Zibilə düşmüşük

Zibilə düşmüşük

23-01-2025 01:20 / Bu xəbər 207 dəfə oxundu

Eldəniz Quliyev
Ssenarist və kinodramaturq

Bu gün gördüyüm  dəhşətli bir səhnə sarsıtdı məni...
İki nəfər həyətimizdəki zibilxanada "razborka" aparırdı. 
- Kazyol, baa, axırıncı dəfə deyirəm: bir də mənim yeşiyimə burnuvu soxsan, başıvı parttadacam! 
- Xoroşo, bratuxa... onda, sən də mənim konteynerimi eşələmə...

Bu günü də gördük, İlahi! Sən demə, zibilxanalarda hər yeşiyin öz "yiyəsi" varmış...(!?).

... Bu artıq, nə vəssəlamdı, nə də ki, şüttəmam. Bu,  sonuncu, ümidlərin param-parça olduğu lap sonuncu "astanovkadı"...

Utandım. Öz adıma və hamının yerinə utandım!..Yer yarılsaydı, bəlkə də, girərdim...

Məni qınamayın, elə bil, bizləri ovsunlayıblar, elə bil, bizlərə cadu-piti ediblər...

Haradasa, Nikaraquada, ya Somalidə, kimsə kiməsə şappadan bir şillə vurur, bunu əlüstü görürük. Ya ABŞ-da, Fransada kimlərsə kimlərəsə qarşı etiraz piketi keçirir, tələm-tələsik bunu gündəm eləyirik. Amma özümüzdə,  gözümüzün  önündəcə baş verən faciələri  vecimizə də almırıq: "Əşşi, mənə nə, nəyimə lazımdı?" - deyib, yan keçirik. Elə bil, dünya, həqiqətən, beş günlükdü və tərs kimi, beşi də iş gününə düşür!..Bu qədər laqeyidlik, bunca biganəlik, etinasızlıq və bunca siniklik nədən yarandı, bu zibil toxumunu həyatımıza kim və ya kimlər səpdi, görən?..

Bu qədər "ölümmü, qalımmı?" çeşidli problemlərlə əlbəyaxa olduğumuz bir zamanda, yalan və zir-zibil  içində  çabalamağa məhkum edildiyimiz  bir məmləkətdə gönümüz nədən belə qalınlaşdı?

İlahi, nədən belə  arsızlaşdıq, dayazlaşdıq, mütrüfləşdik?.. Əgər "qəhrəmanlığımız", eləcə də, "vətən, xalq təəssübkeşliyimiz" çayxanalarda xosunlaşmaqdan, yaxud kompüter klaviaturasına barmaq döyəcləməkdən o yana keçmirsə, vay bizim halımıza!..

Əzizlərim, sonra, - AzTv, ATV belə gəldi,  REAL, SPASE  belə getdi deməyin ha!..

Əks-səda verməyən intəhasız düzənlikdə çığırıb-bağırmaqladeyil ki, - içimiz dolu deyilsə, ağrı-acımızı dilə gətirməyə, qanunu haqlarımızı tələb etməyə cəsarətimiz  çatmırsa, göz yaşlarımızı maddiləşdirə bilmiriksə...  cızma-qaralarımızın və zəvzəməyimizin  bircə qəpiklik  də mənası yoxdur...

Bəzən də özümüzü elə aparırıq ki, sanki hər yarağımız düzəlib, bircə qalıb saqqal darağımız!.. 

Elə bil, ömrümüzü-günümüzü göy əskiyə bükən iqtidar cənablarının qurub-qoşduqları problemlər burulğanında boğulan bizlər deyilik. Sanki artıq hər şey "okey"di və bizlər də normal məmləkətlər kimi ədalətli, demokratik və azad seçkilər keçirmişik! 

Sanki total korrupsiya və  rüşvətxorluq adlı  bəd xassəli  xəstəliyin başını  əzmişik! 

Sanki insan haqları və  azadlıqlarının  göz-bəbəyi kimi  qorunmasına nail  olmuşuq! Guya ölkədə ifadə azadlığını və demokratik dəyərləri tam şəkildə bərqərar etmişik, hələ üstəlik, vətəndaş cəmiyyəti quruculuğunu da müvəffəqiyyətlə başa vurmuşuq və sair və ilaxır.

