"Üç balamdan heç birinin əli əlimdə deyil" - Günel Mövludun anası
18-12-2015 01:22 / Bu xəbər 3249 dəfə oxundu
Günel Mövludun anası: "Oğlanlarımın vaxtı vardı Günelin yazdıqlarını oxusunlar?!”
O mənim yaxın rəfiqəmin – publisist, jurnalist, şairə Günel Mövludun anasıdı. Mənim Şövkət xalam. Onunla nə vaxt tanış olduğumu unutmuşam. Amma qollarını açıb məni bağrına basmağı, "sən də mənim qızım” deməyi xatirimdədi.
Şövkət xala toppuş, yupyumşaq bir qadındı. Biz tərəflərdə deyildiyi kimi ağırtaxta. Və bütün ağırlığına rəğmən quş kimi yüngül. Bircə saatın içində otursun 50-100 yuxa yaysın, sac açsın, qutab bişirsin. Yəqin, onun həyat eşqi fışqıran çevik hərəkətlərinə, həmişə gülən üzünə, rəngbərəng paltarlarına, zərli yaylıqlarına baxan, duzlu zarafatlarını eşidən heç kimin ağlına gəlməz ki, Şövkət xalanın gəncliyi yollarda, bir yerdən başqa yerə köçməklə keçib, müharibə görüb, qaçqınlıq görüb, ilan mələyən çöllərdə pambıq yığıb, kürəyində təzək daşıyıb, yüksək təzyiqdən, şəkərdən əziyyət çəkir, azacıq həyacanlanan kimi şəkəri 400-ə, təzyiqi 200-ə qalxır.
"Bir də uşağımızı görə bilmərik deyə qorxduq”
Şövkət xala çoban ailəsində böyüyüb. Bacılı-qardaşlı on uşaq olublar. Çoban atası uşaqlarından bəzilərini birtəhər oxudub- "yüngülvari”. Amma qəhrəmanım təhsil almaq istəməyib. Çünki sevdiyi oğlan özü ali savadlı adam olsa da, ona şərt qoyub: "Oxusan, səni almayacam”. O da oxumayıb. 19 yaşında ərə gedib. Dünyaya iki oğlan, bir qız gətirib. Deyir: "Adamın üstündə allah var, pis yaşamırdıq. Hətta xaric də görmüşəm. Rusiyanın Amur vilayətində yaşamışam. Elə 20 yanvar xəbərini də orda aldıq. (Sovet qoşunlarının 19-20 yanvar 1990-cı ildə Bakıda törətdiyi qırğını nəzərdə tutur). Ruslar deyirdilər ki, araya sərhəd qoyulacaq. O taydakılar orda qalacaq, bu taydakılar burda. Böyük oğlum Raci Azərbaycanda qalmışdı. Axırıncı dəfə qohumları görməyə gedəndə babası onu yanında saxlamışdı ki, oğlan burda qalsın, yoxsa siz qayıtmayacaqsız. Elə ona görə qayıtmalı olduq. Bir də uşağımızı görə bilmərik deyə qorxduq”.
