləri ümumi maya dəyərinin təqribən 20–25 faizini təşkil edir. Kənd təsərrüfatı məhsullarının regionlardan Bakıya daşınma xərclərinin artması bu məhsulların qiymətinə təsirsiz ötüşməyəcək. Ümumilikdə, bütün makro-iqtisadi göstəricilərə, o cümlədən, infilyasiyaya ciddi təsir edə biləcək amillərdən birinə çevriləcək. Çünki yanacağın qiymətinin 29 faiz artması ümumi qiymətartımının sürətləndirici amillərindən birinə çevriləcək. Azərbaycanda rəsmi infilyasiya 13-14 faiz civarında , ərzaq infilyasiyası hətta 15 faizdən yuxarıdır. Bunlar rəsmi rəqəmlərdir, reallıqda daha yüksək rəqəmlərdən söhbət gedir. Hətta rəsmi rəqəmləri götürsək, Azərbaycanda kifayət qədər yüksək infilyasiya var. Son qiymət artımı da bu infilyasiyanı sürətləndirən amillərdən birinə çevriləcək”.

- Benzinin bahalaşması ilə ictimai nəqliyyat tariflərinin artması ehtimalı nə qədərdir?

- Bu gündən taksi qiymətlərində artım olduğu deyilir. Gələcəkdə şəhərdaxili nəqliyyatda və digər sahələrdə də qiymət artımının olması ehtimalı var. Halbuki ictimai nəqliyyatın bir çoxunda hələ ki, dizel yanacağından istifadə olunur. Amma təminat yoxdur ki, dizelin qiyməti artmayacaq. Çox güman yaxın zamanlarda dizel yanacağı ilə bağlı qərar veriləcək.

- Bu bahalaşmalardan sonra manatın aqibəti necə olacaq?

- Hesab edirəm ki, yaxın aylarda manatla bağlı proseslərin sürətlənməsini müşahidə edəcəyik. Cari ilin avqust ayında yeni tədris ilinə hazırlıq başlayır. Azərbaycanda təhsil üçün gərəkli olan ləvazimatların istehsalı demək olar ki, yoxdur. Ölkədə isə 1,5 milyon şagird, tələbə, müəllim yeni tədris ilinə hazırlaşır. Dəftər ləvazimatlarından tutmuş, geyimə qədər ehtiyac yaranacaq. Bu ehtiyacların da əksər hissəsi xaricdən gətiriləcək. Hər il təqribən məktəb bazarlığına 400-500 milyon dollara yaxın vəsait lazım olur. Bu da yaxın gələcəkdə ölkədə dollara tələbatı artıracaq əsas səbəblərdən biridir. Düşünürəm ki, bu da məzənnəyə təsir göstərəcək. Sentyabr ayında ABŞ-da növbəti faiz artımı gözlənilir. Neftin qiymətlərində ucuzlaşma var, çox güman, bu ucuzlaşma daha da sürətlənəcək. Bununla da ölkənin valyuta gəlirləri azalacaq. Ölkənin valyuta gəlirləri azaldıqca, valyutaya tələbat artdıqca, təbiidir ki, manatın dəyərdən düşməsi prosesi sürətlənə bilər. Kəskin devalivasiyanın olacağını düşünmürəm, amma yumşaq formada həftəlik hərraclarda qiyməti dəyişmək şərti ilə ilin sonuna qədər manatın ucuzlaşmasını görəcəyik. Milli valyuta 1,95 səviyyəsinə qədər ucuzlaşa bilər”.

Ofelya Ramilqızı
Toplum.Tv