Zindan mütaliəsi
10-10-2024 23:33 / Bu xəbər 1513 dəfə oxundu
Yalçın İmanov
Həbsindən az sonra Ələsgər bəyin qardaşı onun məhbəsdə qısa bir zamanda 20-dən çox kitab mütaliə etdiyini bildirmişdi.
İndi isə Ruslan bəy, ötən 7 ay ərzində 121 kitab oxuduğunu deyib. Yəqin ki, Ələsgər bəyin oxuduğu kitabların sayı arxada qalan müddətdə daha da artıb!
Güman ki, mən bu yazını qaralayanda Ruslan bəyin mütaliə göstəriciləri bir az da yaxşılaşıb. Hərçənd belə situasiyalarda oxuma, mütaliə prosesi həmişə səmərəlidirmi? Üstəlik də, bu intensivlikdə...
Ümumən belədir ki, bəzən kitablara aşırı meyil, canlı, dipdiri həyatın, ən çeşidli rəngləri ilə yaşamın yanımızdan kirimişcə ötüb-keçməsinə, sivişib yoxa çıxmasına səbəb olur.
Bəzən həyatı, elə onun özündən öyrənmək qaçılmaz və vacibdir.
O fikirlə razıyam ki, bir sıra hallarda kitablar adama ya eləcə mane olur, yaxud da faydasız. Bu, azadlıqda da belədir, güman ki, məhbəsdə də. Xüsusən ən ağır fərdi situasiyalarda. Xüsusi ilə düşdüyümüz vəziyyətin köklü-köməcli səbəblərini divanə kimi arayıb-axtaranda...
Oxu, mütaliə prosesi bu diqqətəlayiq prosesə özünəxas badalaq vurur.
Ömrün ən vacib, yeni və "ayrıcı” mərhələsi ilə bağlı bir çox mühüm detallar ya əldən çıxır, yaxud da qismən diqqətdən kənarda qalır, arzu edilən gedaşatı alıb, bar-bəhər vermir.
Bir çox hallarda həyat bütün çılpaqlığı ilə adama toxunmayanda, onu tam, bütöv, ən dib tərəfləri ilə təsəvvür edib dərk eləmək, başa düşmək olmur.
İnsanlar (cəmiyyət) başına gələnləri, yaxud gətirilənləri sonadak "həzm” edib, fərqində olmayanada başına gələn, yaxud gətirilənlər şüurlu dərkə, yaşantıya çevrilmir, dərin yaşantıya çevrilməyən heç nə isə səmərəli və təcrübi olmur, belədə isə başa gələnlərin, yaxud gətirilənlərin zamanla təkrarlanması, sadəcə, vaxt məsələsi olur.
Şüurlu dərkə və fərqindəliyə çevrilməyənlər isə dəyirman çarxı kimi əbədi fırlanmağa, təkrarlanmağa məhkumdur.
Azərbaycanın ən yeni tarixi bunun vizual təsdiqidir.
Bizə bu lənətə gəlmiş dəyirman daşını işləklikdən, "təkrar istehsal”dan mərhum eləmək gərəkdir.
Bütün hüceyrələrinə qədər insana, onun ən təməl ehtiyaclarına böyük nifrət və kinli ədavətin üzərində təsis olunmuş bir siyasi sistemin bədheybət anatomiyasını daha dərindən müşahidə eləmək və gələcək üçün çox qiymətli qənaətlər çıxarmaq üçün zindan və onun verdiyi zorən fürsətlər bu mənada çox faydalı, əvəzedilməzdir.
İntensiv həbsxana mütaliəsinin bu qənaətlərin orijinal və təmiz nümunələrini hər hansı formada təsirləndirmək və yaxud da bütövlükdə diqqətdən kənarda qoymaq ehtimalı var, böyükdür.
Siyasi sistemin "cinayət təqibi” anamnezi, bədbəxt etdiyi, həyatını qaraldıb, yerlə yeksan etdiyi saysız-hesabsız insanların real həyat tarixçələrindən öyrənilir.
Sizin ekzistensial təhlükələrdə özünə şahidliyiniz və sadiqliyiniz, xeyli vaxtdır məcburən eyni həyatı bölüşdüyünüz məhbus yoldaşlarınızla kliniki söhbətləriniz və gözlənilməz və ekstremal situasiyaların "bəzədiyi” mikro-mühiti iti psixi-emosional müşahidə və intellektual qiymətləndirmələriniz özünüz kimi, hələ ki çöldə qalan bizlərə də hava-su kimi lazımdır.
Mən qəsdən "azadlıqda qalan” yazmıram, bu azadlıq deyil, təbii ki, özünüz də bilirsiniz. Bu, elə əsl çöldür, çöllükdür ki, var.
Sizin çölə kitabla çıxmanız üçün içəridəki çoxlu kitablardan xilas, azad olmanız lazımdır, əziz dostlar!
Ən "gözəl” kitab belə bu işə, hələlik, passiv, amma "daxıla atılan” parlaq həyati müşahidələrinizə pəl vura bilər.
Sizlərin mötəbər, etibarlı şahid rəyləri, bizə içində hər gün əriyib yox olduğumuz və total aqibəti paylaşdığımız bu ictimai-siyasi mühitin anlaqlı olub-olmamasını müəyyən etməkdə, ona düzgün diaqnoz qoymaqda son dərəcə əhəmiyyətlidir.
Amandır, bu məcburi həyat fasiləsini, sivil girovluğu, intensiv oxuma və davamlı mütaliə ilə azacıq da olsa fötə verməyin!
Niyəsə inanıram ki, məhbus həyatını büsbütün mütaliəsiz də keçirmək olar, inanın ki, bunun bərəkəti bir başqa ola bilər!