Şövkət xalagil vətənlərinə - Azərbaycanın Cəbrayıl rayonuna qayıdanda Ermənistan-Azərbaycan müharibəsi başlayıbmış, atışma səsləri hər gün bir az da onların kəndlərinə yaxınlaşırmış. Və günlərin bir günü iki balaca oğlunun əlindən yapışıb təzəcə isinişdikləri evlərini tərk eləməli olub:
"Kişi benzinin tamahına bizi apardı Göbəktala kəndinə”
"Qaranlıq idi. Qəflətən atışma düşdü, yer-göy birləşdi. Kişi də işdə-gücdə. Kiminsə malı qızdırmışdı, deyəsən. Ona baxmağa getmişdi. Baytardı, axı. Bir əlimlə Racini tutdum, bir əlimlə Vəkili. Yapışdım Raciylə Vəkildən, düşdüm yola, qaçdım. Yolda bir qohumun maşını götürdü bizi. Getdik, Horadizdə girdi "kolonun” içinə. Dedilər, Bakı icazə vermir maşınların İran tərəfə addamağına. Birdən-birə bomba maşınlardan birinin üstünə düşdü, maşın alışdı. Bizə dedilər ki, düşün qaçın. Qonşunun iki uşağı da böyrümdəydi. Dörd uşaqla yüyürdüm İran tərəfə. Arazdan keçirdik. Özümünkülərin hərəsinin bir əlindən tutmuşdum, qonşunun uşaqları da xalatımın toqqasından yapışmışdılar. Tapşırmışdım ki, buraxmayın məni. Buraxsanız, azacaqsız. O qədər insan vardı ki.. İnsan əlindən, maşın əlindən tərpənmək olmurdu. Qoca bir arvad hinduşka aparırdı. Necə qaçırdımsa, hinduşkanı ayaqlaya-ayaqlaya keçdim. O da arxadan "bala, səni erməninin gülləsinə tuş gələsən” - deyə qarğış elədi. Elə qaça-qaça dedim ki, camaat balasını qoyub qaçır, sən bu hinduşkanı hara aparırsan?! Nə isə, Arazı addadıq İran tərəfə. Mənim əynimdə bircə xələt, uşaqların əynində bircə köynək. Biri ayaqqabısını salıb itirmişdi, o birinin bir ayağında ayaqqabı vardı. Gecəni səhərə qədər orda soyuqdan əsmişik. Səhər dan üzü İmişliyə gedən bir maşın tapdıq. Gətirdilər bizi qoydular İmişlinin dəmiryolu vağzalına. Hara gedim, necə eləyim? Mən o vaxta qədər İmişlini görməmişdim. Nə İmişlini, nə Saatlını, nə Sabirabadı. Gördüm, bizi gətirən maşın getmək istəyir. Yaxınlaşıb yalvardım ki, qardaş, bizi apar Göbəktala kəndinə, uşaqların kirvəsi orda yaşayır. O vaxtlar benzin qıtlığıydı. Sürücü qayıtdı ki, orda bizə benzin verərlər, verməzlər? Dedim, uşaqların kirvəsi kolxoz sədridi, bəlkə də tapar. Nə isə, bu kişi benzinin tamahına bizi apardı Göbəktala kəndinə. Orda kirvəmizə başımıza gələnləri danışdım. O da sürücüyə benzin verib yola saldı. Ondan sonra başladıq o rayondan bu rayona, bu rayondan o rayona köçməyə. Siftə İsmayıllıya getdik. Sonra Beyləqana. Beyləqanın ilanmələyən sahələrində günün altında qalırdıq. Ordan Sabirabada köçdük. Çadırdan ev qurdular bizə. Kombayn zəmini biçəndən sonra Güneli, Vəkili, Racini də götürürdüm, gedib sahədən sünbül yığırdıq. Gətirib döyüb sovururdum, aparıb üyüdürdüm, çörək bişirirdim. Çörək tapmayanda vermişel süzürdüm ki, həm çörək olsun, həm yemək. Sabirabadın əlli dərəcə istisində pambıq yığırdım, bir kilosuna on qəpik verirdilər. Qozaları açıb içindəki pambığı çıxardırdıq ki, bir az çox olsun. Onun da pulunu vaxtında vermirdilər. Beş il çay qaynatmağa çaydanım olmayıb. Qazanda suyu qaynatmışam, stəkanda dəmləmişəm. Yanacaq olmurdu, gedirdik üç-dörd kilometr uzaqda olan fermada çuvala təzək yığırdıq, kürəyimizə şəlləyib, gətirib çörək bişirirdik. Sonra Saatlının Hacıqasımlı kəndinə köçdük. Kənd camaatı təmənnasız bizə dörd otaqlı ev, 20-30 sotluq həyətyanı sahə vermişdi. Nə yaxşı günlərim vardısa, o kənddə oldu”.
Amma orda da çox qalmayıblar Şövkət xalagil. Bir neçə il əvvəl hökumət Biləsuvar rayonu ərazisində qaçqınlar üçün xüsusi qəsəbələr salıb və onları ora köçürüb. Dediyinə görə, vəziyyətlərindən razı imişlər. Əri Vəzir kişi laborant işləyirmiş, ayda 200-300 manat maaş alırmış. Kiçik oğlu Vəkili də "Azərsun” şirkətində işə düzəldiblərmiş. Oğlunun, ərinin maaşı, həyətlərində yetişdirdikləri meyvə-tərəvəz, hökumətin verdiyi yardım sayəsində normal dolanırlarmış. Sonra birdən...
