Erkin Qədirli: siyasətimizin məğlubiyyəti

Erkin Qədirli: siyasətimizin məğlubiyyəti

18-04-2017 01:20 / Bu xəbər 4632 dəfə oxundu

                     (fraqmentar portret)

"Fotoböyütmə” Antonioninin çağdaş dünya haqda öncəgörməsidir. Rejissorun öncəgörməsi intuitiv dərkə yox, rasional düşüncəyə əsaslanır. Film görünən gerçəklik, onu kimin necə dərki (necə yozması), amma hər görüntünün gerçək olub-olmaması, onun arxasında dayanan başqa həqiqətlərin mövcudluq ehtimalı haqdadır. 

Final səhnəsində rejissor fikrini maraqlı həll ilə konkretləşdirir: mimlər tennis oyununu imitasiya edir. Seyrçi və Tomas nə tennis raketlərini, nə topu görür, hərçənd topun və zərbələrin səsini eşidir. Top kortdan kənara diyirlənəndə mimlərdən biri qəhrəmandan onu gətirməyi xahiş edir. Hamı gərginliklə Tomasa baxır, o, görüntüylə gerçəkliyin qarışdığı dünyaya daxil olacaqmı? Tomas xəfif tərəddüdlə otluğa gedir, guya topu tapır və mimlərə ötürür. Beləcə, o, təklif olunan vəziyyəti sorğulamır və mimlərin oyun qaydaları ilə razılaşır. 

Erkin Qədirli ölkədə təklif olunmuş ənənəvi siyasət, qəlib düşüncələrlə razılaşmayan, onu sorğulayan, proseslərə fərqli bucaqdan baxan siyasətçidir. O görünən kobud gerçəkliyin örtüyünü qaldıran, görünməyən alt qatları göstərən, detal-detal, təmkinlə, iti arqumentləri ilə izah edən siyasətçidir. Erkin hər şeydən əvvəl düşüncə adamıdır, yenilikçi baxışı, ideyaları, gözlənilməz yanaşmalarıyla...

"Gözlənilməz yanaşma” dedim, Erkinin rus ədəbiyyatı ilə bağlı bir təhlilini xatırladım. Bizdə çoxu klassik rus ədəbiyyatına heyranlıqdan danışanda Erkin onu başqa diskursa yönəldir, Rusiyada bədii tekstin güclənməsi nəticəsində digər tekstləri (məhkəmə, parlament, elmi  və s. tekstlər) sıxışdırmasını önə çəkir. Və bu səbəbdən Rusiyada indiyədək məhkəmənin, parlamentin, mətbuatın inkişafdan qalması ilə bağlı maraqlı mülahizə irəli sürür. 

...Mühazirələrdən birində gənc qız onun sözünü kəsərək sual verir. Həmin situasiyada sual yerində səslənmir. Hamı gülür.Təkcə Erkin gülmür. Heç nə olmamış kimi nəzakətlə sualı cavablandırır. İzlədiyim bütün mühazirələrində Erkinin davranışı dəyişmir: mədəni, təmkinli, həssas...

...Erkinin təməl təhsili ruscadır. Halbuki siyasi, hüquqi təhlilləri ilə dilimizi onun qədər funksionallaşdıran, çevikləşdirən, bu sahələrdə ona keyfiyyətli status, yeni intonasiya qazandıran ikinci adam yoxdur. O, hüquq, siyasi lüğətimizi sahmana salır, yeni, uyğun sözlərlə təravətləndirir, terminlərin dilimizə uyarlı qarşılığını gətirir, sözlərin yerini elə dəqiqliklə seçir ki, qulağa xoş gəlir. Üstəlik, sözlərin mənaları arasında sərhədləri ayırır, təhlilləri ilə təyinatlarını verir. 

Və Erkin bunu yaxşı mənada pedantçılıqla, usanmadan, sevgiylə edir.  Ona görə də onun ritorikası, dili konkretdir, analitikdir, yüklü məna daşıyır, o, əksər siyasətçilər kimi ümumi sözlər, gur fikirlər səsləndirmir, auditoriya ilə oynamır. 

