Zabratda qəbiristanlıq dağıdılıb: cinayət işi açılıb
19-04-2023 15:48 / Bu xəbər 1057 dəfə oxundu
Paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqların birində naməlum şəxslər tərəfindən bir neçə qəbir daşının dağıdıldığı bildirilir.
Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Bildirilir ki, hadisə ilə bağlı araşdırma aparılır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) cinayət işinin açıldığı qeyd olunub: "Əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən edilib istintaqa cəlb edilməsi istiqamətində tədbirlər görülür".
Baş Prokurorluq da Zabrat qəsəbəsindəki qəbiristanlıqda qəbirlərin dağıdılması faktı ilə bağlı cinayət işi başlanması barədə məlumat yayıb.
Qurumun mətbuat xidmətindən bildirilib ki, bəzi sosial şəbəkə səhifələrində Bakı şəhərində yerləşən qəbiristanlıqlardan birində qəbirlərin dağıdılmasına dair videogörüntülər paylaşılıb:
Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində naməlum şəxs və ya şəxslərin Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqda məzarların üzərindəki predmetlərin zədələnməsi, xatirə daşları və lövhələrin dağıdılması kimi rüsvayedici əməllərlə qəbirlər üzərində təhqiredici hərəkətlərin etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon polis idarəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır".
"Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə ictimai təhlükəli əməli törətməkdə təqsirləndirilən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində intensiv tədbirlər davam etdirilir", - deyə məlumatda vurğulanır.












