Yazıçı çağırış etdi: "Sabirabadın 12 kəndində həyat dayanıb"
06-01-2025 13:43 / Bu xəbər 190 dəfə oxundu
Gənc yazar Nadir Yalçın Sabirabad rayonundakı problemlərdən yazıb.
Bu barədə sosial şəbəkə hesabında müraciət yayan yazar qeyd edib ki, rayonun 12 kəndində yol yoxdur.
Onun sözlərinə görə, Kürün sol qolunda yerləşən bu kəndləri birləşdirən "Kürqırağı” magistral yolu sonuncu dəfə Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının Birinci katibi olduğu dövrdə – 1976-cı ildə çəkilib, 1982-ci ildə isə qismən təmir olunub.
"O vaxtdan bəri həmin yol barədə heç bir tədbir görülməyib və hazırda vəziyyət o qədər acınacaqlıdır ki, bəzən o kəndlərdən birinə getmək üçün nə maşın, nə də sürücü tapılır. Hər birinin cavabı belə olur: "Yol yoxdu, gedə bilmərəm”. Azərbaycanda əhalinin, bəlkə də, ən sıx məskunlaşdığı bu kəndlərdə belə bir mənzərənin yaranması məyusedicidir", - deyə yazıçı "Arqument.az"a məlvurğulayıb.
Yalçın qeyd edib ki, faktiki rayonun 12 kəndində həyat dayanıb: "Yol həyatdı, Qaratoğay, Güdəcühür, Axtaçı-Muğan, Həşimxanlı, Ətcələr, Bulduq, Ulacalı, Mürsəlli digər tərəfdən bərə vasitəsilə Ulacalı kəndinə birləşən Quruzma, Qaraqaşlı, Yeni kənd, Qəzli kəndlərində həyat dayanıb. Təcili-tibbi yardım maşını xəstənin sağlığında özünü yetirə bilmir. Qınamaq mümkün deyil. Yolların sıradan çıxdığı bu vəziyyətdə o sürücünün vaxtında yetişməsi mümkünsüzdür... Yanğınsöndürən maşın ünvana yetişdikdə alov çoxdan öz işini görmüş olur. Rayon mərkəzinə, bazara, dərsə, qonaq evinə, xeyir-şərə tələsən əhali yola çıxmaq istəmir, yol yoxdu... Məhsulu satmağa aparan kəndli babanın sovetdənqalma maşınının hərəkət etməyə gücü çatmır".
O bildirib ki, məktəbə, hazırlığa yollanan şagirdlər mənzilbaşına çətinliklə çatırlar: ""Sabirabad rayonunun filan kəndində çətənə kolları aşkarlanıb” başlıqlı xəbərləri minimuma endirmək üçün bura yol çəkmək, sonra məktəblərə tez-tez baş çəkmək, bu kəndlərin təhsil səviyyəsi ilə maraqlanmaq və göstəricilərin niyə bu qədər aşağı olduğunun səbəblərini araşdırmaq lazımdı. Yol çəkiləndən sonra hər şey öz yoluna düşə bilər..."
Nadir Yalçın
Yazıçı deyir ki, sözügedən 12 kənd II Qarabağ savaşında 7 şəhid verib: "Bu on iki kənd 44 günlük Vətən müharibəsində yeddi şəhid verdi. O yeddi şəhid hər şeydən əvvəl kəndləri, yolları uğrunda döyüşə yollanmışdılar. Onların vətəni bu kələ-kötür yollardan başlayırdı. Bu yollara qurban gedən oğlanların dəfninə, yas mərasiminə ölkənin dörd yanından insanlar axışan vaxt hər kəsin pıçıltısında yolların bərbad vəziyyəti dolaşırdı. O yeddi şəhidin birinin ildönümündə kənd ağsaqqallarından biri dedi ki, indiyə qədər dözmüşük, bir az da dözərik, Qarabağda yol çəkilir, yəqin bizim də yolumuzu çəkərlər. Camaatın budəfəki səbrinin səbəbi Zəfər yolu oldu. Bu dözümlü camaat yeddi oğulun müharibədən sağ-salamat qayıtmağına yeddi qurban demişdi. O qurbanlar kəsilmədi. Amma düşmən tapdağına qovuşan yollarımız tənədən, eyhamdan azad olundu".
"İndi güman bir sərəncama qalıb. Biz də özümüzə bir yol seçmək istəyirik. Düz yol... Bu on iki kəndin yolu uğrunda şəhid yox, şahidlər yetişəcəklər, qansız-müharibəsiz, bütöv Azərbaycana şahidlər. Onların yolu da əvvəlki nəsillərə xatir düz olmalıdır, sözün hər iki mənasında, dümdüz", - Nadir Yalçın qeyd edib.