...Erkinin ənənəvi siyasətçidən seçdirən həm də özünü siyasi lider statusuna qaldırmaq həvəsindən uzaqlığıdır. O, kontaktı sıravi vətəndaş statusunda qurur, "Facebook” paylaşımlarında polemikaya da, tənqidə də (söhbət şit atmacalardan yox, ağıllı tənqiddən gedir) açıqdır, üzrxahlıq etməkdən, nöqsanlarını deməkdən çəkinmir. Özü haqda qəhrəman, yenilməz, cəsarətli obrazını yaratmır. Əvəzində başqa siyasətçilərin cəsarət edə bilmədiyini edir, özünü gizli yerlərindən vurur, zəif tərəflərini arxayınlıqla dilə gətirir: "Arzularım, qorxularım var. Yanlışlarım az olmayıb. Əvvəllər (siyasi fəaliyyətimə qədər) diqqət etmədiyim, ya da anlayışla qarşıladığım şeylər mənə qıcıq verməyə başlayıb (dözümsüzlüyüm artıb). Axmaq hərəkətlərim olur (həmişə ağıllı olmaq olmur). Dostlara və yaxınlara qarşı haqsızlığım da olub. Etdiyim hər bir şey doğru olmur. Üstəlik, mənim heç zaman yanılmadığım barəsində gumanmı vardı? Səhv etməyə haqqım yoxmu? Yanılmaq çox insani keyfiyyətdir, hər bir insana xasdır. Hər zaman doğru olduğu birisi kimi görülmək, adam yerinə qoyulmamaq deməkdir”. Sitatda "adam yerinə qoyulmamaq” ifadəsi yeni mənayla yüklənir. Və səmimiyyətlə dediyi zəiflikləri, bəlkə, özü də fərqinə varmadan ona üstünlük qazandırır. Bu mənada Erkin şəffaf siyasətçidir. Yəqin ki, onun mənəvi gücü hər şeydən əvvəl şəfafflığındadır... 

...Müxtəlif vaxtlarda xaricdə təklif olunan əlverilişli təkliflərdən Erkin imtina edib. Halbuki nüfuzlu Qərb universitetlərindən birində akademik rahatlqla peşəsiylə məşğul ola bilərdi. Əsas məsələ, əlbəttə ki, imtina deyil. Vacibi nədən imtina edib, nəyi seçməkdir. Erkin burada çətin şərtlərdə qalmağı seçdi. Onun vətənpərvərliyi plakat yox, əməldir. Onu hədəfə götürənlərə, ittitham edənlərə seçimini heç bir halda minnət kimi sırımır. Çünki onun üçün doğru saydığı ideyalara sadiqlik, prinsipallıq fədakarlıq yox, normadır.  

...Erkin mühazirələrində ən mürəkkəb nəsnələri belə sadə, aydın dramaturji ardıcıllıqla, detallı, örnəklərlə şərh edir. Dekonstruksiya, müəllifin ölümü ideyası haqda mühazirəsinədək, bu mövzulardan müxtəlif mətnlər oxumuşdum. Amma məsələn, bizdə onlara Erkin qədər kimsə əhatəli, sadə izah verməyib. Hətta mübaliğəsiz filansız deyirəm ki, müəllifin ölümü ideyasına o, Rolan Bartdan daha dəqiq aydınlıq gətirir. 

Adətən, əhatəli biliyə, dərin təhlilə malik peşəkar adamlar özgüvənli olmalarından dolayı biliklərini vurğulamağa ehtiyac duymurlar. Əksinə, yeri gələndə, komplekssiz-filansiz nələrisə bilmədiklərini deyirlər. Erkin də "Özümü hamıdan ağıllı, əxlaqlı və s. saymıram (belə birisi olmadığımı bilirəm). Mən çox şeyi bilmirəm, məlumat kanallarım xeyli məhduddur” deyə bilən adamdır. Və ya bir neçə ay öncə dəvət aldığı tədbirdə moderator Erkinin gördüyü işləri sayanda bir yerdə o, sıxılır, karıxan kimi olur...