"Günel mənə deməyə qorxurmuş”
... Şövkət xalaya baxıram. Sumqayıtda, böyük oğlu Racinin evində görüşdüyümüz andan oturub stolun bir küncündə. Hardasa saat yarımdı tərpənməyib yerindən. Bir əli üzündə, bir əli süfrəni sığallayır. Gözləri dolur-boşalır. Üzündə çaşqın ifadə. Elə bil heç vaxt gülməyib, təbəssümün nə olduğundan xəbərsizdi...
- Sonra nə oldu, Şövkət xala?
- Bir neçə ay əvvəl əməliyyat olunmuşdum. İndi də yoxlama üçün həkimə getmişdim. Orda eşitdim ki, oğullarımın ikisini də tutublar. Günel mənə deməyə qorxurmuş. Necə qorxmasın, 220 təzyiqlə gəzirəm. Narkotik çıxıb üstlərindən.
- Nə vaxtsa əllərində, ya da ciblərində görməmişdin?
- Yox e. Heç nə. Allah haqqı, heç nə! Mənim balalarım elə şeylə məşğul olmurlar. Narkotik nədi, marixuana nədi? Mən onların adını indi eşidirəm. Televizorda birdən görürdüm, nifrət eləyirdim o uşaqlara ki, insan da sağlamlığına zərbə vurarmı, özünü zəhərləyərmi? Mənimkilər səhər işə gedirdilər, axşam da qayıdıb gəlirdilər. Yorğunluqdan heç Allahın televizoruna da baxa bilmirdilər. Yeməklərini yeyib, başlarını qoyurdular yastığa. Savadsız uşaqlardılar. Qaçqınlıq idi, onlara kitab-dəftər ala bilməmişəm. Qələmləri, dəftərləri olmayıb məktəbə gedələr. Gediblər, boş-boşuna qayıdıb gəliblər. Dünyanın gələnindən, gedənindən xəbərləri yox idi. Heç nəyindən. Heç nəyindən! Allaha şükür eləyirdilər ki, o biri dövlətlərə baxanda bizim dövlət yaxşıdı, dinclikdi. Hamımız şükür eləyirdik.
"Racinin narkotiklə nə işi olar?!”
Şövkət xalanın böyük gəlini, Racinin həyat yoldaşı Gülsu:
Raci əvvəllər Bakıda gözətçi işləyirdi. İxtisara düşdü. İndi də fəhləlik eləyirdi. Sumqayıt stansiyasında hasar tikirdilər. Dayımla bir yerdə işləyirdi. Həbs olunduğu gün üstündə olan əşyalarını veriblər. Hamısı palçıqlı fəhlə paltarıdı. Hələ də yumamışam, əlimə götürəndə ağlamaq tutur.
Vəkil də "Azərsun”da adi fəhlə işləyirdi. Ora da elə yerdi ki, qızım, qapıdan girəndə də təpədən-dırnağa yoxlayırlar, çıxanda da, - deyə Şövkət xala sözə qarışır.
- Bəs onda necə oldu ki, onları tutdular?
Gülsu: Nə bilim. Biz də çaşıb qalmışıq. Həmin axşam Raci zəng elədi. Yəni onun nömrəsindən zəng gəldi. Açdım, dedilər, polisdəndi, yoldaşınız həbs olunub, şəxsiyyət vəsiqəsini gətirməlisiz üç saylı polis bölməsinə. Vəssalam. Təzədən geri zəng vurdum, niyə tutulduğunu soruşdum. O başda danışan adam "narkotik üstündə” - dedi. Telefonda çaş-baş qaldım ki, axı, Racinin narkotiklə nə işi olar?! Cavab vermədilər.
"Biz Güneldən imtina etmişik”
Şövkət xalanın yenə gözləri dolur:
Mənim balalarımın narkotiklə-filan işi olmaz. Biz güman eləyirik ki, qıza görə tutublar onları. Günelə görə.
- Sizə elə dedilər?
- Yox, deyirlər, qız özü internetdə yazıb ki, qardaşlarımı mənə görə tutublar, atamı da işdən çıxardıblar.
- Yəqin ki, sonra Raci ilə görüşmüsüz. Özü nə deyir bu barədə?
