Zaqatalalı azarkeşlər tələb edir - Vobay üzr istəməlidi!
06-04-2015 17:04 / Bu xəbər 2155 dəfə oxundu
Azərbaycan Premyer Liqasının 28-ci turunun "Simurq" - "Neftçi" matçından (0:1) sonra qalmaqal yaşanıb.
Qalmaqala səbəb "Neftçi" hesabı açdıqdan sonra komandanın afrikalı yarımmüdafiəçisi Julius Vobayın etdiyi hərəkət olub. Belə ki, qol sevincini şortikini aşağı salaraq qeyd edən Vobay, zaqatalalı azarkeşlərin qəzəbinə səbəb olub. Azarkeşlərin etirazlarına "Simurq" futbolçuları da qoşulduqdan sonra meydanda qarışıqlıq yaranıb.
Zaqatalalı azarkeşlərin rəhbəri İnqilab Sultanov Komanda.az-a hadisə ilə bağlı bunları dedi:
"Biz həmişə qonaq azarkeşlərə hörmətlə yanaşmışıq. Hətta keçən turda AZAL-ın qaradərili legionerlərindən birinə qarşı qeyri-etik ifadələr işlətdiyi iddia olunan azarkeşimizi bununla bağlı tənbeh etdik. "Neftçi" azarkeşləri də şəhərimizə gələndə onları ən yaxşı formada qarşıladıq. Ümumiyyətlə, bizim komanda "Neftçi" ilə oyunda həmişə çətinliklə üzləşib. Bu oyunda da məğlub olduq. Buna heç bir sözüm yoxdu.
Ancaq "Neftçi"nin futbolçusu Julius Vobayın etdiyi hərəkəti bütün Zaqatala azarkeşlərinə qarşı təhqir kimi qəbul edirəm. O, qol sevinci zamanı şortikini aşağı saldı. Bu vaxt yerli azarkeşlər özündən çıxdı. Onun qeyri-etik hərəkəti bütün stadionu bir-birinə qatdı. Polis güclə azarkeşlərin qarşısını aldı. Məhz bu hərəkətdən sonra meydanda futbolçular arasında da qalmaqal yarandı. "Neftçi" rəsmiləri onun bu hərəkəti klubundakı otaq yoldaşına etdiyini deyib. Mən başa düşə bilmirəm onlar həmişə bir-biri ilə belə qeyri-etik zarafatlar edirlər? Həmişə səs-küy qaldırırlar ki, qaradərili oyunçulara qarşı irqçi şüarlar səsləndirilir. Bəs bu oyunçunun belə hərəkətinə nə don geyindirmək olar? Onun bu hərəkətindən sonra azarkeşlər meydana yad əşyalar atdılar. Buna görə yəqin ki, klub da ziyan çəkəcək. Biz "Simurq" azarkeşləri futbolçunun etdiyi bu hərəkətə görə bütün Zaqatala əhalisindən üzr istəməyini tələb edirik".
Arqument.Az












