Yazıçının vətəndaş mövqeyi olmalıdır, amma hamı kimi yox...

Yazıçının vətəndaş mövqeyi olmalıdır, amma hamı kimi yox...

27-10-2024 02:11 / Bu xəbər 940 dəfə oxundu

İlkin Ziya 

"Bununla mən nəyisə dəyişə bildimmi? – bunu gələcək göstərəcək və ola bilsin, mən onu görməyəcəyəm. Mən özümə borc bildiyim bir işi gördüm".

Lev Tolstoyun imperator II Nikolaya məktubu bu sonluqla bitir. 

Yazıçı çara yazdığı bu tənqidi məktubun sonunda bunu yazmağı özünə borc bildiyini qeyd edir. Tolstoy bu məktubunda yazıçıdan əlavə, bir vətəndaş kimi, insan kimi imperatora öz narazlıqlarını və iradlarını səmimi bir şəkildə çatdırmağa çalışıb. 

Məncə, burada bir sual ortaya çıxır: Tolstoy bir vətəndaş kimi öz mövqeyini ortaya qoyur, yoxsa bir yazıçı kimi? 

Hər kəs belə bir məktubu yaşadığı ölkənin başçısına yaza bilərmi? Və ya hər kəs bu formada tənqid eləməyi bacararmı? Təbii ki, yox! 

Hər kəsin bir vətəndaş mövqeyi olmalıdır: çobanın, fəhlənin, şairin, rəssamın və s. Amma düşünürəm ki,özünü "ədib" adlandıran şəxsin vətəndaş mövqeyi hamı kimi olmamalıdır. 

Ədəbiyyat adamlarının bir sözü var: "Şair (yazıçı) hamı kimi düşünə bilməz! Fərqli düşünməlidir ki, fərqli də yazsın". 

Bir yazıçı oxucuları ilə emosional bağ qura bilməlidir. Onların hisslərinə şərik olmağı bacarmalıdır. Bir yazıçı ictimai-siyasi bir məsələ haqqında elə fikir bildirməlidir ki, bunu həm siyasətçilər, həm də sadə xalq başa düşə bilsin. Çünki bu adamın istedadı bunu tələb edir. Təbii ki, söhbət əsl yazıçılardan gedir.

Əgər yazıçı bir romanda ən azı 20 obrazdan istifadə edirsə, hərəsinə ayrı xarakter, ayrı hisslər, ayrı düşüncələr, ayrı psixologiya, ayrı emosiayalar verə bilirsə, deməli, öz ziyalı mövqeyini də ortaya qoyanda hamının yerinə özünü qoyub, hamının yerinə müəyyən qədər fikir bildirə bilər. 

Yazıçının həm də ona görə ortaya qoyduğu mövqey başqa olmalıdır ki, o, ziyalıdır. O, hansısa fəhlədən, dərzidən, kəndlidən daha savadlıdır. Ən azından, müəyyən qədər sadə xalqdan savadlı olmalıdır. 

Düzdür, alimlərə, müəllimlərə, deputatlara ictimai nüfuzu, statusu olan başqa şəxslərə də "ziyalı" deyirlər. Amma yazıçı bunların da, necə deyərlər, qılığına girməyi bacarmalıdır. Yəni yazıçı yeri gələndə alim, yeri gələndə müəllim, yeri gələndə deputat olmalıdır. 

Kimsə deyə bilər ki, yazıçını belə bir öhdəliyi yoxdur. Mübahisə etmirəm, təbiidir. Ancaq məsələnin başqa tərəfi də var. Əgər yazıçı cəmiyyət haqqında fikir bildirirsə, onun mövqeyinə uyğun və ya əks bir mövqe ortaya qoyursa, o zaman cəmiyyətin maraqlarını da qurban verməməli, bəşəri dəyərləri gözardı etməməlidir. 

Bir sözlə, yazıçının vətəndaş mövqeyi olmalıdır, amma hamı kimi olmamalıdır...