Gülsu: Dedi ki, əllərini boynunun arxasına apara-apara "Bu ölkənin yiyəsi sizsiz?!” - deyiblər, sonra da cibindən narkotik çıxıb, mindiriblər maşına. Mən hər yerə müraciət eləmişəm. Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa.
- Nə yazmışdız müraciətdə?
- Yazmışdım ki, ikisi də eyni gündə, eyni vaxtda həbs edilib. Onların indiyə kimi heç bir siyasi fəaliyyətləri olmayıb. Sadə, fəhlə insanlardılar. Birinin iki, o birinin üç azyaşlı uşağı var. Belə şeylər yazmışdıq. Başqa heç nə.
- Cavab verdilər?
Gülsu: Daxili İşlər Nazirliyindən bir qız zəng vurdu. Çoxlu sual verdi. Niyə həbs olunub, hansı maddə ilə? Tutan polisin, bir də müstəntiqin adını soruşdu. Polisin adını bilmirdim, müstəntiqi dedim. Amma Baş Prokurorluğa ikisini də dedim. Baş Prokurorluqdan dedilər ki, siz bunu şikayət formasında yazmalısız, hər şeyi də açıq-aydın göstərməlisiz. Onda dedim ki, Racinin bacısının Meydan.TV-dəki fəaliyyəti ilə əlaqədardı. Ancaq bizim onunla heç bir əlaqəmiz yoxdu, hətta ondan imtina da eləmişik. Cavabında soruşdular ki, imtinanı rəsmi şəkildə eləmisiz? Dedim ki, mən bilmirəm, rəsmi şəkildə necə olur. Sadəcə imtina eləmişik. Zəng eləyən dedi ki, o sayılmır.
Şövkət xala: Mən nə bilim, ay qızım, imtina eləmək necə olur? Fəhlə babayam mən. BBС radiosundan zəng vurmuşdular, biz də dedik ki, imtina eləyirik. Kişi də dedi, mən də qoşuluram arvada, o qızdan imtina eləyirik. Bundan artıq nə deyək? 34 yaşı var. Evi ayrı, işi-gücü ayrı, yaşadığı yer ayrı, həyat tərzi ayrı. Mən ona nə deyim, axı?! Heç nə deyə bilmirəm! 16 yaşı yoxdu ki, ağzının üstünə silləni çəkim, bağlayam evə.
"Gədələrim oldu savadsız, o getdi, girdi məktəbə”
- Şövkət xala, necə oldu ki, oğlanlar yox, Günel oxudu? Sənin oxumağına icazə verməyən Vəzir əmi ona necə icazə verdi?
- Nə bilim eee! Bir az Bakıda qalanda oxudu. Bəlkə yeddi-səkkiz məktəb dəyişib Günel. Ondan kitab alırdı, bundan kitab alırdı. Aldı, oxudu. Kaş, heç oxumayaydı. Özü də kişi Moskvada idi, Güneli mən aparmışam imtahana. Qıçım qırılsın, belə bilsəm, aparmazdım. Gədələrim oldu savadsız, o getdi, girdi məktəbə. Onların heç vaxtı olmur ki, bacılarının yazdıqlarını oxusunlar. Vallah, qonum-qonşu, qohum-əqraba deyəndə ki, Günel filan söz yazıb, hirslənirdilər, dəli olurdular. Racinin heç kompüteri yoxdu. Telefonda baxa bilirdisə, baxırdı, yoxsa yox. Onun vaxtı varıydı Güneli yazılarını oxumağa?! Lap xəbəri olsaydı belə, neynəyə bilərdi, axı? Gedib onu öldürərdi, lap çox iş verərdilər ki, adam öldürmüsən, bu adam bizim ölkənin vətəndaşıdı, onu niyə öldürmüsən? Bəs biz neynəyək, necə eləyək?
