Yeni Avropa çempionu Portuqaliya oldu
11-07-2016 01:45 / Bu xəbər 3119 dəfə oxundu
Fransada keçirilən Avropa çempionatı başa çatıb. Qaynarinfo.az xəbər verir ki, bu gün turnirin son oyunu baş tutub.
Final qarşılaşmasında meydan sahibi Fransa və Kriştiano Ronaldolu Portuqaliya qarşılaşıb. Fransızlar yarımfinalda son dünya çempionu Almaniyanı, portuqaliyalılar Ronaldonun "Real"dakı komanda yoldaşı olan Qaret Beylin çıxış etdiyi Uelsi yenərək finala çıxmışdı. Hər iki qarşılaşma 2:0 hesabı ilə yekunlaşmışdı.
Parisdəki "Stad de Frans” stadionunda keçirilən final matçı Portuqaliya üçün yaxşı başlamayıb. Belə ki, ilk yarıda zədələnən komandanın ulduzu Kriştiano Ronaldo meydanı tərk etməli olub. Matçın əsas vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Bu səbəbdən qalib əlavə vaxtda müəyyənləşib. Ronaldonun oynamamasına rəğmən Portuqaliya qələbə qazana bilib. 109-cu dəqiqədə rəqib qapısına yol tapan Eder komandasını Avropa çempionu edib.
Qeyd elək ki, tarixində üçüncü dəfə finala çıxan Fransa 1984 və 2000-ci illərdə oynadığı həlledici qarşılaşmalarda qalib olub. Fransızlar 16 illik həsrətə son qoyaraq qalib ola və Avropa çempionatının rekordçusu olan Almaniya ilə İtaliyaya çata bilməyib. Bu iki komandanın aktivində 3 çempionluq var.
Portuqaliya isə ikinci dəfə final oynayıb. İlk dəfə 2004-cü ildə özlərinin ev sahibliyi etdikləri Avropa çempionatında həlledici matça çıxan və Yunanıstana yenilən portuqaliyalılar bu uğura imza ataraq Avropa çempionu olmuş 10-cu komanda ünvanını qazanıblar.
Belə ki, 1960-cı ildən keçirilən turnirin 46 illik tarixində 9 komanda çempion olub. Almaniya və İtaliya 3, Fransa 2 dəfə bu sevinci yaşayıbsa, SSRİ, İtaliya, Çexiya, Hollandiya, Danimarka və Yunanıstan hərəyə bir dəfə çempion olub.
AVRO-2016
Final
10 iyul
Portuqaliya - Fransa 1:0
Qol: Eder, 109.
Portuqaliya: 1. Rui Patrisio, 3. Pepe, 4. Joze Fonte, 5. Rafael Querreyro, Kriştiano Ronaldo (k) (20. Rikardo Kuareşma, 25), 10. Joao Mario, 14. Villiam Karvalyo, 16. Renato Sançes (9. Eder, 79), 17. Nani, 21. Kedrik Soares, 23. Adrien Silva (8. Joao Moutinyo, 66).
Ehtiyat oyunçular: 12. Antoni Lopes, 22. Eduardo, 2. Bruno Alves, 6. Rikardo Karvalyo, 11. Vierinya, 13. Danilo Pereyra, 15. Andre Qomes, 18. Rafa Silva, 19. Eliseu.
Baş məşqçi: Fernando Santos.
Fransa: 1. Hüqo Llorid (k), 3. Patrik Evra, 8. Dmitri Payet (20. Kinqsli Kuman, 58), 7. Antoine Qrizmann, 9. Oliver Qiroud (10. Andre Ginac, 78), 14. Blayse Matuidi, 15. Paul Poqba, 18. Mussa Sissoko (11. Antoni Martial, 110), 19. Bakari Saqna, 21. Loran Kosçielni, 22. Samuel Umtiti.
Ehtiyat oyunçular: 16. Stiv Mandanda, 23. Benoit Kostil, 2. Kristof Jallet, 4. Adil Rami, 5. N`Qolo Kante, 6. Yohan Kabaye, 12. Morqan Şneyderlin, 13. Eliaqim Manqala, 17. Lukas Digne.
Baş məşqçi: Didye Deşam.
Sarı vərəqələr: Kedrik Soares, 34. Joao Mario, 62. Rafael Querreyro, 95. Villiam Karvalyo, 98. Joze Fonte, 119. Rui Patrisio, 120+3 - Samuel Umtiti, 80. Blayse Matuidi, 97. Loran Kosçielni, 107. Paul Poqba, 115.
Hakimlər: Mark Klattenburq, Simon Bek, Cek Kollin (İngiltərə), Viktor Kaşşai (Macarıstan).
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (İngiltərə).
Ehtiyat yan xətt hakimi: Qyorgi Rinq (Macarıstan).
UEFA nümayəndələri: Yanis Mezekis (Latviya), Julien Olbert (Fransa).
Sen-Deni. "Stad de Frans”.