Zaqatalalılar ayağa qalxdı: tərbiyəsiz jestə görə...
06-04-2015 01:08 / Bu xəbər 2505 dəfə oxundu
Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində “Simurq” öz meydanında “Neftçi”ni qəbul edib.
Arqument.Az futbolinfo.az-a istinadən xəbər verir ki, matçda qalmaqal yaşanıb.
Belə ki, qonaqların futbolçusu Julius Vobay qarşılaşmadan sonra doğma azarkeşləri tərəfə gələrək, üzünü yerli fanatlara tutub bir neçə dəfə qeyri-etik jest göstərib. Bundan sonra hər iki komanda futbolçuları arasında münaqişə yaşanıb. Meydançaya daxil olmağa çalışan yerli tərəfdarların qarşısını isə polislər alıb. Matçdan sonra stadionun çıxışında zaqatalalı fanatlar "ağ-qaralar"ın icraçı direktoru Elnur Məmmədova yaxınlaşaraq, Vobayın ya onlardan üzr istəməli, ya da ki, eyni hərəkəti onların futbolçuya etməli olduğunu bildiriblər. Asayiş keşikçilərinin növbəti müdaxiləsindən sonra ara sakitləşib.
Zaqatala təmsilçisinin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev və futbolçu Vüqar Mustafayev olayla bağlı apasport.az saytına danışıb: “Vobay qarşılaşmadan sonra azarkeşlərə cinsiyyət orqanını göstərdi. Buna etiraz edən futbolçumuz Vüqar Mustafayev ona yaxınlaşaraq, niyə belə etdiyinin səbəbini soruşdu".
Vüqar Mustafayev: "Flavinyo ilə oyunun gedişində də problemimiz olmuşdu. Kütləvi dava isə olmayıb. Hər şey Vobayın ədəbsiz jestindən sonra başladı. Biz də oyundan sonra ona etiraz etdik. Kimsə kimisə vurmayıb. “Neftçi”nin futbolçuları Elvin Yunuszadə ilə Mirhüseyn Seyidov da etiraf etdilər ki, düzdü, Vobay düzgün hərəkət eləməyib".
Elvin Yunuszadə isə və matçın baş hakimi İnqilab Məmmədov deyilənləri təkzib edib.
Arqument.Az