Bəli, əzizlərim, yəqin, elə belədir ki, var. Yəni belə olmasaydı, bütün bu taleyüklü  məsələri bir kənara qoyub bir-birimizlə didişməzdik ki!.. 

Belə olmasaydı, xalqın sözünü deyən, ağrı-acısının heykəlini yapan işıqlı insanların təqib olunmasına, təhqir və tənələrə tuş gəlməsinə bunca biganə qalmazdıq ki... Belə olmasaydı, ədalətli, ləyaqətli yaşam tərəfdarlarını müdafiə edərdik...

Burada kiçik (ya ortabab) bir haşiyə çıxmağa məcburam...

Razılaşaq və etiraf edək ki, bizlər "huya" gedən, hər zada inanan, təzə nə tikəcəyimizi ölçüb-biçmədən köhnəni dib-dəhnədən dağıdan, nəhayət, güzgü qabağında dayanıb,  sözümüzü  "rastamoşkadan" keçirmədən atəşin mololoqlar söyləməyə meyilli toplumuq. 

Bütün bunlar, bəlkə də, millətimizin saflığından, milli-mənəvi dəyərlərə sadiqliyindın və əlbəttə ki, bir az da sadəlövhlüyündən irəli gəlir, - bilmirəm. Amma fakt budur ki, bu gün müxalif qüvvələr, ilk növbədə özləri özləriylə, daha sonra iqtidarla "dartma, yaxam cırıldı" oyununa baş vurub. İqtidar da boş oturmur, guya müxalifətlə ardıcıl və məqsədyönlü mübarizə aparır. Yəni iqtidar müəllim müxalifət bəyi döyür, söyür, tutur, sındırır, satın alır və s.

Müxalifət isə, cavab olaraq, qayıdıb söyür və dübarə yenə də söyür, sonra yenə də söyür, söyür... Çünki onun, iqtidar müəllimdən fərqli olaraq, nə döyməyə, nə də sındırmağa, nə satın almağa, nə də tutub həbs eləməyə imkanı var. Güclərin balansı eyni deyil.

Əslində, bu gün hər iki tərəf eynək taxıb rinqə çıxmış həvəskar boksçuları xatırladır...

Ən qəribəsi, bəlkə də, ən acınacaqlısı budur ki, tərəflətin ikisi də pontamima hərəkətləriylə əlbəyaxa vuruşa  hazlr olduqlarını nümayiş etdirirlər. Bəzən hətta baş və şəhadət barmaqlarını tapança kimi tutub, bütün istiqamətlərdən - həm horizontal,  həm vertikal, həm də çarpaz atəşlər açmaq etüdü göstərməkdən çəkinmirlər...

Xalq isə bu mütəqəlqəl vəziyyətə baxıb da dillənmir. Ağzına su alıb özü üçün qarğara eləyir və müdrikcəsinə susur...

Sədd heyif ki, reallıq, daha dəqiqi, zəhrimar kimi acı olan həqiqət məhz bundan ibarətdir və heç kim də durub demir: "Ay başınıza dönüm, siz bu  qarmaqarışıqda çox ciddi və çox vacib bir məqamı unudursunuz: adamlar bir-birləri haqda danışmaqdansa, bir-biriylə danışmalıdı. Bu, daha düzgün, daha yaxşı və daha qısa yoldu!.." 

Bir qırışmal köpəyoğlu sinəsini qabağa verib dillənmir: "A bala, a millət, ay ağıl dəryaları, ta yorulduq, bezdik, ta bu andır nifrətdən əl çəkin! Nifrətdən heç vədə yaxşı bələdçi olmayıb, olmayacaq da!.."

...Düşünürəm  ki,  vəziyyət bu qədər ağrılı və bu qədər kədərli görünməsəydi, yəqin, çox gülməli olardı!..

...Elə bu sözləri yazırdım ki, həyətin zibil yeşikləri yerləşdirilən  tərəfində səs-küy qopdu.

Deyəsən, vid-fasonlarından keçmiş ziyalıya oxşayan "bomj"lar, yenə də öz aralarında nəyisə bölüşə bilmirdilər!..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. "Arqument.az"ın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.