İkisindən biri doğru danışmır - Natiq Cəfərli

İkisindən biri doğru danışmır  - Natiq Cəfərli

15-04-2017 01:03 / Bu xəbər 3092 dəfə oxundu

Natiq Cəfərli

Prezident də, nazirlər də, deputatlar da tez-tez süni qiymət artımından danışırlar. 

Bu gün İqtisadiyyat Naziri Şahin Mustafayev açıqlama verib: "İqtisadiyyat Nazirliyi süni qiymət artımının qarşısını alacaq. Bu istiqamətdə bütün zəruri addımlar atılacaq”.

Bazar iqtisadiyyatı, rəqabət, normal iqtisadi qanunlar işləyən ölkələrdə süni qiymət artımı olmur, bu mümkün də deyil. Məsələn, mən alma satıram, öz bağımdan yığdığım almanın kilosunu istəsəm lap 100 manata satışa çıxara bilərəm. Amma kimsə məndən bunu almaz, ya da, mən insanları inandırmalıyam ki, bu "cavanlıq almasıdır”, kim yesə cavanlaşacaq. Öz bağımdan, öz ağacımdan yığdığım almanı neçəyə sata biləcəyimi nazirlik necə müəyyən edə bilər?!

Əgər süni qiymət artımı varsa bu tək bir yolla ola bilər – inhisarçılıq! Amma dünən DGK-nin sədri Aydın müəllim bəyan etdi ki, ölkədə inhisarçılıq yoxdur, İqtisadiyyat Naziri də deyir ki, süni qiymət artımı ilə mübarizə aparacağıq. İkisindən biri mütləq doğru danışmır: 

1) Süni qiymət artımı varsa, inhisarçılıq da var, 
2) İnhisarçılıq yoxdursa, süni qiymət artımı da yoxdur.

Dünyada süni qiymət anlayışı varmı? Bəli, var, amma bu qiymət artımı ilə bağlı deyil, bu dumping-lə, yəni, qiymətlərin süni aşağı salınması ilə bağlı məsələdir. Hər hansı bir şirkət bazarda daha çox pay qazanmaq üçün süni şəkildə qiymətləri salır, dumping edir, rəqabət qaydalarını pozur – məhz buna görə də cazalar alır. Sivil dünyada məsələ məhz belədir.

Süni qiymət artımı bizdə nə vaxt olub? Bəli, SSRİ vaxtı olub, piştaxta altından az tapılan malları daha baha satırdılar. İnsanlar niyə öz qiymətindən baha mala alırdılar? Çünki qıtlıq var idi, təlabat təklifdən çox idi, məhz bu zaman da bazar qaydalarına görə qiymət artırdı, sonra da şanlı "OBXSS” gəlib ticarətçilərdən öz payını alıb, gedirdi. Bizim məmurlar elə həmin "OBXSS” düşüncəlidirlər, SSRİ buralardan çıxıb, bunlar SSRİ-dən çıxa bilməyiblər.

Rəqabət varsa, süni qiymət artımı mümkün deyil, süni qiymət artımı ilə mübarizə daha çox rəqabət, daha şəffaf rəqabətli mühit deməkdir, daha gedib Əbdülhəsən kişinin dükanında "yumurtanı niyə baha satırsan”, demək deyil. Mağaza onun şəxsi mülküdür, istədiyi qiyməti qoya bilər. Sadəcə, Əbdülhəsən kişi anlasa ki, baha satsa müştəri qaçacaq, gedib Həsənqulu dayıdan alacaq, bu zaman qiyməti artırmayacaq.

Hörmətli qalstuklu müəllimlər, bu da sizə növbəti pulsuz iqtisadiyyat dərsi, bu dəfə dərsinizi yaxşı öyrənin, yoxsa kəsilə-kəsilə, ildən-ilə sinifdə qalaraq hələ də 80-ci illərdən çıxa bilmirsiniz...

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.