O birinin evində üç oğlan böyüyür. Vəkilin balaları. Gələcəyin üç əsgəridi. Onları indi kim saxlasın? Qardaşın qanını qardaşdan almazlar! Hər kəs öz günahına görə cəzalandırılmalıdı. Biz savadsız adamıq. Nə bilək, o nə yazır, nə pozur? Savadsız deyəndə ki, mən indiki hərfi öyrənməmişəm. O biri hərflə oxumuşam. İndi də 56 yaşım var. Bəlkə nəvələrim məktəbə gedəndə onlarla bir yerdə... Gedə bilsələr... Mən elə bilirəm, dədələri kimi onlar da savadsız olacaqlar. Onlara da məktəbə getmək üçün gərək kitab alasan, dəftər alasan. Mən şəkərəm, babaları xərçəng xəstəsidi, özü də işləmir. Yeməklərini güclə çatdırırıq, kitab-dəftəri nə ilə alacağıq? İki uşaq burda, üçü Biləsuvarda. Vəkilin balacası dörd aylıqdı. Hərdən götürüb dabanına döyürəm ki, dabanın tökülsün sənin, dabanın atana düşmədi. Nəvələrim dəli olurlar. Körpə uşaqlar hirslənirlər, kişini, məni daşlayırlar ki, atam hanı? Racinin qızı gedir ordan-burdan atasının şəklini tapır gətirir: "Ay nənə, bu atamdı”, "Ay nənə, bu de, atamla burda durmuşuq”. Oturduğum yerdə şəkərim qalxır. Vəkilin uşaqlarının əlinə bir kökə verirsən, konfet verirsən, deyir, yox, qoy, atam gəlsin, sonra yeyərik. Gündə neçə dəfə soruşurlar.
Gülsu: Uşaqlara demişik ki, atanız başqa şəhərə işləməyə gedib.
O gün görürəm, Sürəyya Vəzirə deyir ki, yalan deyirlər, işləməyə getməyiblər, atamız türmədədi.
- Gülsu, sən ixtisasca müəlliməsən. Niyə işləmirsən? Uşaqlara görə?
- Yox, işə götürmək üçün pul istədilər, pulumuz olmadı. İndi də işləmək üçün bir il təkmilləşmə kursu keçməliyəm. Mən köhnə tədris metodunu öyrənmişəm, məktəblərdə isə təzə metod tətbiq olunur. Balaca uşaqlarla çətindi. Sürəyya məktəbə getməlidi gələn il. Nitqində problem var. Deyirlər ki, loqopedə aparıb nitqini düzəltməsən, məktəbə götürməyəcəklər. Loqopedin də bir seansı 15 manatdı. 20 seansı 250 manat eləyir. Hardan tapacam, bilmirəm. Mən işləmirəm, iki körpəm var. O biri gəlin də işləmir. Üç uşaq da onundu. İkimiz də evdarıq. Yoldaşlarımızı tutublar, qaynanam şəkərdi, qaynatam da xərçəng xəstəsi, üstəlik işdən də çıxardıblar. Racigilin müstəntiqləri Sosial Müdafiə Fonduna müraciət eləməyi məsləhət görürlər.
Şövkət xala: Eehh! Kaş, təkcə soğan əzim, yeyim, amma balalarımın əli əlimdə olsun. Üç balamdan heç birinin əli əlimdə deyil. Bu gün birimiz yıxılıb ölsək, aparıb basdıranımız olmayacaq. Olacaq ee! Qohum-əqraba. Bir balamız yanımızda yoxdu ki, gözümüzə torpaq atsın. Mənim zülmlə saxladığım balalarımı indi alıb salıblar içəri.
Birdən–birə qaynana-gəlin sanki mənim varlığımı unudurlar. Baxışlarıyla, sözləriylə bir-birində çarə, cavab axtaran iki insan arasında, kim bilir, gündə neçə dəfə təkrarlanan dialoq başlayır:
Gülsu: Heç olmasa, bir il versəydilər...
Şövkət xala: Müstəntiq dedi ki, bir il, il yarım verəcəklər.
Gülsu: Deyiblər ki, ondan artıq verməyəcəklər. Burdakı müstəntiq də belə dedi. Deyirəm, heç olmasa, bir il verilsə, yaxşıdı. İki ayı gedib.
Şövkət xala: Hə, deyirlər, elə tutulan gündən hesablanır.
Gülsu: Nə qaldı ki?! Dekabrın 13-ü iki ay olacaq.
Şövkət: Deyirəm, ay Aygün, bəlkə də iş-filan kəsməzlər, eləcə buraxarlar. Hə?
Başımı aşağı salıb dırnağımla masanı didikləyə-didikləyə onları dinləyən mən adımı eşidəndə diksindim:
Aygün Aslanlı
meydan.tv