Zığ-Hövsan-Türkan yolu: plan dolsa da, yol bitməyib - FOTOLAR

Zığ-Hövsan-Türkan yolu: plan dolsa da, yol bitməyib - FOTOLAR

01-05-2020 14:41 / Bu xəbər 1796 dəfə oxundu

Təmir və tikintiyə 20 oktyabr 2015-ci ildə başlanılıb, 2017-ci ilin oktyabrda bitməsi planlaşdırılıb, ancaq 2020-ci ildir...

İlk baxışdan Suriyanın bombalanmış yollarına bənzəsə də, fotolar Zığ dairəsi-Hövsan-Türkan yolundandır.
 
 25 kilometrə yaxın olan Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun ilkin mərhələdə 6.8 km olan Zığ-Hövsan hissəsinin, ikinci mərhələdə isə 17.7 km uzunluğunda olan Hövsan-Türkan hissəsinin yenidən qurulması nəzərdə tutulub. Ancaq yolun yarımçıq vəziyyətdə olması avtomobillərin rahat şəkildə hərəkət etməsinə maneə törədir.

Yolun 4 hərəkət zolaqlı olması nəzərdə tutulsa da, hələlik 2 hərəkət zolağı istifadəyə verilib.
 
Ərazidə işıq dirəkləri quraşdırılsa da, gecə saatlarına doğru heç biri enerji ilə təchiz olunmur. Bəzi dirəklər isə güclü küləyin təsirilə aşmış vəziyyətdədir. Buna görə də yolda tez-tez ölümlə nəticələnən avtomobil qəzaları baş verir. 
 
Yarımçıq yol piyadalar üçün də ciddi təhlükələr doğurur. Belə ki, qəsəbə əhalisi ərazidə quraşdırılan yerüstü piyada keçidlərindən demək olar ki, istifadə etmir. Çünki bu keçidlərin biri qismən tamamlansa da, digər iki keçidin, sadəcə, dəmir dirəkləri quraşdırılıb.
 
Yolun tikintisi üçün əraziyə bir sıra texnika gətirilib. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolun təmiri və tikintisi üçün hökumətin əlavə vəsait ayırmasını gözləyir. 

Məlumat lövhəsində isə təmir və tikinti işlərinin 20 oktyabr 2015-ci ildə başlanılıb, oktyabr 2017-ci ildə bitməsi planlaşdırılıb, ancaq 2020-ci ildir. 

Hüsü Xanlarlı
Toplum.Tv