Yubadılmış açıqlama: "Mənə tən eyləyən qafil..."
08-12-2023 13:44 / Bu xəbər 8692 dəfə oxundu
Ənnağı Hacıbəyli
Özəl olaraq "Arqument.az" saytı üçün
Mənə "Çoxdandır heç nə yazmırsınız" deyənlərin nəzərinə:
- Mənə tən eyləyən qafil, məni görcək utanmazmı?
Beş aydan çoxdur ki, insultdan əziyyət çəkirəm. Bu yaxınlarda Bahadır kişinin 1 yaşı tamam olmuş son əkiz nəticələri də (nəvələrim) divardan tuta-tuta yeriyirlər. Amma mən onu da bacarmıram, yazıb-oxuya bilmirəm - hərflər gözlərimin qabağından qaçır.
Qəribədir, bu günlərdə dəfələrlə düşünmüşəm... qardaşlarımın və bütün yaxşı insanların Məndən çox yaşamasını istəyirəm.
Ailəmdə mənə olmazın qayğı göstərsələr də, düşünürəm ki, Tanrı heç kəsi heç kəsə Möhtac eləməsin...
İnsan azad doğulur və onun azadlığını qısıdan ən xırda şey belə ona əzab verir.
Bu yerdə son günlər tez-tez oxunan bir rübai yadıma düşür:
Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki zəhər.
Ey fələk, ömrümü sən vermə bada,
Onsuz da hər gələn qalmaz dünyada...
Həmişə düşünmüşəm ki, bu dünyadan başqa dünya yoxdur, ona görə də bu dünyada bu dünya üçün çalışmaq qərəkdir.
Yaşamaq gərəkdir, işlərimiz çoxdur...