...2013-cü il ABŞ Helsinki Komissiyasının tədbirində Erkin öncə hazırladığı çıxışından vaz keçir. Situasiyanı çevik qiymətləndirərək kreativ yanaşmaya əl atır (yeri gəlmişkən, iqtisadi analizlərində kreativ yanaşmanı Natiq Cəfərli də eləyir), ölkəmizi tarixi fakt üzərindən təsirli, ləyaqətli tərənnümünün, onu bir ideya kimi təqdim eləməsinin qarşısında Səməd Seyidovun dekadent çıxışı daha da sönükləşir. Ümumiyyətlə, Erkinin tarixdən, xüsusən hüquq tarixindən bu günümüzə, gələcəyə hədəflənən analitik mətnlərindən çox faydalanıram.
...Gündəmə çevrilən mühüm hadisələrlə bağlı ən çox münasibətini gözlədiyim adamlardan biri Erkindir. Səbəb sadədir: çünki əksəriyyət kimi o, isterik, səthi tənqidlə yox, soyuq, təmkinli, geniş kontekstli təhlillə münasibət bildirir.   

...Erkinin bir qism kütlə ilə qırılma nöqtəsi harada baş verir? Məncə, daha çox - mənaların doğru oturuşmadığı cəmiyyətdə mənaların səhv anlaşılmasında. Məsələn, onun "millətçiyəm” sözü sol düşüncəli insanlarda qıcıq oyadır. Adam vətəndaş millətçiliyinə aksent edərək "millətçiyəm” deyir, etnik millətçiliyi rədd eləyir, fikirlərinə dəfələrlə ətraflı aydınlıq gətirir. Amma yenə də infantil hücumlara məruz qalır, "şovinist”, "faşist” damğası vurulur. Halbuki sadə arqumentlərlə izah verir: "Millətçilikdən fərqli olaraq, şovinizm gerilikçi ideologiyadır. Millətçilik hamını, etnik mənşəyindən asılı olmayaraq, bir dövlətin vətəndaşlığı çətiri altında birləşdirməyə iddialı olduğu halda, şovinizm tarixi kök axtarışına çıxır, etnik ayrı-seçkiliklər üzərində qurulur”. 

Homoseksualizlmlə bağlı da Erkin ölkənin reallığından çıxış edir, amma kontekstə diqqət edilməməsi, mətni bütöv görə bilməməkləri səbəbindən fikirləri homofobiya kimi yozulur.
Erkin ideya adamıdır, amma idealist yox, praktikdir.  Görünür, həmin kütləylə anlaşa bilməməsinin nədəni - onların həm də Erkindən özlərinin təsəvvürlərinə uyğun ideal siyasətçi obraz gözləntilərinin doğrulmamasına bağlıdır. 

 ...Viskonti Bavariya kralı Ludvigi "nəhəng məğlubiyyət” adlandırırdı. Erkin Qədirli ənənəvi siyasətimizdə məğlubiyyətdir: yenilikçiliyi, dürüstlüyü, səmimiyyəti, düşüncələrinin özəlliyi, şəffaflığıyla...

O, ənənəvi siyasətə adekvat olmayan davranışı ilə modern siyasətçi konsepsiyası gətirir. Sadəcə, onun tətbiqi asan başa gəlmir, bir qədər ağırılı baş verir. 

...Bilirəm ki, yazım kimlərədsə qıcıq doğuracaq. Onların arasında dəyər verdiyim dostlarım da olacaq. Fəqət, qıcığı daha da tündləşdirmək niyyəti ilə yox, tam səmimiyyətlə - yaxınlarda 45 yaşı (hərçənd, mənə elə gəlir, onun mənəvi yaşı daha çoxdur) tamamlanacaq Erkin bəyə uğurun onu tərk etməməsini arzulayıram və düşünürəm ki, məşhur şeirdən kiçik parçanı ona ithaf etməyimdən Nazim Hikmətin də ruhu şad olar: 

O mavi gözlü bir devdi... 
Ve elleri öyle büyük işler için 
   hazırlanmıştı ki devin, 
yapamazdı yapısını, 
 çalamazdı kapısını 
bahçesinde ebruli
    hanımeli 
       açan evin...

Sevda Sultanova 
 
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.