Zaqatalada 40-a yaxın şəxsin dönərdən zəhərləndiyi bildirilir

Zaqatalada 40-a yaxın şəxsin dönərdən zəhərləndiyi bildirilir

08-05-2024 17:27 / Bu xəbər 427 dəfə oxundu

Zaqatalada ötən gün dönərdən zəhərlənənlərin sayı 40-a çatıb. 

Rayon sakinləri Meydan TV-yə bildiriblər ki, zəhərlənənlər təzə dayanacaq adlanan ərazidəki dönərxandan, eyni zamanda, ucuz dönər satan bir neçə dönərxanadan dönər alıblar. 

Xəstəxanaya müraciət edənlərin hamısı toyuq dönəri ilə qidalandığından zəhərlənməyə toyuq ətinin səbəb olduğu güman edilir.

"Bir neçə gün əvvəl Oğuzdan gələn qohumum Zaqatalada dönər yeyəndən sonra vəziyyətinin pisləşdiyini dedi. Əhəmiyyət verməmişdim. Sonra qonşularım zəhərləndi”, - rayon sakini Rumiyyə Aslanova bildirib.

Sakinlərin sözlərinə görə, bu gün  bir neçə dönərxananın işi dayandırılıb. Ötən gün günün ikinci yarısından başlayaraq gecə saatlarına kimi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müxtəlif yaş qruplarına aid 40-a yaxın şəxs müraciət edib.

TƏBİB-dən bildiriblər ki, dünən saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın, 13 kişi olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub. 

Onlardan 15-i uşaqdır. Hər birinə zəruri tibbi xidmət göstərilib, 16 nəfər artıq evə buraxılıb. Digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir və gün ərzində evə buraxılmaları nəzərdə tutulur.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində qidadan zəhərlənmə faktı üzrə Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır. 

İlkin ehtimallara əsasən, rayon sakinləri quş əti tərkibli qidadan zəhərlənib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.